Kərəmin oduna təkcə yol polisləri yanmadı…

xaqaniquzeyli@gmail.com

Rəsmi statiskaya inansaq, Azərbaycanda “trafik canavarı” hər il orta hesabla 1200-1500 can alır, 2000-dən çox vətəndaş isə yarımcan olur. Bu kiçik bir ölkə üçün doğrudan da qorxunc rəqəmlərdir. Bu sahədəki vəziyyətin sağlam analizinin bir adı var – tragikomediya!
Hər birinizin bu haqda geniş təsəvvürə malik olduğuna əminəm, ona görə də səbəbləri üzərində geniş dayanmayacam. Çalışacağam ki, məsələyə bir az fərqli, yuxarıda qeyd etdiyim kimi, tragikomik aspektlərdən yanaşım.
Bəlkə də sizə qəribə gələcək, amma bir çoxlarının əsas arqumenti – yol polislərinin aşırı dərəcədə rüşvətə meylli olması mənim üçün keçərli deyil. Əksinə, o fikirdəyəm ki, bu rüşvət olayı qəzaların azalmasına bir tərəfdən öz müsbət təsirini göstərir. Bir daha nəzərinizə çatdırıram ki, bu sahədə vəziyyət tragikomik olduğundan, sağlam, yəni hər kəsin anlaya biləcəyi ümumbəşəri fikirlər əksəriyyətin süzgəcindən keçməyə bilər. Odur ki, mən iqtidarın xislətinin imkan verdiyi sərhədlər daxilində bu bəladan çıxış yolları haqda düşüncələrimi sizinlə paylaşmağa çalışacam.
Təsəvvür edin ki, yağış yağır və siz daldalanmaq əvəzinə yağışın kəsməsini gözləyirsiz. Yanlış qərardır, deyilmi? Nə isə, gələk mətləbə…
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla Şamaxı yol polislərinin əhvalatını yəqin ki, bir çoxlarınız bilir. Bu insidentdən sonra Daxili işlər naziri Ramil Usubovun göstərişilə rəis başda olmaqla, bir neçə yol polisi, obrazlı desək, Kərəmin oduna yandı. Yanan təkcə onlar olmadı. Bundan ən çox əziyyət çəkənlər avtomobil sahibi olan sadə vətəndaş və piyadalar olacaq. Əminliklə demək olar ki, nazirin bu qərarından sonra yol polislərində bahalı maşın və onların sahibləri olan məmurlara qarşı kompleks qaçılmaz olacaq. Hətta günah yol polislərində olsa belə, məsələni bu qədər hay-küylə, operativ şəkildə “yoluna qoymaq” lazım deyildi. Heç kim Aydan gəlməyib və əminəm ki, bizim yol polisi ilə məsələn, Gürcüstan yol polisinin fərqini, iş prinsiplərini Ramil Usubov qədər gözəl bilən ikinci şəxs tapmaq çətindir. Azərbaycanda hər yolun öz “haqqı” olduğunu bilməyən yoxdur. Bu səbəbdən yol polisinin qaydaları pozan bahalı maşın sahibinə olan münasibəti də “başadüşülən” olmalıdır. Oxşar “iş prinsipləri” ilə pul qazanan başqa sahənin məmuru da yol polisini anlamalıdır. Götürək elə bu insidenti…   
Kərəm Həsənov balaca adam deyil. Əgər sən pulunu verib daşınmaz əmlak almısansa, bu hələ o demək deyil ki, bu sənindir. Ona Kərəm Həsənovun idarəsi qərar verir. Daha doğrusu, verə də bilər, verməyə də bilər. Daşdan keçən bütün sənədlərin olsa belə, son sözü məhz onun başçılıq etdiyi idarə deyir. Sadəcə, bir misal gətirim. Bir yaxınım illər öncə aldığı torpaq sahəsini satmaq istəyərkən məlum oldu ki, bura onun deyil, fəaliyyətini 1990-cı ildə dayandırmış Ittifaq (keçmiş SSRI) əhəmiyyətli, toyuqçuluğun inkişafı ilə məşğul olan bir elmi müəssisənin imiş. Sovetin xəritəsini qoyublar qarşısına, adam heç “mıqq” da eləyə bilməyib. Dediyinə görə, idarədən çıxanda özünü sözün əsl mənasında bir “toyuq-cücə qatili” kimi hiss edirmiş…
“Novostroyka”da mənzil sahibi olub, “kupça” alan istənilən şəxsi dindirin, bunun neçəyə başa gəldiyini yana-yana sizə anladacaq. Oxşar misallarla sizi yormaq fikrim yoxdur, demək istədiyim odur ki, Kərəm Həsənov, hər axşam komandirinə “hesabat” verməyə məhkum olan yol polisinə qarşı bu qədər aqressiv olmamalı idi.
Yol qəzasında həlak olanların hər kəsimdən, eləcə də uşaq, qadın, qocalar olması ürək ağrıdır. Təsəvvür edirsinizmi, hər il Xocalı üçün ağlayırıq və ən dəhşətlisi budur ki, bir neçə məmurun tamahı üzündən əlavə olaraq ildə iki Xocalı faciəsi də yaşayırıq.
Yeraltı və yerüstü keçidlərin ətrafında “pusqu” qurmuş polisləri yəqin ki, hamınız görmüsünüz. Onlar piyadanın yolu yanlış keçməsini sakitcə izləyir və yalnız bundan sonra ona yaxınlaşıb cəza kəsirlər. Halbuki, söhbət insan həyatından gedir və vətəndaşı əngəlləyib, onun keçməsinə mane olmaq daha doğru, humanist addım olardı.
Lakin nədənsə, həmişə tərcih insan həyatından yox, sağ qalacağı təqdirdə ödəyəcəyi 20 manatdan yana olur…