Azərbaycanın ərazi bütövlüyünü tanıyanlar deyil, ərazisini işğal edənlər müdafiə olunur
Təkrar-təkrar yazmaqda fayda var. Bundan sonra da bu haqda yazmağı davam edəcəyik. Söhbət Rusiyanın Ermənistanın silahlandırması, işğalçıya birmənalı dəstək ifadə etməsi və Azərbaycan hakimiyyətinin Rusiyaya sığınmasından gedir. Daha doğrusu, hakimiyyət bu qədər xəyanətlərdən sonra hələ də Rusiyaya sədaqət nümayiş etdirir və Azərbaycanın milli maraqlarını təhdid altına salır.
Son günlər əsas müzakirə mövzusu Rusiyanın Ermənistana 200 milyonluq yardım etməsi, bu ölkəyə “Isgəndər” raketləri satması oldu. Yəni növbəti dəfə Rusiya açıq şəkildə bəyan etdi ki, işğalçıya dəstək olan da, işğalı reallaşdıran da özüdür. Amma bu hadisənin üzərindən xeyli müddət keçdi və saxta vətənpərvərlərdən səs çıxmadı. Başqa vaxt ermənipərəst axtarışına çıxanlar, Avropanı ittiham edənlər, Rusiyanın qarşısında “ağ bayraq” qaldırdılar. Daha sonra isə bu susqunluq Rusiyanı müdafiə etməklə əvəz olundu. Bəli, hakimiyyət və onun əlaltıları Rusiyaya imic düzəltməyə başladılar. Əvvəlcə XIN-in biabırçı bəyanatı yayıldı və bəlli oldu ki, xarici siyasətdən sorumlu olan qurum nala-mıxa vurmaqla məşğuldu. Daha sonra hökumətyönlü deputatlar və hökumətin sözdaşıyanları Rusiyanı xialskar kimi təqdim etməyə başladılar. Bu məsələdə əsas rolu “Yeni Müsavat” qəzeti oynadı. Belə ki, qəzet cəmiyyətə inandırmağa çalışır ki, Rusiya 7 rayonu azad edəcək, müharibə başlayacağı təqdirdə Ermənistana loyal münasibət sərgiləyəcək və s.
Bir sözlə, KIVDF-nin dəstəyi ilə “Yeni Müsavat”ın səhifələrində “Rusiya günləri”dir. Elə həmin qəzetə açıqlama verən Zahid Oruc da ümumi kursu davam etdirməyə çalışıb (ötən yazılarımızda da qeyd etmişdik ki, Zahid Oruc və “Yeni Müsavat” sifarişləri eyni mənbədən alır).
Millət vəkili bəyan edib ki, Rusiyanın Ermənistana “Isgəndər” silahı satması dəqiq məlumat deyil, Ermənistanın silahlandırılması qitələrarası savaş üçündür, yayılmış məlumatlar antiRusiya mənzərəsi yaratmağa görədir və s. Bəli, millət vəkili birmənalı şəkildə Rusiyanın xəyanətini ört-basdır etməyə çalışıb. Sanki Rusiyanın Ermənistana birmənalı yardımı, Qarabağın işğalına dirijorluq etməsi gizlin məsələdir. Rusiya Ermənistanla 50 illik hərbi saziş imzalamayıbmı, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağın işğalı bu ölkənin adı ilə bağlı deyilmi, Rusiya erməni soyqırımını tanımayıbmı, Sərkisyan Ermənistanın ayaqda qalması üçün Rusiyaya təşəkkür etmədimi? Bu qədər açıq mənzərədən sonra Rusiyanı necə və nəyin müqabilində müdafiə edirlər. Rusiyaya bu qədər xidmət göstərdiyimiz halda, qarşılıq olaraq Kəlbəcərdə əsir düşmüş 2 soydaşımızı da qaytarmaq istəmirlər. Bu birtərəfli sevginin məqsədi nədir?
Necə olur ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Ermənistanı işğalçı adlandıran Almaniya düşmən olur, amma Ermənistana nəfəs verən Rusiya dost? AŞPA, AP və digər qurumlar da Qarabağ məsələsində Azərbyacanın mövqeyindən çıxış ediblər və bu qurumlar da qara siyahıya salınıb.
Indi Zahid Oruc Rusiyanın nüfuzunu qaytarmaq üçün belə deyir: “Reallıqda ölkəmizə Rusiyanın göndərdiyi hərbi texnika və texnologiyalarının həcmi Ermənistanla müqayisə olunmayacaq dərəcədə güclüdür:ÿ”Onun məbləği ermənilərin indi aldığı 200 milyonluq hərbi kreditin və ötən on illərdəki yardımların ümumi məbləğindən qat-qat çoxdur".
Bu məntiqlə yanaşsaq, Azərbaycanın ən çox neft-qaz satdığı və Azərbaycana ən çox investisiya yatıran Qərb ölkələridir. O zaman niyə bütün Qərb dünyası ilə düşmən olmuşuq? Təbii ki, millət vəkilinin gətirdiyi faktlar arqument sayıla bilməz.
Daha sonra millət vəkili sübut etməyə çalışır ki, Ermənistanın Rusiyadan aldığı 200 milyon dollar vəsait düşmən ölkəyə xeyir gətirməyəcək. Yəni bu pullar kommunal məsələlərin həllinə sərf olunacaq. Göründüyü kimi, bütün cinahlardan Rusiyanın xəyanətini sığortalamaq işi aparılır.
Amma söhbət ABŞ-da hansısa komitənin Ermənistana maliyyə yardımı etməsindən gedəndə millət vəkili bunun yolverilməz olduğunu söyləyir. O qeyd edir ki, ABŞ-ın Ermənistana 20 milyon yardım göstərməsi bu ölkənin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.
Göründüyü kimi, hakimiyyət şəxsi maraqlar naminə Rusiyanın Ermənistan sevgisini gizəltəməyə, Azərbaycanın ərazi bütövlüyünü tanıyan qurumları isə ləkələməyə çalışır.
Hazırda bu mətbuat orqanının və hökumət komandasının apardığı təbliğat Azərbaycanın dövlət maraqlarını təhdid edir. Ortada açıq şəkildə Rusiyanın antiAzərbaycan siyasəti olsa da, hakimiyyət bu ölkəni “müqəddəs”ləşdirmək öhdəliyi götürüb. Artıq baş verənlər 5-ci kolon səviyyəsini də aşıb. Birmənalı şəkildə demokratik öhədliklərdən qaçmaq üçün ölkənin taleyi ilə oynayırlar. Baş verənlərin bir adı var, xəyanət. Xəyanətkarları müdafiə edənlərə başqa nə ad vermək olar?
Akif



