Belə də xəbər olar?!

elnurastanbeyli@gmail.com

Siz allah, xəbərin başlığına baxın: “Bakı şəhər Icra Hakimiyyətində oğurluq olub”. Indi isə gəlin dilimizi dişimizə sıxaq, açıb xəbərin içini oxuyaq, nə məlum olur? Məlum olur ki, bəs deməzsənmi, Hacıbala müəllimin idarəsinin anbarından 160 metr elektrik naqili, 2 ədəd iri həcmli çəkic, 8 ədəd laqunda və generator oğurlanıbmış! Əlbəttə, adamın ürəyindən dərhal belə bir arzu keçir ki, kaş o çəkiclə, kabellə, generatorla bərabər, Hacıbala müəllimin özünü də oğurlayaydılar, heç olmasa, ölkəmizdə bir nəfər yapist azalaydı.
Amma sonra fikirləşirsən, kim Abutalıbovu oğurlayıb neyləsin. Onun kimi “kadrlar” ancaq YAP rejiminə lazımdır. Normal ölkələrdə belələrini heç qoyun güdməyə də göndərməzlər.
Qayıdaq “xəbər”in özünə. Xəbər sözünü niyə dırnaqda yazıram? Sadə səbəbdən: axı biri bizə anlatsın görək, Azərbaycan reallığında hansısa dövlət idarəsindən oğurluq olmasının hansı xəbər dəyəri var axı? Bunun nəyi xəbərdir? Guya bizim hökumət orqanlarında oğurluqdan, talandan başqa nə baş verir ki?! Hətta demək artıqdır ki, oğurluq Azərbaycanda idaretmə normativinə çevrilib. Bu haqda müdrik bir atalar sözümüz də yaranmışdır: “Dövlətin malı dənizdir, yeməyən donuzdur”.
Hələ görün xalqın beyninə hansı zərərli, zəhərli fikiri  yeridiblər: “Oğurlasınlar, amma iş görsünlər”. Yəni yapçılar dədə malı kimi neft pullarının altından girib üstündən çıxsınlar, büdcəni soğan kimi soysunlar, amma arada bir musiqili fontan-zad da quraşdırsınlar ki, qara camaatın baxıb könlü xoş olsun.   
Bu saat Azərbaycanda oğurlamayana, başqasının cibinə girməyənə, qul haqqı yeməyənə, rüşvət almayana, büdcə pullarını talamayana çox pis baxırlar, belələrini fərasətsiz, “lox” hesab edirlər. 300-500 manat maaş alanların 200 minlik “inomarka”larda necə şütüdüyünü, 2-3 milyonluq villalarda necə yaşadığını soruşan da yoxdur, hətta bu ayıb sayılır, belələrini hörmətli, qabiliyyətli adamlar kimi məclislərdə başda oturdurlar, can-başla qulluğunda dururlar, qabağında ikiqat əyilirlər. Ölkədə kimi dindirsən, oğurluğun pis əməl olmasından danışacaq, hamı əliəyriliyə, cibgirliyə qarşı moizə oxumaq, bəzəkli cümlələr qurmaq üçün sinov gedir, amma gəl gör ki, hazırda ölkədə ən hörmətli adamlar da elə oğurlayanlardır, onların əlini sıxmaq böyük şərəf-zad sayılır. Yəqin bu milli ikiüzlülüyümüzün, riyakarlığımızın da inkişafımız kimi dünyada analoqu yoxdur.
Bəli, bax biz bu saat belə bir dəhşətli vəziyyətlə, ürəkbulandıran mənzərə ilə qarşı-qarşıyayıq. Ona görə də hansısa dövlət idarəsində oğurluq olması barədə xəbərə sadəcə, gülüb keçmək lazımdır. Əsl xəbər o olardı ki, məlum olaydı, hansısa dövlət idarəsində heç bir oğurluq-filan baş verməyib, yoxlayıb görüblər ki, büdcə pulları təyinatı ilə xərclənib, xərclərdə heç bir şişirtmə-filan olmayıb, hər şey şəffafdır. Hə, bax bu olardı sensasiya, necə deyərlər, gündəmə bomba kimi düşərdi. Yoxsa oğurluq bizim hökumət qurumları üçün adi haldır, yuxarıda yazdıq, bir daha yazaq, bunun üzə çıxmasının da hər hansı xəbər dəyəri-filan yoxdur.    
Ümumiyyətlə, oğurluq maddəsini Cinayət Məcəlləsindən çıxarmaq lazımdır. Bizim ölkədə oğurluğun qarşılığı cəza yox, yalnız və yalnız mükafat olmalıdır, “Şöhrət” ordeni, “Tərəqqi” medalı olmalıdır. Əlbəttə, bir də camaatın sevgisi, rəğbəti, hörməti!  
Məsələn, mən bu sətirləri yazarkən, kim bilir uca millət, sevgili xalq nə qədər rüşvətxoru ağsaqqal, başbilən, hörmətli adam kimi elçiliyə aparır. Belədə bizə qalır sevənlərə gül vermək, onlara xoşbəxtlik arzulamaq.