Əgər lazımdırsa, azad sözün səngərində keşik çəkənləri tək qoymayın
Ötən gün məlum oldu ki, KIVDF 34 qəzetə 1243000 manat maliyyə yardımı ayırıb. Əsas gətirilib ki, bu qəzetlərin fəaliyyəti müsabiqənin şərtlərinə cavab verir. Yəqin ki, bu “şərt”lərin nədən ibarət olduğunu bilirsiz. Hökumətin yarıtmaz siyasətini tərifləmək, yalana və yaltaqlığa əl çalmaq, həqiqəti dilə gətirənləri ləkələmək bu “şərt”lərə daxildir. Daha dəqiq ifadə etsək hakimiyyət hər dəfə ram etdiyi, nəzarətində saxladığı qəzetləri maliyyələşdirir və bunun müqabilində “iş” tələb edir.
Qeyd edək ki, “Azadlıq” qəzeti 2 ilə yaxındır KIVDF-nin maliyyəsindən məhrum edilib. Sonuncu maliyyə yardımı zamanı isə “Azadlıq”ın 20000 manatı kəsilmişdi. Bəs, “Azadlıq”a əvvəl maliyyə yardımı edib, indi siyahıdan kənarda qoymada məqsəd nədir?
Belə bir deyim var: “Pulu kim verirsə, sifarişi də o verir”. Hakimiyyət elə zənn etdi ki, müəyyən məbləğ vəsait qarşılığında “Azadlıq”ı da öz tərəfinə çəkəcək və bu qəzet həqiqətləri yazmaqdan imtina edəcək. Amma “Azadlıq” qəzeti dövlətin vəsaitini alsa da prinsipial qəzetçilik mövqeyindən, xalqa xidmətdən imtina etmədi. Nəyə görə etməliydi? Bu pullar hakimiyyətin şəxsi malı deyil ki. Dövlətin vəsaitini qəbul etmək, dövlətə, müstəqil mətbuata, həqiqətə xidmət etmək anlamını verir. Amma “Azadlıq”ın prinsipial mövqeyi hakimiyyəti yenidən düşünməyə vadar etdi. Yəni, hakimiyyət bükə bilmədiyi qolu sıxmadı. Əksinə, bu qolu sındırmağa cəhd elədi. Beləliklə, “Azadlıq” qəzeti 2 ilə yaxın bir müddətdə KIVDF-nin layihələrindən kənarda qaldı, YAP-çı deputatın rəhbərlik etdiyi “Qasid” firması qəzetə olan 70000 manat borcu ödəməkdən imtina etdi, qondarma məhkəmə hökmləri ilə “Azadlıq” 100000 manat cərimə edildi və bu “müharibə” hələ də davam etməkdədir.
Yəni, bu millətə, bu dövlətə, həqiqətlərə xidmət etməyin mükafatı belə oldu. Indi “Azadlıq” qəzetinin kollektivi 5 aydır ki, maaş ala bilmir. Sözün həqiqi mənasında kollektiv təkcə jurnalist fədakarlığı deyil, vətəndaş fədakarlığı da edir. Bir an da olsun hakimiyyətdən ənam almaq üçün geri çəkilmədik, prinsiplərimizə yumşaqlıq qatmadıq, məsuliyyət daşıyan heç kimə güzəştə getmədik. “Azadlıq” bu ölkədə yeganə qəzetdir ki, hamını adı ilə çağıra bilir.
Ona görə də adı ləkələnmiş, tərcümeyi-halı qaralmış adamlar bizi susdurmaq istəyirlər. Bu gün qəzet həqiqətən də ağır günlər yaşayır. Qəzet çap xərclərini, kommunal xərcləri ödəyə bilmir.
Amma biz həmişə xalqa ümid bağlamışıq və bundan sonra da prinsipimiz dəyişməz qalacaq. Bizim həmişə ümid yerimiz, müraciət etdiyimiz ünvan xalq olub. Çünki, həmişə xalqın dərdlərindən, xalqı aldadanlardan, xalqı gözləyən bəlalardan yazmışıq. Qapımız həmişə sadə vətəndaşın üzünə açıq olub və heç kimi ümidsiz geri qaytarmamışıq.
Təbii ki, biz də prinsiplərə xəyanət etsəydik, tez-tez vətəndaşlara müraciət etmək məcburiyyətində qalmazdıq. Biz “Azadlıq”ın və azadlığın səngərində dayanmağa söz vermişik. Siz də səngərdə gecə-gündüz keşik çəkən azad sözün əsgərlərini köməksiz qoymayın.
Bir məsələ çox aydındır. Bu hakimiyyətə “Azadlıq” lazım deyil və azad sözün sonuncu qalasını fəth etmək istəyir. Amma bir məsələ də aydındır ki, bu ölkəyə “Azadlıq” lazımdır. Əks halda köləlik əbədi qismətə çevriləcək.
Biz bu səngərdə ölməyi də gözə almışıq. Amma bu xalqa ölmüş əsgər yox, keşik çəkən qəhrəman lazımdır. Özünüzə bir də sual verin: Sizə “Azadlıq” lazımdır?