AXCP-dən hakimiyyətin son addımlarına sərt etiraz

Partiya Əlayif Həsənov və Yafəs Həsənova qarşı hərəkətlərlə bağlı bəyanat verdi
 

Azərbaycan Xalq Cəbhəsi Partiyası hakimiyyətin müstəqil düşüncəli fəallara qarşı son addımları ilə bağlı etiraz bəyanatı yayıb. Bəyanatda deyilir:

İnsan hüquq və azadlıqlarına qənim kəsilməyi sanki əsas fəaliyyət istiqaməti seçən hakimiyyət son günlər daha iki addımı ilə hiddət yaradıb.

Keçən həftə nüfuzlu ictimai xadim, vəkil Əlayif Həsənov tamamilə qanunsuz, siyasi sifariş əsasında Vəkillər Kolegiyasından çıxarılıb. Əlayif Həsənov daim ölkə miqyasında hüquqları pozulan insanların müdafiəsində fəallıq edib, xüsusən, ağır şərtlərə baxmayaraq şərlənərək həbs olunan müxalifətçilərə, müstəqil düşüncəli insanlara vəkil olub və fəaliyyətində həmişə qanunun aliliyini, ədaləti üstün tutub. Məhz elə bu təbii davranışı siyasi hakimiyyətin ona qərəzli yanaşmasına səbəb olub. Vəkillər Kollegiyası birbaşa Prezident Adminstrasiyasından gələn tapşırıq əsasında, özünün iştirakı və xəbəri olmadan Əlayif Həsənovun vəkillik fəaliyyətinə xitam verib.

AXCP xatırladır ki, bu, artıq davamlı bir tendensiyadır, bundan əvvəl də çox nüfuzlu hüquqşünaslar analoji yanaşma əsasında kollegiyadan çıxarılıb. Məqsəd vəkillik institunu sıradan çıxarmaq, insanları, xüsusilə müxalifləri və müstəqilləri müdafiəsiz qoymaqdı. AXCP əsas ictimai rəyi bölüşərək, Əlayif Həsənova qarşı bu ədalətsiz addımı qəzəblə pisləyir, onun vəkil fəaliyyətinə yaradılan maneəni bir fərdə qarşı deyil, müdafiəyə ehtiyacı olan bütün vətəndaşların mənafeyinə düşmənçilik kimi dəyərləndirir. AXCP çox təəssüflə bəyan edir ki, Konstitusiyaya əsasən müstəqil olna Azərbaycan məhkəmələri özünü icra hakimiyyətinin buyuruq qulları kimi aparır.

Buna bariz nümunə də ötən hətfə daha bir azad düşüncəli, tanınmış vəkil Xalid Bağırovla bağlı çıxarılan qərardı. Xalid Bağırov da günahsız yerə həbs edilən siyasi məhbuslara vəkillik etdiyindən keçən ilin sonunda ikinci dəfə sifariş əsasında Kollegiyadan uzaqlaşdırıldı. O öz pozulan hüququnu məhkəmə vasitəsi ilə bərpa etmək istəsə də, məhkəmə də sifarişdən çıxa bilməyərək, Kollegiyanın ədalətsiz, qərəzli və əsassız qərarına tərəfdar oldu.

AXCP vəkillərə qarşı bu cür davranışları cəmiyyətin və dövlətin taleyi üçün qorxulu hesab edir və bütün ölkə vətəndaşlarını, əlaqədar yerli və beynəlxalq qurumların bu həssas məqama diqqət ayırmasını vacib sayır.

AXCP jurnalist Yafəs Həsənovla bağlı da xüsusi narahatlığını bəyan edir. Yafəs Həsənov bildirir ki, jurnalist araşdırmasına görə Naxçıvan rəhbərliyi onu və ailəsini təhdid altında saxlayır, susmasına nail olmaq üçün ailə üzvlərinə təzyiq göstərir. AXCP hökumətdən asılı olmayan mətbuata, jurnalistlərə qarşı Azərbaycan hakimiyyətinin zor gücü ilə danışmasını qanunsuzluq sayır və tələb edir ki, sərbəst fikirlərini ifadə edən jurnalistlərə qarşı təzyiqlər dərhal dayandırılsın. AXCP mətbuatla düşmənçilik aparan ayrı-ayrı məmurlara da xatırladır ki, yaxın keçmişdən ibrət alsınlar. Elə bizim öz yaxın tariximizdə çox nüumənlər olub ki, mediaya yırtıcı münasibət göstərənlər rejimin hədəfinə gələndə azad mətbuatdan, jurnalistlərdən savayı üz tutacaqları, fikirlərini deyəcəkləri ünvan tapmayıblar.

AXCP Azərbaycan hakimiyyətini fundamental hüquq və azadlıqlara hörmət bəsləməyə, götürdüyü beynəlxaq öhdəlikləri yerinə yetirməyə çağırır. Patyiya bəyan edir ki, qanunin aliliyinə, hüquqa, insan haqlarına hörmət etmək hakimiyyətin özünə də hörmətdən savayı heç nə gətirməyəcək. Bu üstünlükdən imtina etmək isə tarixin lənətindən başqa heç kimə heç nə qazandırmır.