ASAN xidmət Rəhim Qazıyevin evinin özəlləşdirilməsini niyə çətinləşdirir?
Keçmiş müdafiə naziri Rəhim Qazıyev başına gələnlərlə bağlı “Azadlıq”ın redaksiyasına məktub ünvanlayıb. Rəhim Qazıyevin məktubunu olduğu kimi təqdim edirik: “Dəyərli həmvətənlərim, bu yazının başlanğıcı sizlərdə ilk baxışda elə bir təəssürat yarada bilər ki, sanki mən şəxsi problemlərimlə hörmətli oxucuları yormaq fikrindəyəm. Lakin bu əsla belə deyil.
Bildiyimiz kimi, cənab Ilham Əliyev şəxsi təşəbbüsü ilə vətəndaşları bürokratik əngəllərdən, korrupsiya bataqlığından xilas etmək məqsədilə ASAN xidmət adlı yeni bir qurum yaratdı. Təbii ki, bir çox sadəlövh vətəndaşlar kimi mən də bu addımı alqışladım. Sevincimə əsas səbəblərdən biri də otuz doqquz il müddətində yaşadığım doqquz mərtəbəli evin doqquzuncu mərtəbəsində koperativ mənzilimi özəlləşdirə bilmə imkanının yaranması idi. Çünki 2012-ci ildən bəri Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Bakı Ərazi Idarəsinə müraciət etsəm də yaşadığm mənzili özəlləşdirə bilməmişdim. Elə bu səbəbdən də bu ilin aprel ayının 28-də bütün sənədlərimi götürüb çox müasir üsulla tikilmiş Asan xidmətə yollandım. Xidmətin əməkdaşlarından bir xanım sənədlərimi diqqətlə yoxladıqdan sonra bəlli oldu ki, Dövlət Reystri Xidmətinin tələbilə topladığım bir qovluq sənədin yalnız üçdə ikisi lazım imiş. Əməliyyatçı xanımın göstərişi ilə iki ədəd müddəti keçmiş arayışı yenilədikdən sonra 30 aprel 2015-ci il tarixində evimi özəlləşdirmək üçün sənədləri Asan xidmətə təqdim etdim. Təbii ki, göstərilən rüsümü yerindəcə ödədim.
***
Özəlləşmə sənədinin 20 may tarixində hazır olacağını eşidincə sevincək halda evimə qayıtdım. Sən demə, mənim məşəqqətli günlərim bu tarixdən sonra başlayacaqmış. Mən sənəddə göstərilən vaxdda ASAN xidmətə gəldim. Amma bəlli oldu ki, sənədim hazır deyil, səbəb də məlum deyil. Bu məlumatı mənə ASAN xidmətin Seymur adlı çox nəzakətli bir şöbə müdiri verdi. O əlavə etdi ki, Reystr Xidmətindən məlumat veriblər ki, onlar şübhə etdikləri sənədi bir ay müddətində saxlayıb, əlavə yoxlamalar apara bilərlər. Mən də öz növbəmdə səbr göstərərək 41 gündən sonra yenidən ASAN xidmətə gəldim. Orada yenidən Samir bəylə görüşdüm. O təəccüb içində mənə bildirdi ki, işlədiyi müddət ərzində belə hadisə ilə rastlaşmayıb. O, həmçinin bildirdi ki, normal olaraq ya sənədlər vaxtında bizə hazır şəkildə göndərilir, ya da hansısa səbəbdən işin düzəlməməsi barədə rəsmi yazılı məlumat daxil olur. Reystr Xidmətinin Baki ərazi idarəsinin rəisi Qalib Xudaverdiyev ASAN xidmətin əməkdaşına deyib ki, Rəhim Qazıyev mənzilinin özəlləşdirilməsi haqqında sənədi ala bilməyəcək və bununla bağlı da ona heç bir yazılı izahat verilməyəcək, hara istəyir getsin.
Bəli, burası Azərbaycandır. Anoloqsuz ölkədir. Sən demə, xəbərimiz olmadan ölkəni Hindistandakı kimi kastalara bölüblər.
Hörmətli “Azadlıq” qəzeti, sizin vasitənizlə üzümü ASAN xidmətin yaradıcısı və memarı cənab Ilham Əliyevə tuturam. Cənab prezident, əgər bu baş verənlər mənimlə bağlı ilk qanunsuz, qərəzli davranış olsaydı heç üzümü sizə tutub cənabınızı narahat etməzdim. Qısa da olsa bu “anoloqsuz” ölkəmizdə rejimin xoşuna gəlməyən şəxslərin, o cümlədən mənim başıma gələn, normal insan təsəvvürünə sığmayan bəzi məqamları xatırlatmaq istərəm.
1. Mənim müəllimliyimi elmi adımı və digər vəzifələrdə işlədiyimi nəzərə almadan mənə heç vaxt işləməyən şəxsə verilən təqaüddən də az məbləğdə təqaüd verilməsi qərara alınıb.
2. Neftçala rayon Abbasalı kəndində kənd təsərrüfatı ilə məşğul olmaq istədim. Rayon polis əməkdaşları vəhşicəsinə, qeyri qanuni olaraq yaratdığım təsərrüfatı dağıtdılar.
3. Rusiya Federasiyası Perm Əyalətində yeni bir təsərrüfat yaratdım. Sifarişli emissarlar oranı da yandırdılar.
4. Cılızlığın və rəzalətin son həddinə enərək rəhmətlik Sabit Rəhmanın yüz illik yübileyi ilə əlaqədar Şəkidə onun ev muzeyinə gedən yol kənarı evlərin prezidentin oraya gəlişilə əlaqədar hamısının üzlüklərini təzələdilər. Rəhim Qaziyevin atasının, Yubilyarın evinin yüz metrliyində yerləşən mənzilinin fasad hissəsinin təzələnməsini qadağan etdilər.
Cənab Ilham Əliyev, keçirdiyiniz müşavirələrdə dəfələrlə Qorbaçovun atanızı işdən çıxardığını, sizi də müəllim işlədiyiniz Moskva Dövlət Beynəlxalq Əlaqələr Üniversitetindən xaric etdirdiyini qeyd etmisiz. Eyni zamanda ailənizi dolandırmaq məqsədilə əlacsız qalaraq Moskva-Ankara arası ticarətlə məşğul olduğunuzu ürək ağrısı ilə millətə bəyan edir, bu haqsızlığı lənətləyirdiniz.
Cənab prezident, Qorbaçov sizi işdən çıxarsa da, alver edib bizneslə məşğul olmağınıza əngəl törətməyib. Unutmayın ki, mən də ailə başçısıyam və qazanc gətirib ailəmi dolandırmağa borcluyam.
Çox acı təəssüf hissilə dərk edirəm ki, prezident olaraq əlinizdə qeyri məhdud siyasi, inzibatı və digər repressiv imkanlar var. Özünüzün və yaxın ətrafınızın şəxsiyyətindən, ləyaqətindən, qətiyyətindən, cəsarətindən asılı olmayaraq hər bir şəxsə fiziki, mənəvi, psixoloji təsir göstərmək imkanınız var. Sizə çox səmimiyyət və cəsarətlə bildirirəm ki, əyləşdiyiniz hakimiyyət kreslosunun qeyri məhdud imkanlarından istifadə edərək məni yalnız öldürə bilərsiniz. Mən də bu addıma tam hazıram. Kimsə uca Allahın bəndəsinə, o cümlədən də mənə nəsib etdiyi inamı, ləyaqəti əlimdən ala bilməz.
***
Cənab prezident, vətəndaşların rahatlığı naminə yaratdığınız Asan xidmətin fəaliyyətinə Qabil Xudaverdiyev kimi aşağı ranqli məmur kimsədən çəkinmədən meydan oxuyursa və bu da cavabsız qalırsa çox heyif. Burada iki hal mümkündür.
Birincisi odur ki, sizin xoşunuza gəlməyən “arzuolunmaz” şəxslər bilavasitə sizin göstərişinizlə əzilib, məhv edilir. Sizin rejimə müxalif olsam da heç bir vəchlə inana bilmirəm ki, utanc gətirən bu əməlləri sizin göstərişinizlə ediblər. Əgər bu belədirsə buna ad qoymaq çox çətindir. Ikincisi isə, özünüz dediyiniz kimi, artıq komandanızda qudurğan, harın oliqarxlar var ki, sizə meydan oxuyurlar. Əgər belədirsə, Allah baş verəcək qaçılmaz fəlakətdən xalqımızı qorusun.
Cənab prezident, yazdığım hər cümlənin fikrin məsuliyyətini dərk edirəm. Vətəndaş olaraq şəxsiyyətimə qarşı qudurğan, qanunu tanımayan məmurların tərəfinizdən ali qanunların dililə ciddi cəzalandıracağına çox çətinliklə olsa da özümü inandırmağa çalışıram. Bu fikiri də söyləməyə özümü tam haqlı hesab edirəm. Ona görə ki, Binəqədi rayonunda 15 nəfərin ölümülə baş verən faciədən dərhal sonra keçirdiyiniz müşavirədə xalqa verdiyiniz “günahkarlar cəzalandırılacaq” mesajının tamamilə unudulduğu göz önündədir".