Gəncəyə getmişdim və orada axtarışlarla yaşayan çox ağıllı bir gənclə tanış oldum. Sualı sualın dalınca verirdi: “Ətrafımızda çox sayda oxumuş adam yalan danışırsa, haqsızlıq edirsə, ədalətsizliyi müdafiə edirsə, mütaliənin, oxumağın, təhsilin, kitabın faydası nədir? Yalnız texnoloji yeniliklər əldə etməkmi?”
Maraqlı sualdır və bir sualla tez-tez üzləşirik…
***
Həyatımız boyu kitabı, elmi, maarifi, mədəniyyəti öyürük, hər zaman təhsilin misilsiz vacibliyini müdafiə edirik. Xüsusi və qəribə heç nə yoxdur bunda. Amma oxumuşları doğrudan da şərin qanlı ağuşunda, zülmün çevik xidmətində də çox görürük. Dünyanın ən yaxşı universitetində oxuyub “3" alanların icad etdiyi yarınmaq dəlilləri ilə haqqa qarşı çıxanları da görürük bəzən…
Baxırsan ki, özünün müstəqil söz demək haqqını boz və bəsit düşüncəli oğruların hakimiyyətinə satıb, kitabının satılmamasını dava edir kimsə. Baxırsan ki, xalq kitab oxumur deyib, kitab oxumayan haqsızlar rejiminə qulluq edənlər çox ucadan qışqırırlar. Baxırsan ki, mükəmməl mütaliəsi olan birisi kitabsız məmurların direktivləri ilə danışır və öz ağlı ilə də öyünür hələ.
Görürsən ki, alimin yalan danışması adi hala çevrilib, rejim qulluqçularının sıralarını dolduranların bir hissəsini elə oxumuşlar təşkil edir… Ümumiyyətlə, bu necə durumdur? Qapalı dairədir, Qordi düyünüdür, Rassel paradoksudur, müəmmadır, sirdir, təzaddır? Maarif, mütaliə, təhsil, elm bu adamları əyri yoldan saxlaya bilməyibsə, onda yenəmi təhsilin və maarifin misilsiz vacibliyini müdafiə etməli, yenəmi kitaba əvəzsiz dəyəri verməliyik?
Bizim cəmiyyəti xeyli tərəddüdə salmış bu suallardan qurtulmaq vaxtıdır. Təbii ki, hər şeyi birbaşa və birmənalı şəkildə maarifə, təhsilə bağlasan, yalan danışan, şərə qulluq edən oxumuşlara baxıb çaşar, ya da maarifçilik adı ilə illəri itirərsən. Amma maarifi, təhsili, kitabı inkar etsən, arzuladağın cəmiyyəti qurmaq yolunda çox vacib dayağı itirər, yanlış yola gedərsən.
Unudulmayacaq bir məqam var. Akademiklər, şöhrətli yazıçılar, ad-sanlı tanınmışlar boy-boy düzülsə də, yaxşı təhsil almış və həqiqəti deyən bir gəncin qabağında miskin görünəcək və məğlub qalacaq. Əgər o gənc “Səfillər”i mütaliə edib, bu cür möhtəşəm əsərlərin ruhu ilə köklənibsə, onun səsi toplumu valeh edəcək. Onun iqtisadi bilgiləri yalanın təbliğatını dağıdacaq. Onun tarixdən gətirdiyi xatırlamalar istibdadın sifətinə çırpılacaq. Çoxlu oxumuşlar şərə xidmət etsə belə, bəzən düzü deyən bircə oxumuş onların qulluq etdiyi rejim üçün gerçək təhlükəyə çevrilir. Nəinki oxunmuş, hətta oxunacaq kitablar da rejimlər üçün təhlükəyə çevrilir və ona görə də tarix boyu kitablar yandırılıb, qadağan olunub.
Maarif və təhsilin gücü təkcə mübarizənin mənəvi cinahlarına qoşulanlarla, öndə olanlarla bağlı deyil. Oxumuş cəmiyyəti dəyişiklik üçün toparlamaq daha asandır. Buna dəlil, sübut gərək deyil, şəksiz olaraq belədir. Təhsil və maarif topluma aid bütün göstəricilərə müsbət dinamika gətirir və insan bununla hətta özünü (bacarığını) kapitala çevirir ki, nəticədə “insan kapitalı” anlayışı ortaya çıxmışdır.
Fərdlərə gəldikdə isə, cəsarətlə yuxarıdakı fikri davam etdirməli və deməliyik, bir oxumuş min oxumuşdan üstündür. Həqiqət və ədalət üçün danışan, yaxud da yazan bir nəfər şərə, yalana xidmət edən minlərlə oxumuşa gördüyü işi tar-mar edə bilir. Yalan rejimləri heç vaxt oxumuş adamların ağlına və sözünə söykənmir, bu hakimiyyətlər həmişə zora və polis rejiminə arxalanır. Onların yalan ideyaları, hiylələri, nitq və bəraətləri bircə nəfər oxumuş adamın tənqidi ilə küləklərə sovrulur, heç olur.
Maarif, təhsil, ədəbiyyat yalnız həqiqəti deyənlərin istifadəsində öz həqiqi və fövqəl rolunu oynayır! Bu sadə və ciddi məbəddən yalanın sarayına qaçanlar oradan imtina etmişlərdir və həmin məbədin dəyərinə xələl gətirmir!