Öldürən analoqsuzluq

elnurastanbeyli@gmail.com

Bərdə şəhərində Qəhrəmanlıq parkı adlanan ərazidə cavan oğlan özünü Tərtər çayı üzərindəki körpüdən asıb. Fəhləliklə dolanan gəncin banka olan kredit borcuna görə intihar etdiyi deyilir.
Bir neçə gün əvvəl isə Oğuz rayonunda 53 yaşlı Məhəmməd Hüseynov Beynəlxalq Banka borca görə özünü öldürmüşdü.
Bunlar son bir neçə ayda baş verən Allah bilir, neçənci kredit intiharlarıdır. Gəlin onlardan bəzilərini birlikdə xatırlayaq:
Fevral, 2015 – Bakının Binəqədi rayonunda asılmış kişi meyiti tapılıb. Hadisə Cəfər Cabbarlı küçəsi ev 5 ünvanında qeydə alınıb. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1970-ci il təvəllüdlü Namiq Daşdəmir oğlu Vəliyev olduğu məlum olub. Müəyyən olub ki, kişi intihar edib. Yaxınlarının bildirdiyinə görə, onun banklara külli miqdarda kredit borcu olub. Ehtimal olunur ki, Namiq Vəliyev bu səbəbdən canına qıyıb.
Yenə fevral, 2015 – Ağcabədidə 38 yaşlı idman müəllimi Ramil Ağayev kredit borclarını ödəyə bilmədiyinə görə özünü asır.
Mart, 2015 – Bakının Yeni Günəşli qəsəbəsində 36 yaşlı Elman Mehdiyev kredit borclarını ödəyə bilmədiyinə görə özünü 9-cu mərtəbədən ataraq intihar edir.
Yenə mart. 2015 – Sabirabad rayonunda 3 uşaq atası olan 40 yaşlı Cəbrayıl Həsənov körpüdən özünü asır. Ölümqabağı məktubunda 4 banka külli miqdarda borcu olduğunu yazır.
Aprel, 2015 – Imişli şəhər sakini, 52 yaşlı Rəşid Zalov aprelin 6-da səhər saatlarında atasının Əliqulular kəndindəki evində özünü çardaqdan asaraq intihar edib. Yaxınlarının bildirdiyinə görə, 2 övlad atası olan mərhum kiçik sahibkar imiş və illər öncə zərərə düşdüyündən bir neçə bankdan kredit götürübmüş. O, son vaxtlar kredit müqavilələri üzrə aylıq ödəniş tapşırıqlarını yerinə yetirə, ayrı-ayrı şəxslərdən aldığı borcu qaytara bilməməyindən boğaza yığıldığını deyirmiş.
Bir sözlə, yapçıların “analoqsuz inkişaf”ı ağılalmaz amansızlıqla öldürür. O, ölkədə hardasa 2 milyon insanı banklardan asılı vəziyyətə salıb, yüzminlərlə ailə düşdüyü kredit bataqlığında çapalamaqla, çapaladıqca isə daha dərin batmaqla məşğuldur. Kredit intiharları sürətlə adiləşir.
Azərbaycanda yeni iş yerlərinin açıldığı, xalqın qaz vurub qazan doldurduğu, insanların güzəranının yaxşılaşdığı barədə yapçıların gurultulu bəyanatlarının sabun köpüyündən başqa bir şey olmadığı aydın məsələdir. Reallıq məhz artan kredit intiharları barədə xəbərlərdə gizlənilib. Haqqında pafosla danışılan “analoqsuz inkişaf” cəllad funksiyasını yerinə yetirir – kiminin boğazına kəndir keçirir, kiminin alnına tapança sıxır, kimini özünü “Koroğlu” körpüsündən atmağa vadar edir.
Arxada qoyduğumuz illərdə neft pulları acgözlüklə sümürüldü. Heç bir iqtisadi infrastruktur yaradılmadı. Üç-beş oliqarx ailənin gözqamaşdırıcı həyatı ölkədəki misilsiz tərəqqinin, çiçəklənmənin nümunəsi kimi göstərildi.
Nəticədə çoxluq üçün dəhşətli çarəsizlik dövrü başladı. Bu gün Azərbaycanda dinə, xürafata kütləvi qayıdışın da, şans oyunlarına mübtəlalığın da kökünü məhz həmin bu çarəsizlikdə axtarmaq lazımdır. Adamlar yerdə ədalətin bərqərar olacağına inamlarını itiriblər, artıq ədaləti göydən gözləyirlər. Kimsə aldığı maaşla, əməkhaqqı ilə özünə normal həyat şəraiti quracağına inanmır, əlacı “Topaz”da, lotoreya oyunlarında axtarır.
Kredit də bu qəbildəndir – “ağrıkəsici” funksiyasını yerinə yetirir. Insanlar hansısa problemlərinin həll yolu kimi bankların qapısını döyməyi seçir. Əslində isə bununla özlərini daha böyük çıxılmazın içinə atdıqlarının fərqində deyillər. Çünki alınan kreditləri geri qaytarmaq üçün onların heç bir maddi, sosial, iqtisadi təminatları yoxdur. Qazancları heç özlərinin bu ayın başından ortasına kimi yaşamağa kifayət deyil, qalmışdı ki, hansısa borcu qaytarmaq mümkün olsun.
Kreditlər rejim üçün vətəndaşı girova çevirməyin bir vasitəsidir. Hamı bilir ki, ölkədəki banklar üç-beş ailənin şəxsi biznesidir. Deməli, bu banklardan asılılıq elə rejimdən asılı olmaq, onun əsirinə dönmək, onun qarşısında tərksilah olmaq deməkdir. Budur yapçıların Azərbaycanda yaratdığı acı, ürəkbulandıran mənzərə!
Növbəti kredit intiharı xəbərinin isə elə sizin öz evinizdən çıxmayacağına heç bir təminat yoxdur.