Onilliklər boyu «dərman mafiyası» insanları necə aldadıb?
Xolesterinin azlığı yaddaş pozğunluğundan xərçəngə qədər ən müxtəlif xəstəliklərə səbəb olurmuş
Xolesterinin zərərləri barədə çox eşitmisiz. Maraqlıdır ki, Qərbdə aparılan son elmi tədqiqatlar bu barədə deyilənlərin mifdən başqa bir şey olmadığını üzə çıxarıb. Sən demə, çoxlarının zərərli bildiyi, müxtəlif pəhriz və müalicələrlə qurtulmaq istədiyi xolesterinin insan orqanizminə faydaları var. Üstəlik onun azlığı insanın səhhətində müəyyən fəsadlara gətirib çıxarır.
Xolesterinin əsas özəlliklərindən biri onun mikroblara qarşı aktiv mübarizə aparmasıdır. Bu maddə ana bətnindəki dölün beyin inkişafı, həmçinin mərkəzi sinir sisteminin normal funksiyası üçün də olduqca əhəmiyyətlidir. Təsadüfi deyil ki, xolesterinin 23 faizi məhz beyində toplanır.
Xolesterinin faydaları…
Mövzunu araşdıran Rusiyanın tibb elmləri namizədi, həkim O.I.Senyova bildirir ki, əgər əvvəlki nəsillər xolesterindən qurtulmaq üçün qatı pəhrizlər saxlasaydı, müasir insanın beyin funksiyaları xeyli geriləmiş olardı: “Xolesterinin miqdarında kəskin azalma orta yaşlılarda və qocalarda ciddi yaddaş zəifliyinə səbəb olur. Xolesterinin həyati əhəmiyyət daşıyan daha bir xüsusiyyətini qeyd etmək istəyirəm. Bu maddə D vitamini və böyrəküstü hormonların sintezində böyük rol oynayır. Xolesterinin azlığı orqanizmin stressə qarşı mübarizəsini də zəiflədir. Qida rasionunda heyvan mənşəli yağlar azalarsa, böyrəklər normadan artıq yüklənmiş olacaq. Yaşam üçün xolesterinin olması zəruridir. Əks halda böyrəklər bu maddəni karbohidratlardan almalı olacaq. Qidalarda xolesterinin azlığı qara ciyər üçün çox ciddi böhran deməkdir. Yaxşı olmazmı ki, qara ciyərə öz işiylə məşğul olmağa – toksinləri rahat xaric etməyə imkan yaradaq?! Bəlkə də heç kim bilmir ki, xolesterin antioksidant təsirə malikdir. Onun miqdarının normadan az olması xərçəng riskini artırır, yaddaş zəifliyi yaradır, Parkinson xəstəliyinə, həmçinin insulta, aqressiyaya və bəzi hallarda özünü öldürmə həddinə gəlib çıxmağa səbəb olur. Bəlkə də buna görədir ki, az yağlı pəhrizlərin geniş yayıldığı ABŞ-da məsələn, məktəblərdə kütləvi qətllər həyata keçirilir. Ona görə sizə məsləhət görürəm – əgər kimsə bədənində xolesterinin az olması ilə öyünürsə, o adamla mümkün qədər mülayim davranmağa çalışın”.
O.I.Senyova illərdir iddia edildiyinin əksinə olaraq xolesterinin infarkta şərait yaratmadığını deyir: “Xolesterinlə bağlı yayılan mif ona gətirib çıxarıb ki, sağlamlıq üçün faydalı olan heyvan mənşəli yağlar ürəyin düşməni elan olunub. Hətta ifrata varıb yumurtanını ağını yeməyənlər də var. Halbuki yumurtanın ağı onun ən xeyirli hissəsidir”.
ABŞ prezidenti də yalan məlumatın qurbanı olub
Rusiyalı həkimin sözlərinə görə, illərdir oturuşmuş yanlış informasiyanın qurbanlarından biri də ABŞ-ın keçmiş prezidentlərindən biri Duayt Eyzenxaur olub: “Ilk infarktdan sonra həkimlər onu aşağı xolerestinli pəhrizə oturdublar. Pəhrizə baxmayaraq, xolesterinin miqdarı yüksəlməyə başlayıb. Heyvan mənşəli yağlardan nə qədər az istifadə olunubsa, xolesterinin miqdarı bir o qədər yüksəlib. Paralel olaraq çəki də artmağa başlayıb. Yanlış müalicənin nəticəsi acı olub. Prezident bir neçə dəfə infarkt keçirib və sonda da ürəyi tab gətirməyib. Heyvan mənşəli yağların zərərini, onun infarkta, ateroskleroza səbəb olduğunu sübut etmək üçün milyonlarla dollar pul xərclənib. Amma indiyə qədər bir dənə olsun, real sübut tapılmayıb. Bunun əvəzinə xolesterin əleyhinə dərman preparatı satışlarda liderliyi əldə edib. Yüksək xolesterin bədəndə iltihab olduğunun nişanələrindən biridir, onu yaradan səbəb deyil. Damarların divarını kirəçləndirən bir çox faktor var. Məsələn, qanda şəkərin, insulinin artması. Təsadüfi deyil ki, infarkt keçirən insanların yarısında xolesterin probleminin olmadığı müəyyən edilib. Və yaxud bu maddənin miqdarı normadan az olan insanlarda ölüm halları iki dəfə artıq olub”.
Gültəkin