Biləsuvarın yol dərdi FOTO

Biləsuvar rayonunda mərkəzi yol (Biləsuvar-Bəhramtəpə yolu) bərbad vəziyyətə düşüb. Səbəb rayona kanalizasiya çəkilişi üçün 4 il əvvəl başlanan, amma tamamlanmayan işlərdir. Bu barədə “Azadlıq” qəzetinə rayon sakini Loğman Əbilzadə məlumat verib. O, dediklərini təsdiqləyən fotolar da göndərib.

Rayon sakini bildirir ki, 4 il əvvəl kanalizasiya üçün qazılan quyular elə o vəziyyətdə də qalıb. Kanalizasiya xətlərinin çəkilişi üçün yollar qazılıb və bərbad vəziyyətdə də buraxılıb. 4 ildir ki, heş bir iş görülmür. Əcnəbi mühəndislər kanalizasiya çəkilişi üçün görülən işlərin səhv aparıldığını xəbərdar ediblər. Lakin buna məhəl qoyulmayıb.

Loğman Əbilzadə qeyd edir ki, nəzərdə tutulan işlər üçün əvvəlcə ayrılmış dövlət vəsaitinin hara xərcləndiyi bilinməsə də, yenidən pul ayrılıb, amma yenə də işlər görülmür. Nəticə də isə rayon sakinləri illərdir ki, yolların bərbad durumundan əziyyət çəkir. Yolların dağınıq vəziyyətdə olması sakinlərin avtomobillərini sıradan çıxarır. Bəzi evlərin girişində kanalizasiya quyuları qazılıb və üstü açıq qaldığı üçün sakinlərin öz evlərinə rahat girişi də problemə çevrilib.

Rayon sakinləri aidiyyatı orqanlardan 4 ildir davam edən bu acınacaqlı vəziyyətə son qoyulmasını istəyir.