Korrupsionerlərin nəfslə mübarizəsi

“Nəfslə mübarizə aparmaq yaxşıdır, amma aclıqla da mübarizə aparmaq lazımdır”. Bu sözləri atamdan eşitmişəm. Bir yazarın öz atasından sitat gətirməsi doğru deyil, buna görə oxuculardan üzr istəyirəm, amma ürəyimə yatan o sözdən keçə bilmədim. Əslində, o söz həyatın və tarixin acı təcrübəsindən dilə gəlmişdi. Atam oruc tutardı, amma onun yanında nəfslə mübarizəni hər kəlmədə dilə gətirənlərə deyərdi: aclıq, kasıblıq da aradan qalxmalıdır ki, kimsə kiminsə köməyinə ehtiyac duymadan yaşaya bilsin. O, Ikinci Dünya müharibəsinin gətirdiyi səfaləti nəql edəndə boğazımızdan çörək getmirdi. Elə dəhşətlərdən bəhs edərdi ki… Sonrakı dövrlərdə də camaatın güzəranının yaxşı olmamasından həmişə söylənərdi.
Hələ sovet dövründə bir dəfə univermağa “Texas” cinsləri gəlmişdi, qiyməti 105 rubl idi. Kimsə birini almışdı, amma qalanı aylarla orada dururdu, baha olduğuna görə heç kim almırdı. Atam baxışlarımdan nə isə sezdi və çıxarıb pul verdi ki, alım və geyinim: “Bu pambığı amerikalı geyirsə, məntiqlə, sovet adamı da geyə bilməlidir”. O zaman Sovetlərdə cins əvəzinə parusin parça at oynadırdı və təbii ki, müqayisədə çox geridə qalırdı.
Sovetlərin də taleyi göstərdi ki, aclığın, səfalətin səbəbləri ictimaidir. Azad, rəqabət bərabərliyi olan iqtisadi sistem qurmalısan ki, ən optimal rifah cəmiyyəti yarada biləsən. Elə bir cəmiyyət qurmalısan ki, 5-i oğurlayıb, 95-i nəfsinə dirənib göynəməsin. Bunun da yolu insan haqlarının qorunduğu, şəffaf və demokratik idarəçiliyi olan, azad seçkilərin keçirildiyi, korrupsiyanın kökünün kəsildiyi cəmiyyəti qurmaqdan keçir. Demokratik ölkələrin təcrübəsi də sübut etdi ki, insan və toplum başqa halda dayanıqlı, güvənli inkişafa sahib olmur.
TV-lərimizi işğal edən ailə şoularında kişiləri divara dirəyənləri görmüsünüz. “Kişi deyilsən? Ailəni niyə dolandırmırsan?” deyə kişilikdən dəm vuranları çox dinləmisiniz. Bu qınaqları hər yanda eşitmək olur. Anormal bir toplumda kişinin ailə saxlaması asanmı? Kişi olmaq, mərd olmaq bəs edirmi? Bəlkə əksinə, daha böyük əngəllərə tuş edir səni?
Bir ölkənin dərdləri ictimai olur və kökündən həll edilməlidir ki, ailənin qarnını doyurmaq qəhrəmanlıq sayılmasın. Elə talesizliklər var ki, bütün ölkələrdə insana tuş gələ bilir – xəstəlik, ayrılıq, qəza və s. Amma minimum həyat tələbləri ilə üz-üzə qalmaq indiki çağın utanc yeridir. Indiki çağda bir xalq həkim dalınca Iran yollarında sərgərdan olmalı deyil. Bir toplumun bu çağda içməli su problemi həll olunmayıb. Hələ milyardların su layihələrinə xərcləndiyini demirik…
Hətta normal məktəb tapmaq asan deyilsə, insanlar kredit borcuna görə intihar edirsə, nəfslə mübarizədən danışanda həmişə aclığın, kasıblığın, səfalətin, normal səhiyyə və təhsil sisteminin yaranmasının qabağını alan idarəçiliyin ali hədəfi olan korrupsiya ilə mübarizənin vacibliyini də yada salmaq gərəkdir.
Nəfslə mübarizənin faydasını kim önə çıxarmaq istəyirsə, o zaman onları qarşı-qarşı qoymadan da müqayisə etmək mümkündür. Yəni korrupsiyanın yox edilməsinin nəfslə ən geniş mübarizə olduğunu iddia etmək olar.
Korrupsiya bizim ölkəni içindən yeyir, xarici düşməndən az amansız deyil, bizi xarici düşmənin qarşısında da zəif duruma salır. Korrupsiya Azərbaycanın talanı deyil təkcə, ədalətsizlik, əxlaqsızlıq, hətta ölüm gətirir. Korrupsionerlər isə sadəcə insanlara qoşulub nəfslə mübarizə aparırlar. Əcəb mübarizədir! Yaltaqlar isə dövlətçiliyin vacibliyindən dəm vurub, oğurluğa haqq qazandırmağı mübarizəyə çeviriblər…