Hakimiyyətin Abbas Abbasov dərdi

 

Rusiyadakı səfirin müavinindən Abbas Abbasovun ünvanına ağlasığmaz ittihamlar
 

Baş nazirin keçmiş müavini ermənilərlə işbirliyində ittiham olundu
 
Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov baş nazirin keçmiş müavini, hazırda Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədri olan Abbas Abbasovu ittiham edib. O, "vesti.az"a müsahibəsində iddia edib ki, Abbas Abbasov Rusiyadakı azərbaycanlılar tərəfindən qəbul olunmur. Qüdsi Osmanov həmçinin Abbas Abbasovu Rusiyanın hakim dairələrini aldatmaqda günahlandırıb.
 
"Hələ iyulun əvvəlində Rusiyanın 20-dən artıq regional diaspor rəhbərləri Moskvada toplandı. Onlar məni də bu görüşə dəvət etdilər. Azərbaycan icmasının daxilində olan narahatlıqlarını dilə gətirib, Abbas Abbasovdan tələb etdilər ki, diaspora arenasını tərk etsin və "Azerros"u geri, icmaya qaytarsın. Bundan əlavə, səfirliyə, mənim adıma yüzlərlə məktub gəlirdi. Azərbaycan diasporunun fəalları "Azerros"da yaranan vəziyyətlə bağlı kömək istəyirdilər. Abbasov isə öz növbəsində onları və Rusiya hakim dairələrini inandırmağa çalışırdı ki, guya onu Azərbaycanda dəstəkləyirlər, Rusiyadakı azərbaycanlılar da onun arxasındadır. Amma Rusiyadakı azərbaycanlılar fərqli mövqe nümayiş etdirdilər. Onlar Abbasovu Rusiyadakı azərbaycanlıların diasporunun düşməni, diasporda baş verən gərginliyin səbəbkarı kimi qəbul etdilər", – deyə diplomat bildirib.
 
Qüdsü Osmanov Abbas Abbasovu həm də Rusiyadakı azərbaycanlı iş adamlarına əngəl yaratmaqda ittiham edib. İddia edib ki, Abbasov "Azerros"dan şəxsi məqsədləri üçün istifadə edir və bu ona daha çox özünü azərbaycanlıların lideri kimi təqdim etmək üçün lazımdır:
 
"O, "Azerros"dan bir alət kimi istifadə edərək, özünü Rusiyadakı azərbaycanlıların lideri kimi tanıdırdı. Məqsəd isə aydındır: Rusiya hakim dairələrinə yaxın olmaq istəyi. Əslində isə o, Rusiyada olan azərbaycanlı iş adamlarına gizlicə problemlər yaradır, sonra öz təmsilçiləri vasitəsilə həmin problemi həll edir, bununla da onları özündən asılı vəziyyətə salırdı".
 
Səfir müavini bir qədər irəli gedərək, Abbas Abbasovu ermənilərlə iş birliyində də ittiham edib:
 
"Bəli, mən bunu deyirəm, çünki faktlarım var. Rusiyada erməni lobbisi güclüdür. Və onlar Rusiya-Azərbaycan dostluq münasibətlərinin, azərbaycanlıların diasporunun inkişafında maraqlı deyillər. Aydın məsələdir ki, onlar Azərbaycanın bütün uğurlarına qısqanclıqla yanaşırlar. Abbasovun onlarla razılaşması var ki, əgər Azərbaycanda hakimiyyətə gəlsə, onların maraqlarının qorunmasında müəyyən güzəştlər edəcək. Onun bir çox ölkələrin erməni diasporu liderləri ilə görüşməsi, Fransada, danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsində güzəştlərə hazır olacağı barədə razılıq əldə edib".
 
Bundan əlavə, Osmanov Abbas Abbasovu Azərbaycan müxalifətinin Moskvada və Avropada məskunlaşan nümayəndələrilə də işbirliyində ittiham edib:
 
"Moskvada Amerika və Avropada məskunlaşmış Azərbaycan müxalifətinin radikal nümayəndələrilə görüşləri barədə də bizə məlumatlar daxil olub. Bu görüşlərdə onların əsas niyyəti Azərbaycanda sabitliyi pozmaqdır. Belə iclaslardan biri keçən il Moskvada baş tutub. İndi o, hər yerdə ümummilli lider Heydər Əliyevə və prezident İlham Əliyevə sədaqətindən dəm vurur. Amma o, bundan əvvəl də Vəzirova, Mütəllibova və Elçibəyə sadiqlik andı içib. Bütün bunlar özlüyündə bu insanın şəxsiyyəti barədə çox söz deyir".
 
***
 
Qüdsi Osmanovun bu ittihamları Azərbaycan hakimiyyətinin Abbas Abbasov qorxusunun təzahürü hesab oluna bilər. Hələ Milyarderlər İttifaqı yaranarkən Abbas Abbasov hakimiyyətin hədəfinə gəlmişdi. İqtidar hesab edirdi ki, Milyarderlər İttifaqı Kremlin ona qarşı hesablanmış layihəsidir. Abbas Abbasovun bu layihədə yer alması onun Azərbaycan hakimiyyətinə xəyanəti kimi qiymətləndirilirdi. Abbas Abbasovun Milyarderlər İttifaqını buraxmasına və bununla da faktiki olaraq iqtidarın çəkindiyi layihənin qapanmasına baxmayaraq, hakimiyyət hələ də hansısa səbəblərdən baş nazirin keçmiş müavinini təhlükə sayır. Halbuki, Milyarderlər İttifaqı buraxılandan sonra Abbas Abbasova hücumların dayanacağı ehtimal olunurdu. Amma belə görünür ki, Abbas Abbasova qarşı hücumlar geridönməz xarakter alıb. Hər halda, artıq səfir müavini səviyyəsində Abbas Abbasovun ermənilərlə işbirliyi kimi ağlasığmaz ittihamlara məruz qalması hakimiyyətin onunla bağlı hansısa planlarının olduğunu deməyə əsas verir.
 
Yeri gəlmişkən, ölkə daxilində də Abbas Abbasova qarşı kampaniya gedir. Hətta bir müddət əvvəl onun qardaşlarından Hadir Abbasovun həbs olunduğu barədə məlumat yayıldı və bu xəbər təkzib olunmadı. Eyni zamanda, hökumətyönlü media orqanlarında da ara-sıra Abbas Abbasovun əleyhinə materiallar yayımlanır.
 
İnformasiya şöbəsi