Bu dəhşətli təbəqələşmə dövlətimizin altına yerləşdirdiyiniz minadır

İki həftəlik Avropa Oyunlarına milyardların, yalnız bir neçə saatlıq açılış və bağlanış şoularına 240 milyonun xərclənməsindən feyziyab olanlar hardadırlar? 23 yaşlı gənc, bir körpənin atası Dadaşov Elşad banka cüzi kredit borcunu verə bilmədiyi üçün özünü Bərdədə, Tərtərçayın üzərindəki körpüdən asaraq intihar edib. Bilirsiniz, bu neçənci azərbaycanlıdır ki, banklardan götürdüyü krediti ödəyə bilmədiyi üçün intihar edir? Bilirsiniz, daha nə qədər soydaşımız bu barədə düşünməyə məcbur edilib?
 
Bir tərəfdə sizin azğın, harın, var-dövlətin çoxluğu ilə lovğalanan həyat tərziniz, o biri tərəfdə də dərman almağa pul tapmayan Qarabağ qazisi, “qan pulunu” vermədiyiniz şəhid ailəsi. Bir tərəfdə bir ovuc oliqarxın əlində toplanmış 10 milyardlarla dollarlıq oğurluq vəsait, digər tərəfdə övladının təhsilini, yaşlı valideynlərinin müalicəsini təmin edə bilməyən, dərddən qaməti əyilmiş milyonlarla ailə başçısı. Bir tərəfdə sizin avropalıların belə gözünü qamaşdıran saraylarınız, cah-cəlalınız, bahalı şoularınız, digər tərəfdə də banklarınızın ərşə qalxmış fantastik faizlərini ödəyə bilmədiyi üçün canına qəsd edən vətən gəncləri. Bu ölkəni hara aparırsınız? Bu qədər ədalətsizlik, bu qədər acımasızlıqmı olar? Anlamırsınızmı ki, bu dəhşətli təbəqələşmə təkcə sizin zahiri sabitliyinizin deyil, təəssüf ki, bütövlükdə dövlətimizin altına yerləşdirdiyiniz minadır?