Mətləb Mütəllimli
50-ci illərdə xalqın şairi Səməd Vurğun bir neçə ziyalı ilə Qazaxa növbəti səfərini edir. Iş elə gətirir ki, rayona çatmamış maşın yolda dayanmalı olur. Yolun o biri tərəfində nəsə satan uşaq şairin diqqətini çəkir və yolu keçərək cındırından cin hürkən uşağa yaxınlaşır. Ədəb-ərkanla salam verir, dizlərini qatlayıb çömbəlib oturur, zoğaldan yeyə-yeyə uşaqla söhbətə başlayır. Aralarında belə bir söhbət olur:
– Nə satırsan, kəlbala?
– Zoğal satıram.
– Məktəbdə oxuyursanmı?
– Bəli, 5-də oxuyuram.
– Zoğalı satıb pulunu neynəyəcəksən?
– Dəftər, kitab alacağam.
– Bəs, kitab-dəftəri atan niyə almır?
– Atam yoxdur.
– Şairlərdən kimi tanıyırsan?
– Nizamini, Füzulini, Sabiri, Səməd Vurğunu, Osman Sarıvəllini.
– Səməd Vurğunun hansı şeirini bilirsən?
– Çox şeirlərini bilirəm.
Şairin təklifi ilə uşaq onun “Dağlar” şeirini xüsusi avazla deyir. Şair deyir ki, belə görürəm, özün də şeir yazırsan. Uşaq utana-utana “bəli” cavabını verir və şairin xahişi ilə yazdığı şeirlərdən bir bənd deyir. Şair onun şerini tərifləyir, yediyi 5-6 dənə zoğala görə zoğal bankasına 2 ədəd 25-lik pul qoyur və uşaqla şərt kəsir: “Məktəbi qurtarandan sonra Bakıya gələrsən, instituta girməyinə kömək edərəm”.
Bu hadisənin üstündən 5 il keçəndən sonra kolxoz sərdi xəbər göndərib uşağı təcili yanına çağırır. Uşaq da ürəyində “yəqin, otardığım mallar kolxozun zəmisinə girib, sədr buna görə abrımı bükəcək” deyə fikirləşə-fikirləşə kolxoz sədrinin yanına yollanır. Kolxoz idarəsinə gələndə orda bir neçə nəfər görür. Onların içərisindən bir nəfər, sonradan tanıdığı ağsaçlı Osman Sarıvəlli ayrılıb uşağa yaxınlaşır, əl verib görüşür, rayon partiya komitəsinin 1-ci katibi, Icraiyyə Komitəsinin sədri və kolxaz sədri ilə uşağı tanış edir, sonra da uşaqla onlara getmək istədiyini bildirir. Birinci katiblə kolxoz sədri bir-birinin üzünə baxır, onlarda oturmağa bir kətil belə olmadığını bildiklərinə görə kolxoz sədri şairə:
– Yol gəlmisiniz, yorğunsunuz, gəlin dağın ətəyinə gedək, bir az dincəlin, sonra gedərsiniz,- deyir. Osman müəllimin təkidlə uşaqgilə getmək istədiyini görən kolxoz sədri yalandan bəhanə gətirib: “Bunun anası bərk xəstədir, narahat etməsək yaxşıdır,- desə də, şair israr edir:
– Nə olar, gedib xəstəyə baş çəkərik.
Çarəsiz qalan kolxoz sədri uşağı evə qaçırır ki, qonaq gələnə qədər, oturacaqdan, xalça-palazdan tapıb evə döşəsinlər. Uşağın anası, qohum-əqrabası ağsaqqal şairi ehtiramla qarşılayır, qonşudan borc aldıqları qoyunu onun ayağı altda qurban kəsirlər. Şair uşağın məktəbi qurtarıb- qurtarmadığını soruşur. Dərsindən hələ bir il qaldığını eşidəndə soruşur: “Bizim hesabla, sən orta məktəbi qurtarmalı idin, bəlkə sinifdə qalmısan?” Kolxoz sədri cavab verir: – Xeyr, Osman əmi, o, əlaçıdır, gələn il məktəbi qurtaracaq".
Osman Sarıvəlli üzünü oturanlara tutub deyir ki, dostum Səməd Vurğun ömrünün son günlərini yaşayırdı. Bir gün onun yanına getdim, oturub xeyli söhbət etdik. Mənə dedi: “Osman, bilirəm ki, xəstəliyim çarəsizdir, öləcəm. Mən bu həyatda sazımdan heç doymadım, xahiş edirəm söhbətimiz qurtarandan sonra divardan asılan sazı götür doyunca çal. Bir də, bir iş yaxşıdır ki, bu dünyadan gedirəm, heç kəsə borcum yoxdur, bir nəfərdən başqa. Qazaxda istedadlı bir uşağa rast gəldim, onun haqqında sənə danışmışam, ona kömək edəcəyimə söz vermişdim, əcəl macal vermədi, oxumasına kömək edərsən, yalançı çıxmayım”. Mən də bura gəlmişəm, dostumun vədini yerinə yetirim. Bir halda ki, hələ o, məktəbi bitirməyib, qurtaran kimi Bakıya gəlsin, nə lazımdır, kömək edəcəm.
Bir il ötdü, uşaq Bakıya gəlib öz gücünə Xarici Dillər Institutuna daxil oldu, lakin, Osman əminin köməyi olmadan ötüşə bilmədi. Instituta qəbul olandan sonra rayona gedir, lakin pasport-masa rəisi 15 gün onu həyətində işlədəndən sonra pasport qeydiyyatından çıxarır. Bakıya qayıdandasa dərsə gəlmədiyinə görə institutdan qovulduğundan xəbər tutan gənc, məcbur qalıb nurani şairə müraciət edir. Osman Sarıvəlli də dünyasını dəyişmiş dostunun vədinə sadiq qalıb uşağı instituta bərpa etdirir, 5 il onun bütün əziyyətlərini çəkir, ata kimi qayğısına qalır.
Ah, indi hanı o kişilər? Görəsən, belə kişilərin nəslində bu qədər yaltaqlar, satqınlar hardan əkilib becərilib? Babası Koroğlu olanlarda bu qədər keçəl həmzələr olmamalı idi axı?! Bağışlayın bizi. Allah xatirinə, bağışlayın bizi, sizə layiq ola bilmədik, babalar…
Haqqında bəhs etdiyim uşaq isə – indi çoxlarının gözəl yazıçı, şair kimi tanıdığı, saxta seçkiləri, dövlət qurumlarında baş verən özbaşınalıqları, cəmiyyətdəki rəzaləti, çirkinlikləri satirik qələmi ilə ifşa edən Məmməd Əfşardır.
Bu hadisəni niyə xatırladım? Özünü hərşeyşünas hesab edən Sərdar Cəlaloğlu Səməd Vurğunu aşağılayanda ürəyim ağrıdı, fikirləşdim ki, görəsən, o özü heç olmasa ömründə bir dəfə də olsa yetim sevindiribmi, ehtiyacı olan birinin oxumasına kömək edibmi?
Hərçənd ki, Sərdar Cəlaloğlu bir nəfərə kömək edir. Bu, hakimiyyət tərəfindən ailəsinin gözü qabağında təhqir ediləndən, günahsız zindana atılandan, daha sonra, “Konstruktiv müxalifət” olandan sonra baş tutub. Xalqının pis gününə dözməyib onun hüquqları uğrunda mübarizə aparan insanları, həqiqi müxalifət nümayəndələrini aşağılamaqla oğlunu indiki hakimiyyətin pulu hesabına xaricdə oxutdurur.


