Hakimiyyətin üzləşdiyi beynəlxalq təzyiqə görə daxildə “razborka” başladı
Hələ bir müddət əvvəl məlumat yaymışdıq ki, Avropa Oyunları ərəfəsində beynəlxalq medianın hədəfində olan Azərbaycan hakimiyyəti bunun bir səbəbini də diaspor təşkilatlarının fəaliyyətsizliyi, lobbi qrupları ilə ciddi iş aparılmaması ilə bağlayır.
Məlumatda deyilirdi ki, hakimiyyət daxilində bu məsələ ciddi müzakirə mövzusudur. Bildirilirdi ki, oyunlar bitəndən sonra iqtidarın xaricdə “imicmeykerliyi” ilə məşğul olan şəxslərdən izahat tələb olunacaq.
Artıq bu prosesə start verilib. Qəzetimizə daxil olan məlumatda deyilir ki, ölkə başçısı Ilham Əliyev Avropa Oyunları bitəndən sonra xaricdə görülən işlərlə bağlı izahat tələb etməyə başlayıb. Bu məsələdə xüsusilə diasporla iş üzrə komitəsinin sədri Nazim Ibrahimov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və nəqliyyat naziri Ziya Məmmədov sorumlu tutulub. Əgər Nazim Ibrahimovdan diaspor təşkilatlarına milyonlarla vəsait ayrılmasına baxmayaraq fəaliyyətinin nədən qənaətbəxş olmamasının izahatı tələb olunubsa, Kəmaləddin Heydərov və Ziya Məmmədovdan lobbi qrupları ilə iş aparan oğlanlarının yarıtmaz fəaliyyətinin səbəbi sorulub. Məlumat üçün deyək ki, hər iki nazirin oğlanları təşkilat rəhbəridir və bu təşkilatların bilavasitə işi xaricdə Azərbaycan hakimiyyətinin müsbət imicini yaratmaqdır. Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov Avropa Azərbaycan Cəmiyyətinə rəhbərlik edir. Bir neçə il əvvəl məhz bu cəmiyyət Böyük Britaniya parlamentarilərinin Azərbaycana səfərini təşkil etmişdi. Bu məsələ Böyük Britaniya mətbuatında ciddi müzakirələrə səbəb olmuşdu. Britaniya mediası həmin parlamentariləri sərt tənqid etmişdi.
Ziya Məmmədovun oğlu Anar Məmmədov isə Azərbaycan-Amerika Alyansının rəhbəridir. Bu təşkilat isə ABŞ konqresmenlərinə dəbdəli ziyafəti ilə gündəmə gəlmişdi.
Hər iki təşkilat böyük pullar hesabına fəaliyyət göstərir.
Məlumatlara görə, böyük pullar ayrılmasına baxmayaraq ortada nəticə olmamaması Nazim Ibrahimovu, Kəmaləddin Heydərovu və Ziya Məmmədovu hədəfə gətirib.



