Əliyev yenə “stavka”nı polisə etdi

Generalların mükafatlandırılması siyasi məqsədlərə xidmət edir

Avtoritar rejimlərə xas olan xüsusiyyətlərdən biri də  kütləvi mükafatlandırma ənənəsidir. Daha dəqiq desək rejimə sadiqlik nümayiş etdirən, bütün neqativlərə həqiqət donu geyindirən, yalana və talana haqq qazandıran adamlar həmişə önə çəkilir. Azərbaycanda bu “ənənə” ən yüksək şəkildə həyata keçirilir. Demək olar ki, YAP hakimiyyətinin bütün yan-yörəsi Şərəf və Şöhrət ordeni ilə təltif edilir.  vətəndaşa xoş güzəran bəxş etmək çətin olsa da, xüsusi adamlara orden, medal vermək asandır. Əsas odur ki, yalan maşınını hərəkətə gətirənlər həvəsdən düşməsinlər və bu təltiflər nəticəsində stimul əldə etsinlər.
Ötən gün isə Ilham Əliyev “Polis günü” münasibətilə yüksək rütbəli 41 polis əməkdaşına müxtəlif ordenlər verib.
Təbii ki, hər bir dövlət üçün polisin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir və bu peşə sahibləri ölkənin təhlükəsizliyinə, əsayişin təmin olunmasına zəmanətdilər. Yazıda məqsədimiz polis əməkdaşlarının təltif edilməsini qəribçiliyə salmaq deyil. Sadəcə olaraq hakimiyyətin bu addımının əsl səbəbini üzə çıxarmaqdır.
Əslində ötən gün polisin yaradılmasından 97 il keçirdi. Yəni, hər hansı yubiley günü də deyildi və polisləri təbrik etməklə kifayətlənmək olardı.
Əvvəla heç kimə sirr deyil ki, Azərbaycanda polis rejimi mövcuddur və hakimiyyət polisin sayını artırmaqla təhlükəsizliyini sığortalamaq istəyir. Bu həm də cəmiyyətdə qorxu mühitini və nəzarəti saxlamaqdır. Ona görə də hər tində polis görmək mümkündür. Hakimiyyət polisi bütün çirkin işlərdə istifadə edir. Elə bir təbliğat aparılıb ki, polis xalqa yox, hakimiyyətə xidmət etməli olduğunu düşünür.
Indiki şəraitdə 41 polkovnik və generalın təltif olunması da yaranmış situasiyadan doğub. Ölkədə gərgin vəziyyət var, sosial-iqtisadi vəziyyət pisləşib, dünya Azərbaycan hakimiyyətindən imtina edir və qarşıda parlament seçkiləri var. Yəni, bu təltiflər onu göstərir ki, Ilham Əliyev yenə də polisə “stavka” etdi. Yüksək çinli polis əməkdaşlarını həvəsləndirməklə növbəti mərhələ üçün müqəddimə hazırlanır. Dəfələrlə şahidi olmuşuq ki, polis yalançı şahidlik edir, seçki məntəqələrinə müdaxilə edib müxalifyönlü müşahidəçilərə təzyiq göstərir, saxta ittihamlarla vətəndaşı polis bölməsinə aparır və.s  Yəni, hakimiyyət müəllimi seçki saxtakarına çevirdiyi kimi, polisi də qanunsuz işlər görməyə vadar edir.
Təltif olunan polis əməkdaşları içərisində bizə tanış olanlar da var. Bu adamlar mitinqlərin yatırdılmasında, mitinq təşkilatçılarına təzyiqlər edilməsində, xüsusilə müxalifətin fəaliyyətinə əngəl törədilməsində birbaşa iştirak edirlər. Məsələn, icazəli mitinqdə plakatların cırılıması, adamların qəsdən meydana keçməsinə əngəl yaradılması polis vasitəsilə həyata keçirilir.
Yəni, hakimiyyət özünə xidmətə görə qiymətləndirdiyi adamları “vətənə xidmətə görə” ordeni ilə təltif edir.
Bir sözlə, hər dəfə təsdiqlənir ki, ölkədə polis hakimiyyəti mövcuddur və rejim polisin müqəddəs vəzifəsini öz çirkin planları ilə ləkələyir. Yəqin ki, qarşıdakı aktiv siyasi mərhələdə də hakimiyyət polisin arxasında addımlamaq və zorakılıq siyasətini davam etdirmək istəyəcək.