Bir qəsəbəni sel basır. Sular yüksələrkən, xalq çaxnaşma içində qaçmağa başlayır. Qaçanları görən qəsəbənin mollası öz-özünə deyir: “Mən illərdir ibadət edirəm, həmişə Allahın yolunda olmuşam, o məni qurtarar”. Sular qalxdıqca qalxır və adam evinin üst qatına çıxır. Baxır ki, insanlar qayıqlarla keçirlər. Qayıqçılar qışqırır: “Haydı, tez atlanın qayığa!” “Siz gedin, Allah məni qurtarar”- deyir adam yenə. Sular bir az da qalxır, dama çıxan molla ikinci qayığın keçdiyini görür və yenə adamlarla getməkdən imtina edir. Vəziyyət o yerə çatır ki, su dama qədər qalxır, bu vaxt xilasedici bir vertolyot yaxınlaşıb “cəld olun, çıxın” qışqırır. Adam yenə dediyini deyib durur. Xülasə, suda boğulan adam o biri dünyada Allahın hüzuruna çıxıb giley edir: “Bunca il yolundan ayrılmadım, bir dəfə başım bəlaya girdi, onda da məni qurtarmadın”. Bu gileyə qarşı da Allah cavab verir ki: “Sənə iki qayıq, bir vertolyot göndərdim, daha nə edə bilərdim ki?”
Bax, Azərbaycanda böyük çoxluğun düşüncəsi bu çərçivədədir. O çərçivədə ki, nə Allahın, nə bəndənin ona uzatdığı əli görməyə imkan verir. Beyninə də taxıb durub ki, əlini ağdan-qaraya vurmadan kimsə gəlib onun həyatını çilçırağa döndərəcək. Kimsə onun yerinə tapdanan ayağını sarıyacaq, oğurlanan var-yoxunun hesabını soracaq, alınan haqlarını geri verəcək, həyatını cəhənnəmə çevirənlər üçün ədalət divanı quracaq. Nə vaxtsa, kimsə bir şeylər edəcək… Amma o özü yox. O özü eşitmir, görmür, duymur, hiss etmir. Tam gerçəklik bu təsəvvürü yaradır açıq-açığına. Insanlar kar, kor, lal oyunu oynayır. Baş verən dəhşətlərin miqyasını görən yoxdur sanki. Ətrafımızda dolaşan intihar kabusu hər gün çevrəmizdən kimlərisə alıb aparır. Lakin yenə dəyişən bir şey yox. Adamlar tənbəl-tənbəl gözlərini ovxalayıb özünü qapısının ağzındakı ağacdan, yol keçdiyi körpüdən, parkdan asan mərhumların yanından ölü səssizliyi ilə ötüb keçirlər. Bir ölü, bir ruh, bir xəyalət kimi… Dəhşətlidir, deyilmi?..
Bəli, ən böyük dəhşət insanın özünə kömək etmək hissinə inamının itməsidir. Daha böyük dərd isə ona kömək etmək istəyənin əlini inamsız və inadkar şəkildə geri çevirməsidir. Durum yuxarıda bəhs etdiyim hekayədəki kimidir. Həyatını yaxşılığa doğru dəyişməyi, gözəl yaşayışı, təhsil və sağlamlığı, normal iş və qazancı, istirahəti kim istəmir ki? Əslində, özünü ölülüyə vuran və bütün faciələri görməzdən gələn o adamlar da çox istəyirlər bunu. Istəyirlər təbii, amma tənbəllik, vecsizlik, görməzlik, nankorluq bir imkan versə. Bir canlarındakı ətalət cadusundan qurtulsalar. Çiyinlərinə çökmüş kölə boyunduruğunun ağırlığını atsalar. Üstlərinə yığılmış saysız dərdlərin sıxıntısına qalib gələ bilsələr. Nə yazıq ki, bunlar baş vermir və adamlar onlara yardım etmək istəyənləri nankorcasına geri çevirməkdə israr edirlər. Adamlar istismarçı, soyğunçu, acımasız bir qrupun zülmünə qorxaqcasına əyildiyi halda, fədakar, təmənnasız, qarşılıqsız olanları görməzdən gəlir. Ora-bura baxıb köks ötürür və heç düşünmür ki, burnunun ucundakı qəhrəmanları fərq etmək üçün görən göz lazımdır ən azından. Ağıl, hünər, cəsarət lazımdır öz qəhrəmanlarının arxasında dayanıb onunla böyük xəyallara doğru yürümək üçün. Ancaq, nə yazıq ki, əksinə olur hər şey. Öz qorxaqlığına, mütiliyinə, köləliyinə haqq qazandırmaq istəyənlər həmin o fədakar insanları hədəfə çevirir. Onlara dil uzadır, onları daşa basır. Biz bunu tarixdən görə-görə gəlirdik. Indi eynisi öz çevrəmizdə baş verir. Həyatınızı dəyişmək istəmirsinizmi? Sizə lap yaxın məsafədə olan xilaskarları görmürsünüzmü? O zaman kimsəni qınamayın, halınızdan gileylənməyin, düşdüyünüz zülmə də razı olun. Zatən, bu dünyada da, o dünyada da halınız bəlli…
Özünü ölülüyə vuranlar
•