elnurastanbeyli@gmail.com
Həbsdə olan Həsən Əliyev adlı keçmiş hakim içəridən Ilham Əliyevə bir məktub göndərib. Həmin məktubda o, özünün “çox yüksək vəzifəli bir məmurun göstərişi ilə qondarma ittiham əsasında həbs edilməsindən” yazıb.
Bəli, nə qədər gülməli səslənsə və nə qədər absurd görünsə də, artıq vəziyyət bu həddə gəlib çatıb: dünənədək özü, allah bilir, nə qədər sifarişli hökmə imza atmış, nə qədər günahsız insanın həyatını qaraltmış bir hakim indi sifarişli məhkəmə hökmünün qurbanı olmasından gileylənir! Necə deyərlər, “nə tökərsən aşına, o da çıxar qaşığına”.
Bu yerdə yadıma yapçıların qadın deputatlarından biri düşür: nə vaxtadək ki, mandatı vardı, hər yerdə ona “yaşıl işıq” idi, dayanmadan ölkədə hüquq və ədalətin fontan vurmasından basıb-bağlayır, Azərbaycanda vicdan məhbusu olduğunu deyənlərə palaz-palaz cavablar yazırdı, elə ki, onun özünü tutub qoydular içəri, məhkəmədəki çıxışında elə beləcə də dedi: “Mən inanmazdım ki, hüquq mühafizə orqanlarında belə özbaşınalıqlar baş verə bilər”.
Yaxud, Avropada Əliyev rejiminin lobbiçiliyinə ətək-ətək pul xərcləyən, onun barəsində “hüquqi-demokratik dövlət” obrazı yaratmaq üçün dəridən-qabıqdan çıxan bir “iş adamı” təzəlikcə zorla aparıldığı “bandotdel”dən çölə çağırış yollamış, içəridə döyüldüyünü deyib kömək istəmişdi.
Yuxarıda barəsində danışdığımız keçmiş hakimin türmədən yolladığı məktubu da məhz bu silsilənin davamı kimi qəbul etmək lazımdır. Hər kəs öz qazdığı quyuyu düşməyə məcbur və məhkumdur. Sadəcə, bir az gec-tezi var.
Kimlərinsə Azərbaycanın bu şəkildə idarəçiliyində birbaşa və ya dolayı yolla iştirakına bəraət qazandırmaq üçün özünü avam yerinə qoymasına, ya da artistlik etməsinə ehtiyac yoxdur. Ki, guya öz başlarına gələnədək bilmirlərmiş, ölkədə necə haqsızlıq, ədalətsizlik hökm sürürmüş!
Axı indi burnu fırtıqlı bağça uşağına da aydındır ki, Azərbaycanda nə qədər ədalətsiz, nə qədər idbar, nə qədər çağdışı, nə qədər anti-insani düzən formalaşdırılıb. Bu düzənlə barışmaq üçün bütün mənəvi dəyərlərdən, insani hisslərdən imtina etməlisən, sadəcə, maddi prinsiplərlə yaşamalısan. Həm bu düzənin bir parçası olmağa razılaşıb, həm də hansısa mənəvi keyfiyyəti qoruyub saxlamaq mümkünsüzdür.
Ona görə də bu gün adının qarşısına hər nə qədər “keçmiş” sözü yazılsa da, mən Sistemin sıralarında olmuş hər kəsə köhnə gözlə baxmağa, onlardan vəzifədə olduğu kimi iyrənməyə davam edirəm: lap elə indi türmədən giley-güzar dolu, Əliyevlər rejiminin mahiyyətini ifşa tonunda məktub yollayan keçmiş hakimdən iyrəndiyim kimi! Nə qədər keçmiş hakim olur olsun, o mənim üçün hələ də ölkədəki ədalətsiz, sifarişli məhkəmələrin simgəsidir, baxmayaraq ki, artıq özü sifarişli, qondarma həbsdən şikayətlənir. Dünəndən şikayətlənsin. Vecimə də deyil. Külək əkən bir gün fırtına biçəcəyini hesablamalıdır.
Şərə muzdurluq edənlərin sonrakı aqibəti (Azərbaycan reallığında bunun çoxlu variantları var: türməyə atılmaq, ölkədən didərgin salınmaq, var-dövlətdən məhrum olub dilənçi kökünə düşmək, müxalifətə qoşulub özünü “kirə” çıxarıb yenidən satılmaq və s. və i.a) nə qədər ağır, məşəqqətli olur olsun, bu, heç bir halda onlara acımaq və bəraət qazandırmaq üçün əsas verməməlidir. Onlar Azərbaycanın indiki duruma salınmasında könüllü şəkildə, özlərini və övladlarını bir yana çıxarmaq məqsədi ilə iştirak ediblər. Onlar biliblər ki, bu Sistemdə təmsil olunmağın şərtləri nə qədər idbar və iyrəncdir, amma onlar yenə bununla razılaşıblar, çünki pul, karyera ehtirası onların bütün mənəvi hisslərini boğub, məhv edib. Onlar biliblər ki, təmsil olunduqları, bir parçasına çevrildikləri mövcud idarəetmə ölkəni, xalqı hansı uçuruma aparır, amma onlar bununla da razılaşıblar – yetər ki, özləri və övladları üçün yaxşı olsun.
Və əgər indi onlar bütün mənəvi dəyərlərə tüpürüb maddiyyat naminə vintciyi, təkərciyi olmağa razılaşdıqları Sistemin hər hansı formada qurbanlarına, “yeminə” çevrilirlərsə – belə lap cəhənnəmə ki! Betər olsunlar. Belələrinə o da azdır.