“İlham Əliyev hökuməti Moskvaya yönəlik qərarlı dəyişiklik edib”
“Aydındır ki, Xədicənin işi və eləcə də İlham Əliyev böyük bir geosiyasi oyunun kiçik hissəsidir”
“Azadlıq” radiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılın həbsinə görə bir neçə aksiya təşkil etmiş həmkarı Amanda Rivkin “Amerikanın səsi”nə müsahibəsində onun azad olunması ilə bağlı rəsmi təzyiqlərin səviyyəsindən narazı olduğunu bildirib. Xədicənin həbsi ilə Azərbaycan siyasətində yeni dövrün başlandığını dilə gətirən xanım Rivkin İlham Əliyev hökumətinin Moskvaya yönəlik qərarlı dəyişiklik etdiyini deyib.
Rivkin əmindir ki, Xədicə İsmayılın həbsi sırf siyasi motivlərlə bağlıdır. “Əminəm ki, bu iş bütünlüklə siyasi motivlidir və Xədicənin prezidentin ailəsinin Azərbaycandakı biznesləri, müxtəlif ofşor hesabları və İsveçin telekom provayderi TeliaSonera kimi beynəlxalq biznesləri barədə araşdırmaları ilə bağlıdır, ona görə də hər hansı iddia nağıldan başqa bir şey deyil. Fakt budur ki, ilkin ittihamnamədə özünü öldürmə həddinə çatdırıldığını deyən keçmiş dostu sonradan ölkənin təhlükəsizlik agentliyi tərəfindən şantaj olunduğunu deməsi və o zamandan bəri ictimai şəkildə iddiasını geri götürməsini deməsi işin tam qurama olduğunu göstərir”.
Xədicə İsmayılın azad olunması üçün Azərbaycan hökumətinə olan təzyiqlərə gəlincə, Rivkin deyib ki, bunun səviyyəsindən narazıdır, çünki Xədicə hələ də həbsdədir. “Xədicə həbsdə ola-ola kəskin və ruhlandırıcı araşdırmalarını davam etdirir və mən onun cəsarətinə heyranam. Mən şəxsən ABŞ hökumətinin bir çox rəsmisi ilə birbaşa Xədicənin işi ilə bağlı təmas qursam da, bu məsələ ictimai xarakter almayıb. Bu, çox təəssüfedicidir. Mən həmçinin inanıram ki, Malala Yusifzayla bağlı gördüyümüz kimi xarici qrupların təzyiqlərinin əks-effekti ola və həmin şəxsi narahat edə bilər. Bu işdə Xədicə xarici hökumətlərin, qüvvələrin vasitəsi kimi göstərilir və yerli fikirdə ona qarşı istifadə edilir. Ancaq bilirəm ki, Azərbaycanda bu işdən xəbəri olanlar Xədicə kimi sülalə kleptokratiyasında yaşadıqlarından xəbərdardırlar və onun səylərini dəstəkləyirlər. Xədicənin hazırda hələ də dəmir barmaqlıqlar arxasında olması faktı onu deyir ki, Azərbaycan hökumətinə yetərli effektiv təpki göstərilməyib”, – deyə Rivkin qeyd edib.
Xədicə İsmayılın həbsi ilə İlham Əliyev hökumətinin reputasiyasına nə dərəcədə ziyan dəydiyi barədə suala cavabında Rivkin maraqlı bir məlumat verib: “Mənim regionda yüksək vəzifəli diplomatlarla danışıqlarımdan başa düşdüyüm və inandığım odur ki, Putin və Rusiya hökuməti Azərbaycan prezidenti İlham Əliyevi inandırıb ki, Ukrayna hadisələrinin fonunda ABŞ onu devirməyə çalışır”.
Onun fikrincə, bu iddia yanlışdır. İlham Əliyev ABŞ-ın regiondaki müttəfiqlərini təbii qaz və neftlə təmin etməklə uzun illər Qərb maraqlarına xidmət edib. Başqa tərəfdən, Azərbaycanda rejim dəyişikliyinə güclü yerli istək olmadığı təqdirdə çətin ki, ABŞ buna cəhd göstərsin. Bu baxımdan İlham Əliyevə və onun hökumətinə dəyən zərbələr elə onun özü-özünə vurduğu zərbələrdir.
“Aydındır ki, Xədicənin işi və eləcə də İlham Əliyev böyük bir geosiyasi oyunun kiçik hissəsidir. Əslində, İlham Əliyev Xədicəni beynəlxalq səviyyədə yüksəldib, indi bəlkə də onu Əliyevdən daha yaxşı tanıyırlar…”, – deyə Rivkin vurğulayıb.