“Məşhur filmlərdən məşhur sitatlar”

Məşədi Ibadın dilimizə düşən məsəlləri: «Baxım görüm mal necə maldı»

Modern.az saytı “Məşhur filmlərdən məşhur sitatlar”  rubrikasında növbəti yazını təqdim edir. Burada adından da göründüyü kimi, filmlərdə işlədilən və sonradan zərbi-məsələ çevrilən, insanlar arasında tez-tez işlədilən söz nümunələrindən danışılır.
Bu dəfə toxunduğumuz ekran əsəri hamımızın sevə-sevə baxdığımız, özündə “göz yaşı içində gülüş” konsepsiyasını  lazımınca daşıyan, dövrün cahil insan və hüquqsuz fərd problemini çox böyük ustalıqla əks etdirən, Azərbaycanın ilk rəngli bədii filmi olan “O olmasın, bu olsun” filmidir. Film tamaşaçılar arasında “Məşdibad” adı ilə də məşhurdur.
1956-cı ildə çəkilən film o vaxtdan bu yana öz dəyərini qoruyub saxlamaqdadır. Filmin əsas uğuru rejissor Hüseyn Seyidzadənin dahi Üzeyir bəy ideyalarını, replikalarını ustalıqla qoruyub saxlaması oldu. Məhz həmin replikalar, problemin gülüşə bükülü halda təsviri filmin aktuallığını bu gün də qoruyub saxlayır. Həmin filmdən bu gün də dillər əzbəri olan və yeri gələndə işlətdiyimiz sitatlarına baxaq.
Təbii ki, zərbi-məsələ çevrilən sitatların əksəriyyəti əsas obraz Məşədi Ibadla bağlıdır. Üzeyir bəyin uşaq vaxtı real həyatda gördüyü  və operettada prototipini yaratdığı acgöz, qoca baqqal Məşədi Ibadı əslində teatrda olduğu kimi kinoda da dövrün məşhur aktyoru Mirzağa Əliyev oynamalı imiş. Amma o, çəkilişlərə az qalmış dünyasını dəyişdiyindən rejissor məcburi surətdə bu rolu Əliağa Ağayevə həvalə edir. Etiraf etməliyik ki, filmin və obrazın bu qədər çox sevilməsində aktyorun və onun baməzə səsinin rolu az olmayıb. Əliağa Ağayev Məşədi Ibadı dilləndirərkən istifadə etdiyi bu sitatlar indi də dillər əzbəridir:

“Heç hənanın yeridi?” – Bu, Məşədi Ibadın Gülnaz xanım və qulluqçu Sənəmlə görüş səhnəsində deyilən cümlədir ki, bu gün az qala bütün Azərbaycan filmlərinin ən məşhur sitatı sayıla bilər.
Elə həmin görüşdə Məşədinin səsləndirdiyi aşağıdakı ifadə yeri gələndə bu gün də zərbi-məsəl kimi işlənir:
“Bir dəli şeytan deyir, bunların ikisini də birdən al”.
Məşədi Ibadın həmin görüşə gəlmək üçün Rüstəm bəyə dediyi “Bu qədər pulum çıxıb, bir baxım görüm mal necə maldı” sitatı da bu gün tez-tez qulağımıza dəyir.
Amma görüşdən az əvvəl güzgülənmə səhnəsində papağın qoyuluş tərzini yoxlayarkən “Indi mən bu papağı necə qoyum ki, qızın məndən xoşu gəlsin” cümləsi heç kimin də olmasa,  xanımla görüşə gedən bəylərin dilindən bu və ya buna oxşar hallarda səslənir.
Məşədi Ibad tərəfindən səsləndirilən daha iki sitat da var ki, bu gün onların dillər əzbəri olmasına, az qala el məsəli kimi işlənməsinə kimsə şübhə edə bilməz:
“Mən özüm ”Tarixi-nadir" kitabını yarıya qədər oxumuşam, amma sənin dediyini anlamıram. Bu bisavdlar hardan başa düşsün?!" (qonaqlıq səhnəsində Məşdibadın qəzetçi Rza bəyə müraciəti)
“Gəlini gətirəndə bir baxmadınız ki a, bu arvaddı ya kişidi?!” (Filmin son kadrlarında Məşədinin öz adamlarına rişxəndlə etdiyi müraciət)
Filmdə Məşədi Ibad tərəfindən deyilən başqa məşhur sitatlar:
“Mənim bir eybim varsa, o da eyibsizliyimdir” (toy gecəsi özünə süni dəyər verərkən səsləndirdiyi fikir);
“Mənə meymun dediyin bəs deyil, hələ bir əl də verirsən?!” (qonaqlıq səhnəsində sərxoş Həsən bəyə müraciətlə);
“Mən istəyirdim adaxlıbazlığa gecə gəlim, halbuki gündüz də hasarı aşmaq olmur” (adaxlıbazlıq səhnəsi);
“Məşədi Qəzənfər, bunlar hamısı sənin hamamının suyunun təsirindəndir” (hamam səhnəsində qonaqlar yalandan şuluq salan zaman hamamçıya deyilir);
“Yaxşı bəs, hamampulunu kim verəcək?” (yenə də bəylərin çimdiyi hamam səhnəsi);
“Mən bunu qabaqlar çox təcrübə eləmişəm” (toy gecəsi deyilən və qadına olan təzyiqi əks etdirən bu fikir əslində Məşədi Ibadın bir obraz kimi gizlin iç üzünü açır).


Filmdəki başqa obrazların dilindən deyilən və sonradan zərbi-məsələ çevrilən digər sitatlar:
“Hazır gəlim, yoxsa?..” (sərxoş Həsən bəyin Rüstəm bəyə şərabı işarə edən müraciəti);
“Babalı Sərvərin boynuna” (Sərvərin Rüstəm bəyi razılığa gətirərkən dediyi məşhur cümlə);
“Qızın iki adaxlısı var” (bazar camaatının Məşədi Ibadı məsxərəyə qoyaraq səsləndirdiyi məşhur sitat);
“Məşədi, bəs mənim bir abbasım hanı”: (hambalın Məşədidən film boyu bir abbasısını istəyərkən ona tutduğu irad);
“Şairin sözünə qızıl gül cavab verdi” (Gülnaz darvazanın o tayında şeir deyən studentlərə gül atarkən deyilir)
“…bu ehsan deyil…” (Kişmiş satanın Qoçu Əsgərin keçisini cəzalandırması səhnəsi);
“Kişiyə yox, kişinin puluna” (qonaqlıq səhnəsində qəzetçi Rza bəy Rüstəm bəyin Məşədi Ibada qız verməsini bu amillə əlaqələndirir);
“Bilmirəm bu hamamdakı sudu, ya bozbaşdu” (Həsən bəy və Hətəmqulu bəyin pulu verməməkdən ötrü hamamda şuluqluq salarkən gətirdikləri bəhanə);
“Bəy gərək öz toyunda oynasın ki, ucuzluq olsun” (Qoçu Əsgərin dilindən Məşədi Ibad üçün deyilən bu sitatı az qala hər birimiz heç olmasa bir-iki dəfə toyda tamadaların dilindən eşitmişik).