Çin iqtisadiyyatının perspektivləri ilə bağlı Neft Fondunun hədsiz optimizmi təəccüb doğurur
Çin yuanına investisiya Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta portfelinin diversifikasiyasına xidmət edən uzunmüddətli strategiyanın bir hissəsidir. Bunu “Trend”ə ARDNF-dən Çinin fond bazarındakı mövcud qeyri-sabit vəziyyət fonunda bu ölkəyə investisiya qoyuluşlarının vaxtında olub-olmaması məsələsini şərh edərkən deyiblər.
Fonddan bildiriblər ki, yuan hazırda beynəlxalq maliyyə bazarlarında strateji əhəmiyyətli valyuta növüdür: “Çinin dövlət istiqrazları Fondun investisiya planının ilkin mərhələsidir, növbəti mərhələdə isə qiymətli kağızlara investisiya etmək planlaşdırılıb. Son dövrdə Çin qiymətli kağızlar bazarında müşahidə olunan eniş yəqin ki, müvəqqəti xarakter daşıyır. Fond uzunmüddətli investordur və Fondu ümumilikdə qlobal maliyyə bazarlarında və iqtisadiyyatda inkişafın fundamental əsasları maraqlandırır”.
ARDNF-dən qeyd ediblər ki, Çin qiymətli kağızlarına investisiya həyata keçirə bilmək üçün Fond Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komissiyasından (CSRC) xüsusi lisenziya əldə etməlidir: “Bu istiqamətdə müvafiq işlər aparılır. Bunlarla yanaşı, Fondun əməkdaşları Çin iqtisadiyyatında baş verən yenilikləri gündəlik izləyir, o cümlədən, qiymətli kağızlar bazarı və digər aktivlər üzrə müvafiq təhlillər aparırlar. Çin qiymətli kağızlar bazarına investisiya ilə bağlı son qərar bütün hazırlıq prosesləri yekunlaşdıqdan sonra qəbul ediləcək”.
Belə görünür ki, Çin iqtisadiyyatında baş verən ciddi təlatümlər Azərbaycan hakimiyyətini ciddi narahat etsə də, sadəcə olaraq bunu etiraf etmirlər. Hazırda Çində fond birjalarında səhmlərin qiyməti düşməkdə davam edir. Son 3 həftədə Şanxay birjasının barometri 30%-dən çox itirib. Bu da son 20 ildə indeksin ən böyük azalmasıdır.
Son bir ildə Çin birjalarında məzənnə durmadan artırdı. Çinlilər əsasən daşınmaz əmlaka investisiya yatırır. Ancaq uzun ilərdən sonra bu aktiv də ucuzlaşır. Çinin əyalətlərində mənzillərin qiyməti 50% ucuzlaşıb.
Məhz belə bir dönəmdə Neft Fondu Çinin valyutası yuana vəsait yatırır. Neft Fondu investisiya portfelinin valyuta səbətinin yüksək diversifikasiyanın təmin edilməsi istiqamətində növbəti mərhələ olaraq Çin yuanında investisiyalara başlayıb. ARDNF-in bu haqda yaydığı məlumatda bildirilir ki, bu məqsədlə 2014-cü ildə Çinin Mərkəzi Bankından 3 milyard Çin yuanı (təqribən 500 milyon dollar) həcmində investisiya üçün müvafiq lisenziya alınıb və adıçəkilən qurumla dövlət və agentliklərinin istiqrazlarının alğı-satqısı və saxlanılmasına dair müqavilə imzalanıb. Fondun Çinin qiymətli kağızlarına da 500 milyon dollar yatıracağı gözlənilir. Bununla DNF-nin Çinə yatırımı 1 milyard dollara çata bilər. Bir sözlə, Neft Fondunun bu addımı yetərincə riskli qərar sayıla bilər. Çünki, qeyd edildiyi kimi, Çin iqtisadiyyatı hazırda ciddi problemlər yaşamaqdadır.
Iqtisadçıların fikrincə, Çin iqtisadiyyatı geniş miqyası və əhatəli ticarət dövriyyəsi ilə çox nəhəngdir. Amma nəhəng iqtisadi sistemi olan və ÜDM-in həcmi kifayət qədər şişmiş Çin iqtisadiyatında bundan sonrakı dönəmdə bu templəri saxlamaq mümkün olmayacaq.
Uzun illər ərzində Çin iqtisadiyyatında artım 8 faizdən artıq olub. Son illərdə isə iqtisadi artım zəifləyib. Ötən il bu rəqəm 7.4-ə düşüb. Məhz ötən il Çində mənzil bazarında ciddi böhran başlayıb. Bu hadisədən sonra Çində əhali Fond Birjasına üz tutub. Mənzil bazarındakı böhrandan heç bir il keçməmiş Çinin Fond bazarında da çox böyük böhran yaşanır. Tam olmayan bir ay ərzində Çinin Fond Birjasının itkiləri 3 trilyon dollar təşkil edib. Nəzərə almaq lazımdır ki, Çinin ÜDM-i 10 trilyon dollar təşkil edir. Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan bu ölkə üçün regionların mərkəzi hökumətə daha 3 trilyon borcunun olması vəziyyətin o qədər də yaxşı olmadığını göstərir. Azərbaycan Neft Fondunun mütəxəssislərindən fərqli olaraq Çində iqtisadi prosesləri diqqətlə izləyən ekspertlər bu ölkədə ciddi iqtisadi problemlərin yaşanacağı ilə bağlı neçə aylar əvvəl həyəcan təbili çalıblar. Hətta bəzi ekspertlər Çində indi başlanmış böhranın ABŞ-da “böyük depressiya”ya qədər gedə biləcəyini proqnozlaşdırırlar. Bütün bunlara baxmayaraq Çin iqtisadiyyatının perspektivləri ilə bağlı Neft Fondunun həddsiz optimizmi çox ciddi təəccüb doğurur.
Hikmət


