Hakim partiya parlament seçkilərində 125 dairənin hər birindən namizəd irəli sürəcək
Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov modern.az-a müsahibəsində qarşıdan gələn parlament seçkilərinə də toxunub. O, bildirib ki, YAP bu il parlament seçkisində 125 dairənin hər birindən namizəd irəli sürəcək.
Bu isə o deməkdir ki, YAP hakimiyyətə loyal münasibətdə olan partiyalara bu seçkidə güzəştə getmək niyyətində deyil. Məlum olduğu kimi, bundan əvvəlki parlament seçkilərində YAP-la əməkdaşlıq edən bir sıra partiyaların rəhbərlərinin deputatlığa namizəd irəli sürüldüyü dairələrdə hakim partiya onlara alternativ namizəd irəli sürməyib. Siyavuş Novruzovun sözlərindən belə nəticəyə gəlmək olar ki, builki seçkidə situasiya tamamilə fərqli olacaq.