
İntiqam Əliyevin vəkili məhkəmə zalında fiziki kobudluğa məruz qaldı
Apelyasiya məhkəməsində ilk iclasda hüquq müdafiəçisinin vəsatətlərinin heç biri təmin olunmadı
Ölkənin ən tanınmış və peşəkar hüquqşünaslarından biri olan vicdan məhbusu Intiqam Əliyev dünən yenə məhkəmə qarşısına çıxıb. Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyilə Bakı Ağır Cinayətlər Məhkəməsinin Intiqam Əliyevin barəsində çıxardığı hökmdən verilmiş şikayət üzrə ilkin baxış iclası keçirilib.
Intiqam Əliyevin vəkili Cavad Cavadov iclasda bir sıra vəsatətlər qaldırıb. Vəkil ilk növbədə müvəkkilinin məhkəmə zalında quraşdırılmış səskeçirməyən şüşə kabinədən çıxarılıb, onunla yanaşı əyləşməsinə qərar verilməsini istəyib. Bu vəsatətini əsaslandırarkən bildirib ki, Intiqam Əliyev orada saxlanıldığı halda, lazım olan anlarda vəkil kimi müvəkkili ilə məsləhətləşə bilmir. Bu da müdafiə hüququnun kobud şəkildə pozulmasıdır və Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinə ziddir.
Vəkilin digər vəsatəti apellyasiya şikayəti üzrə məhkəmə iclaslarının audio və video yazısının aparılmasına icazə verilməsi haqda olub.
Cavad Cavadov onu da qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsindəki proses zamanı Intiqam Əliyevin imza nümunələrinin xətşünaslıq ekspertizasına göndərilməsinə dair vəsatət versələr də, təmin edilməyib. Lakin müdafiə tərəfi müstəqil şəkildə həmin imzaların Intiqam Əliyevə məxsus olub-olmadığını aydınlaşdırmaq məqsədilə onları ekspertizaya təqdim edib. Vəkil Varşava universitetinin professoru tərəfindən verilmiş ekspert rəyini məhkəməyə təqdim edərək, onun sübut kimi məhkəmədə tədqiq olunmasını xahiş edib.
Daha bir vəsatət Intiqam Əliyevin barəsindəki həbs-qətimkan tədbirinin girov və ya ev dustaqlığı qətimkan tədbirilə əvəzlənməsi, həmçinin apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması barədə olub.
Digər vəkil Fəxrəddin Mehdiyev də həmkarının vəsatətlərini dəstəkləyib.
Intiqam Əliyev özü də vəkilinin qaldırdığı vəsatətlərlə bağlı fikirlərini açıqlayıb. O, ilk növbədə şüşə kabinədən çıxarılmasına dair vəsatətə münasibət bildirərək deyib ki, vəkillərilə məsləhətləşə bilməməsi bir yana, heç məhkəmə zalında danışılanları da eşidə bilmir. Ona görə də vicdan məhbusu vəkilinin digər vəsatətlərinə kabinədən çıxarıldıqdan sonra münasibət bildirəcəyini deyib.
Lakin prokuror Intiqam Əliyevin şüşə kabinədən çıxarılmasına dair vəsatətin təmin olunmamasını istəyib. Yeri gəlmişkən, prokuror çıxış edərkən vicdan məhbusu bir neçə dəfə şüşəni döyərək, heç nə eşitmədiyinə işarə edirdi.
Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər heyəti Intiqam Əliyevin şüşə kabinədən çıxarılmasına dair vəsatətin təmin olunmaması barədə qərar verib. Bu da müdafiə tərəfinin narazılığına səbəb olub. Vəkil Cavad Cavadov bildirib ki, hətta Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən Intiqam Əliyevin dəmir barmaqlıqlardan çıxarılaraq, vəkillərinin yanında əyləşməsinə icazə verilmişdi.
Vəkil həmçinin müvəkkili ilə məsləhətləşməyə ehtiyac olduğunu bildirərək, buna imkan yaradılmasını istəyib. Hakim icazə verəndən sonra vəkil məsləhətləşmək üçün kabinəyə daxil olmaq istərkən məhkəmə nəzarətçilərindən biri onun qolundan tutaraq, içəri daxil olmasına mane olub. Vəkil hakimə bildirib ki, nəzarətçi ona qarşı fiziki kobudluq edir. Nəzarətçi də deyib ki, heç kimin məhkumla kamerada tək qalmasına icazə verilmir. Vəkil və Intiqam Əliyev buna etiraz edərək, vəkillə görüşün konfedensiallığının pozulduğunu bildiriblər.
Daha sonra prokuror Cavad Cavadovun digər vəsatətlərinə də münasibət bildirərək, onların heç birinin təmin olunmamasını istəyib. Elə hakimlərin də vəsatətlərlə bağlı qərarı prokurorun mövqeyinə uyğun olub – vəsatətlərin heç biri təmin olunmayıb.
Beləliklə, Intiqam Əliyev barədə həbs-qətimkan tədbiri dəyişdirilmədən, audio-vidoyazı olmadan və məhkəmə istintaqı aparılmadan keçiriləcək məhkəmə prosesi iyulun 21-nə təyin olunub.
Xatırladaq ki, Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyev ötən il avqustun 8-də həbs olunub. Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin yerli və beynəlxalq ictimaiyyət Intiqam Əliyevin hüquq müdafiəçisi kimi fəaliyyətinə, o cümlədən hüquqları pozulmuş vətəndaşların şikayətlərini Avropa Məhkəməsinə hazırlayıb göndərdiyinə görə cəzalandırıldığı qənaətindədir. Təsadüfi deyil ki, “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Intiqam Əliyevi “vicdan məhbusu” elan edib.
Aytən Məmmədova