IMG 0994

Yeni Yasamalda etiraz aksiyası FOTO

IMG 0994

Vətəndaşlar on ildir ki, mənzillərini təhvil ala bilmir; eyni mənzil bir neçə nəfərə satılıb

Paytaxtın Yeni Yasamal yaşayış massivində vətəndaşlar etiraz aksiyası keçiriblər. “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin inşa etdiyi binanın qarşısında keçirilən aksiyada etirazçılar elə həmin binada mənzil alan sakinlər olub. Aksiya iştirakçıları deyir ki, 16 mərtəbəli, 250 mənzilli bu yaşayış binasının tikintisinə 2005-ci ildə başlanıb. Əsas tikinti işləri üç il ərzində başa çatsa da, 2009-cu ildən bəri vətəndaşlar evlərinə köçə bilmirlər. Tikinti şirkətinin rəhbərliyi hər dəfə bir bəhanə gətirərək, binanın istifadəyə verilməsini yubadır.

Etirazçılardan biri olan Nurəddin Rəhimov deyir ki, canını, sağlamlığını bu vətənin yolunda – Qarabağ uğrunda döyüşlərdə qoyub, amma indi bu məmləkətdə hansısa dələduzlar onun min bir əziyyətlə aldığı mənzilini vermək istəmir: “Dəfələrlə prokurorluğa, Prezident Administrasiyasına, digər aidiyyəti qurumlara müraciət etsək də, bizə cavab verən tapılmır”.

Nurəddin Rəhimov onu da qeyd edir ki, indi azacıq da olsa güvəndikləri azad mətbuatdır: “Çünki hüquq-mühafizə orqanlarını müxtəlif vasitələrlə susdura bilirlər. Amma sözün əsl mənasında azad mətbuatı susdura bilmirlər”.

Bu şirkətdən mənzil almış vətəndaşların evlərinin təhvil verilməsini on ildir gözlədikləri bir yana, hələ üstəlik, bir müddət əvvəl onlara məlum olub ki, bu binada eyni mənzillər müxtəlif adamlara satılıb. Aksiya iştirakçılarının sözlərinə görə, bu fırıldağın günahını tikinti şirkətinin əvvəllər həbs olunmuş əməkdaşlarının üzərinə atmaq istəyirlər. Halbuki, bir sıra mənzillərin onlar həbsdə olduğu vaxtlarda – 2013,2014-cü illərdə satıldığını sübut edən sənədlər var.

Bu cür problemlə üzləşən Elvin Qurbanovun sözlərinə görə, 2013-cü ildə bu binanın 51-ci mənzilini alanda ona deyilib ki, iki aya evinə köçə biləcəksən: “Artıq iki il vaxt keçib, amma hələ də mənzillərimizə sahib ola bilmirik. Hələ üstəlik, bura gəlib-gedən zaman məlum oldu ki, mənə satılan 51-ci mənzilin Novruzov Paşa adlı başqa bir sahibi də var. Bundan sonra mənə 43-cü mənzili verdilər. Indi özüm axtarış aparıram, görüm ki, bu mənzilin də başqa sahibi varmı?”

Aksiya iştirakçılarından Afiq Əliyev də şikayətlərinə baxılmamasından gileylənir: “Biz nə vaxta kimi kirayələrdə  yaşayacağıq? Prokurorluq niyə bu işi tam araşdırmır? Sadəcə, prokurorluq da bizim başımızın altına yastıq qoydu. Işimizə baxan prokuror binanın sahibi Cahangir Alışovdan iltizam almışdı ki, bina 2015-ci ilin may ayında təhvil veriləcək. Lakin bu baş vermədi…”

Digər bir etirazçı isə şirkət rəhbərliyinin binanın maliyyə problemləri üzündən təhvil verilməsi barədə bəhanəsindən danışır: “Bu tikinti şirkətinin sahibi Cahangir müəllim daha bir ”Araz 3″ adlı şirkətin də sahibidir və Xətai rayonu ərazisində yeni binalar tikir. Pul yoxdursa, bu işlər necə görülür?”

Özünü tikinti şirkətinin hüquqşünası kimi təqdim edən Ilham adlı şəxs deyir ki, bütün işlər tamamlanmaq üzrədir, yaxın vaxtlarda bina təhvil veriləcək. Şirkət təmsilçisi binanın kommunal problemlərilə bağlı sualı cavablandırarkən bildirib ki, hələlik lift quraşdırılmayıb, su və kanalizasiya xətti çəkilməyib, elektrik yoxdur.

Etirazçılar “Yeni Yasamal” MTK-nın sahibi Cahangir Alışovla görüşüb, jurnalistlərin qarşısında ondan binanı nə zaman təhvil veriləcəyini öyrənmək istəyirdilər. Lakin Cahangir Alışov tikinti olan əraziyə gələcəyinə söz versə də, gəlib çıxmayıb. Şirkət rəhbəri jurnalistlərin suallarına telefonla cavab verərək bildirib ki, bina bu ilin sonuna qədər təhvil veriləcək. O həmçinin eyni mənzilin bir neçə nəfərə satılması faktının olduğunu da etiraf edib. Bildirib ki, bu problem həmin şirkətdə digər bir payçının günahı üzündən yaranıb və bu iş hazırda məhkəmədə araşdırılır. Bununla belə, Cahangir Alışov söz verib ki, məsələ sakinlərin xeyrinə həll olunacaq.

IMG 0988

IMG 1003

Informasiya şöbəsi