
FİFA prezidenti Zepp Blatter onu sərt tənqid edən britaniyalı jurnalistləri və bu ölkənin futbol rəhbərliyini qərəzli olmaqda günahlandırıb. Blatter hesab edir ki, bu münasibətin kökləri 40 il bundan əvvələ gedib çıxır: «Bu, onilliklər boyu davam edən münasibətdir. Proses 1974-cü ildə FİFA prezidentliyinə seçkilərdən sonra başladı. Həmin vaxt braziliyalı Joao Avelanjanın britaniyalı Stenli Rouz üzərində qələbə qazanması ingilisləri hədsiz qəzəbləndirmişdi. O vaxtdan britaniyalı jurnalistlərin və bu ölkənin futbol idarəçilərinin FİFA rəhbərliyinə qarşı qısqanc münasibəti başlayıb. Gözləri götürmür. Çünki həmin andan etibarən Britaniya ən sevdiyi idman növündə hakimiyyəti itirmiş oldu. İngilislər daha futbolu idarə edə bilmədikləri üçün əzab çəkirlər. Onların FİFA-ya hücumları da məhz bununla bağlıdır».
Qeyd edək ki, Britaniyanın futbol rəhbərliyi və jurnalistlər uzun müddətdir Blatteri kəskin tənqid edirlər. Britaniya 2018-ci ilin dünya çempionatına ev sahibliyi hüququnu itirəndən sonra bu tənqidlər bir az da artdı. Növbəti tənqid dalğası isə bir müddət əvvəl FİFA-da yaranmış korrupsiya qalmaqalından sonra başladı.
Gültəkin