Bu günün şərtlərində yaxşı həyat üçün bütün imkanları olan, amma o imkanların cazibədarlığı da tam anlamıyla lənətlənmiş bir ölkədə yaşayırıq. Lənət də o deməkdir ki, gözəl imkanlar var, ancaq insanların onların üzərində heç bir hüququ yoxdur. Uzun-uzadı anlatmağa ehtiyac yox, hamı hər şeyi öz həyatından bilir onsuz da. Hamı bilir ki, iyirmi ildən artıqdır dünyanın 3 ən böyük şirkətindən biri bu ölkədə neft-qaz çıxarır, amma sadə insanların həyatına ordan gələn gəlirin 20 qəpiklik də faydası toxunmayıb. Hamı bilir ki, bu sərvətlərlə bağlı qurulan gözəl xəyallar çoxdan suya düşüb və onların müqabilində xəzinəyə axan milyardları utanmadan havaya sovurub kül ediblər. Və hamı bilməlidir ki, bu, vaxtında böyük haqsızlıqlara və özbaşınalıqlara göz yummağın cəzasından başqa bir şey də deyil…
Biz göz yumuruq və bunun cəzasını ağır ödəyəndə belə, cınqırımız çıxmır. Amma dünyanın fərqli yerlərində fərqli insanlar bizim üçün narahatlıq keçirir, əqidəsinə görə həbsdə yatan məhbuslarımızın məsələsini gündəmə gətirir, buradakı layihələrə dəstək verən qlobal şirkətləri boykota çağırır. Baxın, Böyük Britaniyada yaşayıb, bu ölkənin ən böyük şirkətini Azərbaycana görə ittiham edən insanlar var. Həm də adi insanlar deyil, dünya şöhrətli 75 nəfər sənətçi. Bəli, bu musiqiçilər Kral Opera teatrına müraciət edərək, BP-ni repressiv rejimlərə dəstək verməkdə günahlandırıb. Onlar müraciətdə Azərbaycan və Qərbi Papuanın adını çəkərək, şirkəti yerdən-yerə vurublar. Musiqiçilər BP-nin sponsorluğu iləÿtamaşaya qoyulan Mozartın “Don Juan” operasına qəti etiraz bildiriblər. Teatrın rəhbərliyi də artıq sponsorun dəyişdirilməsi ilə bağlı müzakirələrəÿbaşlayıb. Diqqət edin, böyük dəyərlərə önəm verən insanlar üçün o dəyərlərin öz ölkəsində, yoxsa min kilometrlərlə uzaqlarda tapdandığının fərqi yoxdur. Insanlıq üçün fərqi yoxdur, həbsxanalarda yatırdılan günahsız məhbusların ingilis və ya azərbaycanlı olması. Fərqli olan başqa şeylərdir. Məsələn, Azərbaycana görə səsini qaldıran ingilis sənətçiləri ilə bizim susan gözüqıpıq sənətçilərin fərqi kimi…
Bizim qayğımıza qalıb öz ölkəsinin ən zəngin şirkətini tənqid atəşinə tutan ingilis sənət adamlarına alqış olsun! Öz ordenli-medallı məddahlarımızdan bir şey gözləmirəm zatən. Amma başqa bir məqamı da xüsusi qeyd etmək istəyirəm. BP ilə on ilə yaxın iş təcrübəm olub və çəkinmədən deyə bilərəm ki, bu şirkətlə bağlı zaman müddətini həyatımın ən qazanclı dövrü sayıram. Təkcə maddi qazancdan söhbət getmir, şübhəsiz. BP getdiyi bütün ölkələrin insanlarına işçi olaraq yüksək bilik, bacarıq, təcrübə, ləyaqətli davranış, halal qazanc ənənələri aparır. Bunu kimsə dana bilməz. Mən də bu ənənələrdən öyrənən və orada gözəl dostluqlar qazanan şəxslərdən biriyəm. Ancaq iş siyasətə gəlincə… Yarandığı 100 ildən artıq bir zaman kəsiyində şirkət çalışdığı bənzər rejimlərlə heç nə olmamış kimi davrandığına və bununla talanmış, bədbəxt ölkələr siyahısını artırdığına görə hər zaman hədəfdə olub. Bu məsələ öz yerində. Amma işin başqa bir tərəfi də var. Sizcə, bu ölkədə hüquq və ədalətin hakim olması öz insanlarımızı daha çox narahat etməlidir, yoxsa xarici şirkətləri? BP şirkətində çalışan və yüksək maaş alan minlərlə yerli vətəndaş var. Bəs onların niyə heç vecinə deyil bu viranədə baş verənlər? Axı onlar da bu ölkədə doğulub-böyüyüblər və mənəvi olaraq öz ölkələri ilə bağlı bir vətəndaşlıq borcları var. Məgər həyat yalnız pul qazanmaqdan və şəxsi komfortdan ibarətdir? Bu ölkənin həbsxanalarda yatan intellektualları, min cür məhrumiyyətlərlə mübarizə aparan fədakar insanları onlardan deyilmi? Harda və nə zaman bir çöpü irəli edib bu adamlar ölkədə yaxşı dəyişikliklərin baş verməsi üçün? Axı sıralarından çıxmış Adnan və Rəşadət kimi gənclərin kiçik azlıqda qalıb həbsxanalara getməsində mənəvi olaraq onların da payı var. Bax, durum belədir. Hamı susur və gözləyir ki, möcüzə nəticəsində bu ölkənin gerçəkləri dəyişəcək. Mən möcüzələrə inanan biriyəm, Mozartın musiqi möcüzəsinə inandığım kimi. Amma insan istəmədikcə və çalışıb-vuruşmadıqca heç bir möcüzə baş verməz. Necə ki, bu ölkədə baş vermir…