«Leyla» özəl klinikasında özəllikdən əsər-əlamət yoxdur
İmişli rayonunun bir qrup sakini “Azadlıq”a məktub göndərib. Rayonun səhiyyə sistemindən narazı əhalisinin yazdığı məktubda deyilir:
“Bizə məlum olmayan yüksək vəzifəli məmurun himayəsilə iki ildir ki, özəl ”Leyla" tibb mərkəzi fəaliyyət göstərir. Dövlət orqanları məlumatlı olsa da, tibb mərkəzinin qanunsuz fəaliyyətinə göz yumurlar. Tibb mərkəzinin Səhiyyə Nazirliyinin lisenziyası olmadan fəaliyyət göstərməkdən əlavə, hüquqi sənədləri də yoxdur. Mərkəz vergi orqanında, Dövlət Sosial Müdafiə Fondunda tibb mərkəzi kimi qeydiyyatda deyil və dövlət rüsumu vermir. Orada işləyən bir neçə nəfər saxta VÖEN götürərək özlərini vergi ödəyicisi kimi qələmə verirlər. Səhiyyə Nazirliyinin lisenziyası olmadan heç bir şəxs tibbi xidmət göstərə bilməz. Tibb mərkəzində işləyənlərin müəssisənin qeydiyyatı olmadığı üçün rəhbərliklə əmək müqavilələri yoxdur. Varsa da, onun hüquqi əsası, müəssisənin tibbi xidmət göstərmək səlahiyyəti yoxdur.
Tibb mərkəzinin yerləşdiyi bina sanitar-gigiyenik-kommunal normativlərə cavab vermir. Orada işləyən həkim və tibb işçilərinin heç biri Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasının imtahanlarından keçməyib və sertifikatları yoxdur. Sertifikatı olmayan həkimin dövlət və özəl tibb müəssisəsində işləmək hüququ yoxdur. Tibb mərkəzinin rəhbəri və mama-ginekoloqu Rəxşəndə Şahbazova rayon mərkəzi xəstəxanasında çoxlu sayda ana və uşaq ölümünə görə tutduğu vəzifədən 10 il öncə azad olunub və xəstəxanadan qovulub. Təkmilləşdirmə kurslarında olmayan bu şəxsin həkimlik etmək hüququ yoxdur. O sonradan “Leyla” tibb mərkəzini açıb. Mərkəzdə doğuş şöbəsi olmadığı halda doğuş tutulur, kriminal abortlar edilir, xəstə qadınların və hamilələrin uçotu aparılmır. Səhiyyə Nazirliyi və rayon səhiyyə şöbəsinə hesabat verilmir.
Imişli rayonunun Cavadxanlı kənd sakini, 1979-cu il təvəllüdlü Rüzgar Usubova 12 noyabr 2013-cü ildə orada doğuş vaxtı dünyasını dəyişib. Lakin rayon prokurorluğunda açılan cinayət işi ört-basdır edilib. Ana ölümünə görə Səhiyyə Nazirliyinin 4 nəfərdən ibarət komissiyası araşdırma apararaq bu faktı təsdiq edib. Lakin tibb mərkəzinin lisenziyasız fəaliyyət göstərməsinə rəğmən heç bir tədbir görülməyib və araşdırmanın nəticəsini Vergilər Nazirliyinə göndərməklə işini bitmiş sayıb.
Ultrasəs müayinə həkimi işləyən Məhsəti Mehdiyeva rayon xəstəxanasında işləyərkən 3 dəfə fasilələrlə nazirliyin təşkil etdiyi Sertifikasiya Komissiyasının imtahanından qeyri-kafi qiymət aldığına görə ultrasəs müayinə həkimi işləməsi mümkünsüz sayılıb və tutduğu vəzifədən azad olunub. 2013-cü ildən etibarən Rəxşəndə Şahbazova onu ultrasəs müayinə həkimi kimi işə götürüb və hazırda “Leyla” tibb mərkəzində işləyir.
Laboratoriya üzrə həkim laborantın, laborant işləyən tibb bacısının laboratoriyada işləmək hüququ yoxdur. Çünki onlar ixtisasartırma kursundan keçməyiblər və Səhiyyə Nazirliyinin sertifikatını almayıblar. Digər həkim və orta tibb işçilərinin də nazirliyin sertifikatları, ixtisas artırma diplomları yoxdur. “Leyla” tibb mərkəzində işlədilən tibbi aparatlar və avadanlıqlar Dövlət Standartlaşdırma və Metrologiya Komitəsinin yoxlamalarından keçməyib və onların işə yararlı olması haqqında şəhadətnamələri yoxdur. Vergilər Nazirliyi və 7 saylı Regional Vergilər Idarəsinin lisenziyasız, qanunsuz fəaliyyət göstərən tibb müəssisəsinin fəaliyyətinə göz yumması təəccüb doğurur".
Sosial şöbə
Redaksiyadan: Materialda bəhs edilən faktlarla bağlı bir neçə gün ərzində Səhiyyə Nazirliyilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Liya xanıma məsələylə bağlı məlumat versək də sonunda cavab almaq mümkün olmadı. Nazirliyin əməkdaşı Səfayə xanım öncə məktubdakı faktların doğru olmadığını desə də, bununla belə, məlumatın səhih və qeyri-səhihliyinin araşdırma nəticəsində bəlli olacağını söylədi. Hər halda, Səhiyyə Nazirliyinin və adıçəkilən klinikanın mövqeyini də dərc edə bilərik.


