Əlayif Həsənov səlahiyyətlərindən məhrum edildi

Vidadi Mirkamal: «Əlayif Həsənov Azərbaycanda sayı az olan vicdanlı vəkillərdən biridir»

Daha bir vəkilin fəaliyyəti məhdudlaşdırıldı. Səbəb onun demokratik düşərgəyə yaxın olması, hakimiyyətin ifşaedici məhkəmələrində iştirakıdır. Iyulun 3-də Bakı Apelyasiya Məhkəməsi vəkil Əlayif Həsənovun Yasamal Rayon Məhkəməsinin hökmündən verdiyi şikayətə baxıb. Məhkəmə vəkilin apelyasiya şikayətini təmin etməyib – birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.
Xatırladaq ki, Yasamal Rayon Məhkəməsi noyabrın 6-da vəkilin barəsində dustaq Nuriyyə Hüseynovanın xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında hökm çıxarıb. Hökmə əsasən, Əlayif Həsənov CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə təqsirli bilinərək, 240 saat ictimai işlər cəzasına məhkum edilib.
Nuriyyə Hüseynova Kürdəxanıdakı 1 saylı Bakı Istintaq Təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusla eyni kamerada saxlanılıb. Əlayif Həsənov müdafiəçisi olduğu Leyla Yunusa istinadən açıqlama yaymışdı ki, Nuriyyə Hüseynova kamerada hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq edir. Nuriyyə Hüseynova Əlayif Həsənovu buna görə xüsusi ittiham qaydasında məhkəməyə verərək, onun təhqir və böhtana görə cəzalandırılmasını istəmişdi.
Əlayif Həsənov Bakı Apelyasiya Məhkəməsinə şikayətində hökmün ləğvini və ona bəraət verilməsini xahiş etmişdi.
Əlayif Həsənov “Azadlıq”a açıqlamasında bildirib ki, Bakı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək. Əgər Ali Məhkəmə də şikayəti təmin etməsə, o halda, işi Avropa Məhkəməsi müstəvisinə çıxaracaq.


Ə.Həsənovun onun tələbəsi olduğunu deyən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ədliyyə generalı Vidadi Mirkamal bildirdi ki, Ə.Həsənovun hədəf seçilməsi təsadüfi deyil: “Əlayif Həsənov Azərbaycanda azsaylı vicdanlı vəkillərdən biridir. Indiyə qədər onun, vicdan məhbuslarının, demokratik düşərgənin aksiyalarında həbs olunanların hüquqlarının müdafiəsində böyük rolu olub. Ona görə hakimiyyət bu sahədə çalışan vəkilləri çoxdan hədəf seçib. Bu cür proseslərə çıxan vəkillər həmişə təzyiq altında olub. Əlayif Həsənov da belə vəkillərdən biridir”.
V.Mirkamal bildirdi ki, Ə.Həsənov hüquqi biliklərinə görə Vəkillər Kollegiyasında ilk onluqda olan vəkildir. Ə.Həsənovun öz peşə hazırlığını, biliyini dələduzluğun deyil, haqqın müdafiəsinə yönəltdiyini deyən V.Mirkamal vurğuladı ki, o, vicdanın səsinə qulaq asaraq addım atıb. “Bu, Azərbaycanın adına utanc gətirən prosesdir. Vəkillər Kollegiyasının rəhbərliyi bu barədə düşünməlidir. Bu formada davam edərsə, Azərbaycanda bir nəfər də olsun siyasi işlərə çıxan vəkil qalmayacaq. Eyni zamanda siyasi fəaliyyətlə məşğul olan və hüquqları pozulan insanlar müdafiəsiz qala bilər. Düşünürəm ki, Əlayif Həsənov və başqa bu kimi vəkillərin hüquqları bərpa olunmalıdır”.

Xəyal