Iran və dünyanın aparıcı gücləri arasında Tehran üzərindən ABŞ və Avropa sanksiyalarının qaldırılmasına dair ilkin sınaq sazişi imzalanıb, lakin tərəflər arasında Iranın nüvə fəaliyyəti ilə bağlı fikir ixtilafları qalmaqdadır. Diplomatlar bildirirlər ki, onlar Iran üzərindən sansksiyaların qaldırılma mexanizminə dair sınaq sazişinin mətnini razılaşdırıblar.
Vaxt cədvəli
Bununla belə, altı Qərb dövləti Iran üzərinə BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə qoyulmuş sanksiyaların qaldırılması, habelə Iran şərtlərə əməl etmədiyi təqdirdə bu sanksiyaların təkrar qoyulması mexanizmi barədə də razılığa gəlməlidir. Diplomatlar bildirirlər ki, Iranla bağlı heç də bütün məsələlərə hələlik aydlınlıq gətirilməyib.
Onlar deyiblər ki, sanksiyaların qaldırılması üçün vaxt cədvəli nüvə enerjisinə dair yekun sazişinə əlavə olunacaq.
Dörd-beş məsələ
Iranın baş nüvə danışıqçısı Abbas Araghchi deyib ki, sanksiyalara dair “dörd-beş məsələ” barəsində açıq qalan suallar vardır. Bunlardan biri də Tehranın öz nüvə proqramını məhdudlaşdırması ilə onun üzərindən sanksiyaların qaldırılmasının sinxronlaşdlırılması məsələsidir.
“Iran üzərindən sanksiyaların qaldırılması ilə Tehranın texniki öhdəliklərinə əməl etməsinin eyni vaxtlılığına dair qəliz məsələ həllini tapmayıb” – deyib Araghchi.
Danışıqlara görə saziş əldə olunan kimi, yəni elə gələn həftə Iran nüvə proqramını məhdudlaşdırmalıdır.
Tehrana “əliboş?”
Lakin Araghchi deyib ki, bu prosesə dörd ay vaxt lazım gələ bilər. O işarə vurub ki, Iran sanksiyaların qaldırılmasını belə uzun müddətdə gözləmək niyyətində deyil.
Əgər biz bütün qırmızı xətlərimizə ehtiram göstərən razılaşma əldə edə bilsək saziş hasilə gələcək. Əks halda biz Tehrana əliboş qayıtmağa da hazırıq
Araghchi həmçinin xəbərdarlıq edib ki, danışıqlar hələ də iflasa uğraya bilər.
“Əgər biz bütün qırmızı xətlərimizə ehtiram göstərən razılaşma əldə edə bilsək saziş hasilə gələcək. Əks halda biz Tehrana əliboş qayıtmağa da hazırıq” – deyib Iran rəsmisi.
Bir vəzifəli ABŞ rəsmisi jurnalistlərə deyib ki, hətta bütün məsələlər ekspertlər səviyyəsində həll ediləndən sonra da, elə məqamlar var ki, bunları nazirlər müzakirə etməli olacaqlar.
7 iyul – yeni tarix
ABŞ dövlət katibi Con Kerri deyib ki, tərəflər arasında indiyədək bu qədər sıx yaxınlıq olmayıb, lakin danışıqların uğuruna hələ də tam təminat verilə bilməz.
Con Kerri, habelə Iranın və Çinin xarici işlər nazirləri Mohammad Cavad Zarif və Wang Yi danışıqların aparıldığı Vyana şəhərini tərk etməyiblər.ÿ
Bütün səylərə baxmayaraq yekun saziş iyunun 30-dək verilmiş möhlət müddətində əldə oluna bilməyib, lakin indi dilplomat və ekspertlər 7 iyulu yeni tarix elan ediblər.
Bütün tərəflər razılaşmaya yaxın olduqlarını bildirirlər.
Sazişin 90 faizi hazırdır
Qərb və Iran rəsmiləri deyirlər ki, çox müşkül məsələlərdən birinə – Iranın nüvə obyektlərinin gələcək sazişə müvafiq şəkildə monitorinqinə dair kompromis əldə oluna bilər.
Gözlənilən başqa bir kompromis Iranın aşağı dərəcəli uran anbarına aiddir. Qərb və Iran diplomatları bildirirlər ki, Iran aşağı dərəcədə zənginləşdirilmiş uran ehtiyatının əksər hissəsinin ölkədən çıxarılması məsələsinə baxır. Tehran əvvəllər buna qəti etiraz bildirmişdi.
Rusiya diplomatları deyiblər ki, azı 20 səhifə həcmində olacaq yekun sazişinin “90 faizi yazılıb”.
Iranın nüvə keçmişi
Bununla belə çoxsaylı fikir ayrılıqları qalır. Bunlardan biri də Iranın keçmişlərdə nüvə təhqiqatının hərbi aspekti ilə məşğul olub-olmadığına dair dalana dirənmiş BMT araşdırmasıdır. BMT bildirir ki, Iranın razılıq verəcəyi təqdirdə bu məsələnin araşdırılması ilin sonlarınadək başa çata bilər.
Qərb diplomatları bildiriblər ki, onlar bu sahədə Tehrandan açıq etiraf tələb etmirlər, lakin BMT Iranın nüvə proqramının keçmişinə dair hər şeyi bilməlidir.
Başqa bir çətinliyi yaradan Iranın təkmil sentrifuqlar, uranı nüvə stansiyalarında istifadə məqsədilə təmizləyən qurğular üzərində tədqiqat işlərini davam etdirməkdə israrlı olmasıdır.
(azadliq.org)