Ilk Avropa Oyunlarının xərclərini kompensasiya etmək məqsədilə bəzi büdcə təşkilatlarında ləğv olunan və ya məbləği azaldılan qeyri-rəsmi əmək haqları (“paket”lər) bərpa edilməyib.
Yanvar ayından tətbiq edilən bu “sanksiya”nın Avropa Oyunlarının başa çatmasından sonra aradan qaldırılacağı gözlənilirdi. Lakin iyul ayında bunun baş vermədiyini görən işçilər yenidən məyus olublar. Bu dəfə isə onlara bildirilib ki, “paket”lərin bərpası 2016-cı ilin yanvarınadək təxirə salınıb.
Xatırladaq ki, “paket”lərlə bağlı tədbir Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Gömrük Komitəsi və başqa bu kimi təşkilatlarda həyata keçirilib. Yuxarı ranqlı işçilərin “paket”ləri ləğv olunub, orta ranqlı işçilərin qeyri-rəsmi əmək haqlarından isə bir qayda olaraq ayda 300 manat tutulub.
Beləliklə, sözügedən təşkilatlarda yuxarı ranqlı işçilər 1 il ərzində qeyri-rəsmi əmək haqlarından tam məhrum olacaqlarsa, orta ranqlılar isə 3600 manat miqdarında “itki” ilə üzləşəcəklər.
Məlumatlara görə, oxşar “qayda” hətta Milli Məclis Aparatının işçilərinin rəsmi maaşlarına da tətbiq edilib və onlar da hər ay 300 manat “güzəştə” getməli olublar.
Sosial şöbə


