ASAN Xidmət sədrinin birinci müavini niyə “vurulub”?

Rəşad Abbasovun işdən çıxarılmasının səbəbləri barədə ilginc təfərrüatlar

ASAN Xidmət sədrinin birinci müavini Rəşad Abbasovun işdən çıxarılmasının səbəbləri barədə ilginc məlumat yayılıb. “Yeni Müsavat”ın yaydığı həmin məlumatda bildirilir ki, Rəşad Abbasovun tutduğu vəzifədən azad edilməsi Şəmkirin keçmiş icra başçısı, sonradan kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovla əlaqəlidir. Rəşad Abbasovun Aslan Aslanova sənədləşmə məsələlərində qeyri-rəsmi yardım etməsi onun tutduğu postla vidalaşmasına gətirib çıxarıb. Qaynağımız Rəşad Abbasovla Aslan Aslanovun qohumluq əlaqələrinin olduğunu da deyib. Onun sözlərinə görə, Rəşad Abbasov “Azərneftyağ” Istehsalat Birliyinin baş direktoru olmuş mərhum Ramiz Mirzəyevin kürəkənidir.
Aslan Aslanovun bacısı isə Ramiz Mirzəyevin həyat yoldaşıdır. Onlar yeznə-qayın olsalar da, münasibətləri gərgin olub. Ramiz Mirzəyev dünyasını dəyişənə qədər onların gediş-gəlişləri belə olmayıb. Ramiz Mirzəyev dünyasını dəyişəndən sonra Aslan Aslanovla onun ailəsi arasında yenidən münasibətlər yaranıb. Hətta 2012-ci ildə Rəşad Abbasovun namizədliyinin irəli sürülməsində Aslan Aslanovun rolunun olması haqda da məlumat var.
Rəşad Abbasovun Aslan Aslanova hansı sənədləri düzəltməkdə yardımçı olması haqda məlumat yoxdur. Amma belə ehtimallar var ki, Rəşad Abbasov Aslan Aslanova 2013-cü ildə tutduğu vəzifədən çıxarılandan sonra özünün və ailə üzvlərinin adına olan əmlakları digər şəxslərin adına rəsmiləşdirməkdə yardım göstərib.
Xatırladaq ki, ölkə başçısı Ilham Əliyev Rəşad Abbasovun işdən çıxarılması haqda sərəncamı iyunun 9-da imzalansa da, bu haqda ictimaiyyət iyulun 1-də məlumatlandırılıb.
Lakin yayılan məlumatlarda 2012-ci il sentyabrın 7-də bu vəzifəyə təyin olunmuş Rəşad Abbasovun işdən çıxarılmasının səbəbi göstərilməyib. Ümumiyyətlə, vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən bu qurumdan – ASAN Xidmətdən kiminsə prezidentin sərəncamı ilə vəzifəsindən azad olunması ilk dəfə baş verib deyə bunun səbəbi də həddən artıq maraq doğurur.