Hakimiyyət daha bir biabırçılığa yol verdi; Azərbaycan bayrağı Bakının mərkəzində ayaqlar altına atıldı
İyulun 12-də Bakıda I Avropa Oyunları ilə bağlı parad keçirilib. "Bakı 2015" adlanan parada Oyunlarda Azərbaycanı təmsil etmiş idmançıları və könüllü kimi çalışmış şəxsləri çıxarıblar.
Tədbir sosial şəbəkələrdə "Avropa Oyunlarının paradı" adlandırılaraq, bir sıra tənqidi münasibətlərə məruz qalıb. Çoxlu sosial şəbəkə istifadəçisi belə bir tədbirin təşkil olunmasını şitlik kimi qiymətləndirib və ələ salıb.
Tədbirdə yaşanan bir mənzərə isə sosial şəbəkələrdə daha kəskin və haqlı tənqidlərə məruz qalıb. Söhbət Azərbaycanın dövlət rəmzinə örmətsizlik kimi heç cür bəraət verilməyəcək bir hadisədən gedir. Belə ki, parad iştirakçılartına paylanmış Azərbaycan bayraqları sonradan yerə atılıb və ayaqlanıb. Bu səhnələr sosial şəbəkə istifadəçiləri tərəfindən lentə alınaraq yayılıb.




AXCP sədri Əli Kərimli də Avropa Oyunları ilə bağlı parad keçirilməsinə münasibət bildirib. O, özünün facebook qeydində belə bir tədbirin təşkil edilməsini qeyri-ciddilik adlandırıb.
"Bu haradan ağıllarına gəldi? İndi də Avropa Oyunlarının şərəfinə parad keçiriblər. Xalq hələ bu Oyunların acısını unutmamış bunlar daha bir şitliyə imza atdılar.
Bu necə olur axı? Bütün günü söydürüb aşağılatdırdığınız Avropanın Oyunları üçün xalqın boğazından kəsib milyardlar xərcləyir, sonra da Avropanın özünün ciddiyə almadığı, açılışını boykot etdiyi Oyunların şərəfinə üstəlik parad, bayram şənliyi də keçirirsiniz. Nədir bu hərəkətin adı? Mən bilirəm ki, hər nədirsə, qeyri-ciddilikdir. Bəs siz necə hesab edirsiniz, bu hərəkətin dəqiq adı nədir?", – deyə AXCP lideri yazıb.



