Əliyev antiQərb alyansına can atır

Hikmət Hacızadə: «Azərbaycan belə bir addım atmasaydı, bu cür bəyanatlar səslənməzdi»

“Azərbaycan, Kamboca və Suriya Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) maraq göstərirlər, lakin üzv olmaq üçün dəqiq meyarlar var və onlara riayət etmək lazımdır”.
“Trend”in verdiyi məlumata əsasən, bunu Rusiya Federasiyası (RF) prezidentinin müşaviri, RF-nin ŞƏT və BRIKS-də nümayəndəliyinin hazırlanması və təmini üzrə təşkilat komitəsinin məsul katibi Anton Kobyakov deyib.
O bildirib ki, Azərbaycan, Kamboca, Suriya, Misir və Şri Lanka ŞƏT-ə maraq göstərirlər: “Təşkilata daxil olmaq üzrə dəqiq qaydaların olduğu 28 sənəd var. ŞƏT-ə daxil olmazdan əvvəl onlara riayət etmək lazımdır”.
Azərbaycanın belə bir təşəbbüslə çıxış etməsi maraq doğurur. Çünki Şanxay Əməkdaşlıq Təşkilatı Qərbə qarşı yaradılmış bir qrumdur.
Onu da xatırladaq ki, ŞƏT bir müddət əvvəl Azərbaycana dialoq üzrə tərəfdaş statusu vermək niyyətini açıqlamışdı. Bu fikri RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev səsləndirmişdi: “Biz Hindistan, Iran və Pakistanın qəbul edilməsi, habelə Belarusa müşahidəçi, Azərbaycan və Ermənistana isə dialoq üzrə tərəfdaş statusunun verilməsi haqqında ərizələrə baxılmasının gedişini müzakirə etdik. Fikrimiz ŞƏT dövlət başçılarının nəzərinə çatdırılacaq”.
ŞƏT 2001-ci il iyunun 15-də Şanxayda yaradılmış, daimi əsaslarla fəaliyyət göstərən regional beynəlxalq birlikdir. Hazırda ŞƏT üzvləri Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistandır. Əfqanıstan, Hindistan, Iran, Monqolustan və Pakistan müşahidəçi statusundadır, Belarus, Türkiyə və Şri-Lanka “dialoq üzrə tərəfdaş”dır.
Bəs Azərbaycanın bu təşkilata sıx əməkdaşlığı nə vəd edir? Bu addım Qərbin hansı reaksiyasına səbəb ola bilər?


Politoloq Hikmət Hacızadə bildirdi ki, Azərbaycanın bu addımı həqiqətən də maraq doğurur. H.Hacızadənin sözlərinə görə, Azərbaycan belə bir addım atmasaydı, bu cür bəyanatlar səslənməzdi: “Azərbaycan dəfələrlə bəyan edib ki, Rusiya ilə müxtəlif sahələrdə geniş əməkdaşlığa hazırdır. Bu əməkdaşlığın yeganə şərti isə Qarabağ münaqişəsiylə bağlı yardım istəyidir. Azərbaycan problemin öz xeyrinə həllinə çalışır. Ona görə bu cür bəyanatlar verir. Əgər Rusiya Qarabağ məsələsini həll etməyə başlayarsa, Azərbaycan onun proyektlərində iştiraka razılıq verə bilər”.
Amma Şanxay təşkilatını ciddi layihə saymayan H.Hacızadə vurğuladı ki, Gömrük və Avrasiya Ittifaqı kimi Şanxay Əməkdaşlıq Təşkilatının da perspektivi yoxdur: “Rusiyanın yaratdığı təşkilatlara daxil olan dövlətlərin əksəriyyətinin pulları, malları istehsalatı yoxdur. Kambocanın nə istehsalatı var? Azərbaycanın neftdən başqa hansı sahəsi inkişaf edib?”.

Xəyal