«Qəbələ»-«Dinamo» oyununda baş verənlər nədən xəbər verir?
Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Qəbələ”-"Dinamo" (Tiflis) oyunu yenə gərgin keçib. Ilk oyunda azarkeşlər arasında baş verən insidentə cavab verilib. Qeyd edək ki, bu komandaların Tiflisdə keçirilən birinci qarşılaşmasında “Dinamo”nun bir qrup azarkeşi “Qəbələ” fanatlarını döyərək, Azərbaycanın və klubun bayrağını tapdalayaraq, təhqir etmişdilər.
Onlar stadionda Azərbaycan əleyhinə şüarlar açmışdılar. Bu dəfə də “Dinamo” (Tiflis) fanatları Qəbələ şəhər stadionuna Abxaziyanın Gürcüstanın ərazisi olduğunu göstərən plakat gətiriblər. Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tanıdığı və bu matç da Azərbaycan ərazisində keçirildiyi üçün plakatın bu meydanda qaldırılmasının hansı anlam daşıdığı da müəmmalıdır.
“Qəbələ” azarkeşləri isə Azərbaycan xəritəsini özündə əks etdirən plakat asıblar. Yerli azarkeşlər həmçinin “Borçalı Azərbaycanındır” pankartını açıblar. Pankartda həmçinin “Sarvan no Marneuli” yazısı olub. Lakin onlar pankartı çox saxlaya bilməyiblər. Polislər müdaxilə edərək, pankartı yığışdırıblar.
Baş verən insident bir neçə aspektdən maraqlı görünür? Nə baş verdiyi və bu proseslərin arxasında kimin dayandığı maraq doğurur.
Zəlimxan Məmmədli: «Gürcüstan-Azərbaycan münasibətlərinin gərginləşməsi, əlaqələrin pozulması Cənubi Qafqazın çöküşü deməkdir»
“Qəbələ”-"Dinamo" oyununda şəxsən iştirak etdiyini deyən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirdi ki, cəmiyyətin üzvləri Tiflisdə və bir neçə ilə əvvəl “Neftçi”-"Dinamo" oyununda baş verənlərdən ciddi narahat idilər. Qəbələdə gürcü azərkeşlərin təxribatçı hərəkətlərinə dözümlü münasibət sərgiləndiyini vurğulayan Z.Məmmədli qeyd etdi ki, gürcülərin hərəkətləri bəzən bütün etik normaları aşırdı: “Biz komandamızın dözümlü davranmasını və yaxşı oyun sərgiləyərək qalib gəlməsini arzulayırdıq. Birinci hissənin sonuna doğru isə Borçalı ilə bağlı şüarlar səsləndirilməyə başladı. Qəbələdə baş verənlər Tiflisdəki olaylara, bayrağımızın təhqir olunmasına, fanatların döyülməsinə bir cavab idi. Bu insidentin əsasını Tiflis qoyur və məsuliyyət onun üzərinə düşür. Azərbaycanda dözüm həddi var və deyiləsi sözləri də kifayət qədərdir. Ona görə Gürcüstan tərəfi bu cür tədbirlərdə çox ehtiyatlı davranmalıdırlar”.
Z.Məmmədli bildirdi ki, Gürcüstan-Azərbaycan münasibətlərinin gərginləşməsi, əlaqələrin pozulması Cənubi Qafqazın çöküşü deməkdir. Proseslər hər iki dövlətin təhdid olunmasına və müstəqiliyinin təhlükə altına alınmasına gətirib çıxara bilər: “Fan-klublar istədiyi şüarları səsləndirə bilərlər. Onlar bu istiqamətdə azaddırlar. Amma Cənubi Qafqaz kimi regionda bu cür məsələlərə həssas yanaşmaq lazımdır. Bu cür halların zəncirvari reaksiyaya çevrilməsi hər iki dövləti təhdid edir. Gürcüstanla Azərbaycanın birliyi hər iki dövləti Avropaya daşıyan qapıdır. Bunu unutmaq olmaz”.
Sülhəddin Əkbər: «Baş verənlər təxribat kimi görünür»
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər isə hesab edir ki, baş verənlər təxribat kimi görünür. Çünki, Gürcüstan Azərbaycanın təbii müttəfiqidir: “Son zamanlar Gürcüstanla strateji əlaqələrdə genişlənmə və dərinləşmə müşahidə olunmaqdadır. Bu baxımdan həmin münasibətlərin dərinləşməsini istəməyən qüvvələr burada maraqlı ola bilər”.
S.Əkbər hesab edir ki, ona görə soydaşlarımız bu məsələdə ehtiyatlı olmalıdırlar. S.Əkbərin sözlərinə görə, regiondakı geosiyasi durum, Azərbaycanda Rusiya maraqlarının toqquşduğu nəzərə alınarsa, baş verənlərə həssas yanaşmaq lazımdır: “Gürcüstan Azərbaycanın strateji tərəfdaşı və təbii müttəfiqidir. Eyni zamanda Türkiyə ilə birgə bizim üçtərəfli genişlənən əlaqələrimiz var. Azərbaycanın strateji neft və qaz kəmərləri Gürcüstan üzərindən nəql olunur. Bütün bu məqamlar nəzərə alınmalıdır”.
Xəyal