Yaxud, çörəyi təhqirdən çıxanların narahatlığı
Görünür, naqis adamlar qaş düzəltmək istəyərkən göz çıxarmağa məhkumdular. Tarixən belə olub. Həmişə xeyir azlıqda qalıb və sonda şərə qalib gəlib. “Azadlıq” qəzeti də şər tirajçılarının arasında yeganədir və bu qəzeti bütün vasitələrlə ləkləməyə çalışırlar. Amma həmişə özlərini ifşa edirlər və gözləri çıxmış olur.
Köhnəliyin carçısı “Yeni Azərbaycan” yenə də palaz boyda səhifələrini “Azadlıq”a həsr edib. Bu dəfə “Azadlıq” qəzeti haqqında daha “mötəbər” kompromat tapıblar. Bu “tapıntı” isə “Azadlıq”ın saytından şərhlərin yığışdırılmasıdır. Guya, “Azadlıq” qəzeti şərh bölümünü yığışdırmaqla anti-demokratik addım atır, söz azadlığını boğur və s.
Qeyd edək ki, “Azadlıq”da şərhlər bölümü bərpa olunacaq və bu, müəyyən texniki çətinliklərlə bağlıdır.
Amma maraqlı olan “Yeni Azərbaycan”ın məhz bu məqama diqqət yetirməsidir. Necə olur ki, ölkədə fərqli fikrin boğulmasına, azad mətbuatın susdurulmasına, televiziyaların yalnız iqtidara xidmət etməsinə susanlar indi hansısa şərhin məhdudlaşdırılmasından narahat olur? “Yeni Azərbaycan”ın xidmət etdiyi hakimiyyət fərqli fikrə görə, hansısa şərhə, məqaləyə görə insanları şərləyib həbs edir. Amma bir dəfə cəsarət edib yaza bilmirlər ki, bu qədər birtərəfli informasiya siyasəti ikrah hissi doğurur. Yaxşı olar ki, “Yeni Azərbaycan”çılar qəzetlərindəki materialların oxunma sayı ilə “Azadlıq”ın nəticələrini müqayisə etsinlər. O zaman məlum olacaq ki, cəmiyyət etibarlı mənbə, dəqiq informasiya kimi hansı ünvanı keçir.
Sahibkarlıq fəaliyyətinin, söz azadlığının, şəffaflığın məhdudlaşdırılmasına göz yumanlar, “Azadlıq”ın şərhinə göz açmaq istəyirlər. Təklif edirik ki, “Azadlıq”ın şərh bölümü açılan kimi “Yeni Azərbaycan”ın əməkdaşları Ilham Əliyevin Londondakı mülkləri ilə bağlı materialın altına da şərh yazsınlar. Yaxud hakim ailəyə məxsus banklarla bağlı məqaləyə fikir bildirsinlər.
Gələk məsələnin əsas səbəbinə. Agah olun ki, “Azadlıq”ın saytındakı şərhlərin yığışdırılmasına səbəb də hakimiyyətdir. Belə ki, hakimiyyətin 50 qəpiklik şərh yazanları hər dəfə şərh bölümünə təhqirlər, əxlaqsız ifadələr yazırlar. Biz isə oxuculara hörmət etdiyimiz üçün bu şərhləri silirik. Çünki, “Yeni Azərbaycan” təfəkkürlülərdən fərqli olaraq bizim üçün dəyərlər önəmlidir.
Amma “Yeni Azərbaycan”ın narahatçılığının əsas səbəbi tamam başqadır. Belə ki, hakimiyyətin muzdlu şərh yazanları həmişə hakimiyyəti ifşa edən materiallara qarışqa kimi darışırlar və çaşqınlıq yaratmaq istəyirlər. Indi həmin “əlaltı şəbəkə”nin fəaliyyəti məhdudlaşıb. Saxta profillərlə şərə xidmət göstərənlərin bazarı bağlanıb. Təsəvvür edin ki, bugün hakimiyyət 100-lərlə media orqanını maliyyələşdirir ki, “Azadlıq”ı kölgədə saxlasın. Amma mümkün olmur. Çünki, AzTV-də danışılanları təkrar qəzetdən oxumaq maraqlı deyil.
Birdə ki, şərhdən imtina etmək, Azərbaycandan, vicdandan, ləyaqətdən, həqiqətdən imtina etməkdən yaxşıdı. Poradoksal vəziyyət yaranıb. Bütün mənəvi dəyərlərdən imtina edənlər, “Azadlıq”ı şərhdən imtina etməkdə qınayırlar. Tarix sizin altınızdan çox şərhlər yazacaq və heç kim bunu pozmaq istəməyəcək.
Akif
P.S.Deyəsən “Azadlıq”da şərhlərin yığışdırılması 100-lərlə adamı çörəksiz qoyub. “Yeni Azərbaycan”çılar da bu “iş yeri”ndə təmsil olduqları üçün indi işsiz qalıblar. Biz çörək verən adamlarıq. Şərh yerini açarıq, siz də ağalarınızdan ənamınızı alarsız.


