Vidadi Mirkamal: «Hakimiyyətə qarşı bu qədər təzyiqlər varkən, üstəlik beynəlxalq təşkilatlar tərəfindən sərt qətnamələr qəbul olunubsa, hansı siyasi uğurdan söhbət gedə bilər?»
Ilk Avropa Oyunlarının başa çatmasına baxmayaraq bu idman tədbiri ətrafında siyasi müzakirələr davam etməkdədir. Azərbaycan hakimiyyəti bu tədbirin ölkənin beynəlxalq nüfuzuna xidmət etdiyini bildirir. Amma məlumdur ki, Avropa Oyunlarının keçirilməsində məqsəd hakimiyyətin şəxsi maraqlarına xidmət idi. Tədbirin adı Avropa Oyunları olsa da açılış mərasiminə Avropa liderləri qatılmadı.
Dünyanın mötəbər qurumları, nüfuzlu nəşrlər, tanınmış ekspertlər oyunlar zamanı Azərbaycanda insan haqlarının pozulduğunu bəyan etdilər. Artıq Avropa Oyunlarının bitməsinə baxmayaraq beynəlxalq aləmdən Azərbaycan hakimiyyətinə insan haqları ilə bağlı çağırışlar səngimir. Amma bu günlərdə “Yeni Müsavat”ın redaksiya məqaləsində belə bir fikir yer alıb ki, ölkə başçısı Ilham Əliyev Avropa və dünya mətbuatının nə yazmasından, Qərb liderlərinin nə düşünməsindən asılı olmayaraq Avropa Oyunlarından xeyli güclənmiş çıxdı. Müəllifin qeyd olunmadığı bu məqalədə ölkədə baş tutan tədbirdən sonra hakimiyyətin dünya miqyasında imicinin güclənməsina eyham vurulur.
Qəzet olaraq niyyətimiz “Yeni Müsavat”ın yazdıqlarını şərh etmək deyil. Sadəcə olaraq Avropa Oyunlarının Azərbaycan hakimiyyətinə beynəlxalq aləmdə qazandırdığı dividentin nədən ibarət olmasını araşdırmaq istədik.
Milli Şuranın Koordinasya Mərkəzinin üzvü, Ədliyyə generalı Vidadi Mirkamal deyir ki, Milli Şura Avropa Oyunları və bu kimi idman tədbirlərinin Azərbaycanda keçirilməsinin əleyhinə deyil. Amma əgər söhbət Avropa Oyunlarından gedirsə, Azərbaycan Avropa təsisatları qarşısında götürdüyü öhdəliklərə əməl etməyə borcludur: “Bu öhdəliklərdən başlıcası insan haqları ilə bağlıdır. Bu baxımdan təsadüfi deyil ki, Avropa Oyunları keçirən bir ölkəyə qarşı tələblər təkcə idman sahəsində deyil, eyni zamanda demokratiya məsələsində özünü göstərir. Azərbaycanda xeyli sayda siyasi məhbusların olduğu, müxalifətin və vətəndaş cəmiyyəti institutlarının təzyiqlərə məruz qaldığı bir zamanda Avropa qurumları təbii olaraq hakimiyyət qarşısında müəyyən bir tələblər irəli sürdü. Azərbaycan tərəfi isə oyunlar öncəsi bu tələblərin heç birinə əməl etmədi. Əvəzində isə hakimiyyət Almaniya kimi güclü dövlətin Bundestaqından zərbə aldı. Bundan əlavə, Avropa Şurası hakimiyyətin beynəlxalq çağırışlara müsbət cavab verməməsinin qarşılığında qətnamə qəbul etdi. Daha sonra, ABŞ Dövlət Departamenti Azərbaycana dair hesabatında ölkədə insan haqlarının pozulması və siyasi məhbsuların mövcudluğu əks olundu”.
Azərbaycan Avropa Oyunlarında idmançılarımızın medal sayına görə Rusiyadan sonra ikinci yeri tutmasını ölkənin idman sahəsində nailiyyəti, irəliləyişi adlandıran Vidadi Mirkamalin sözlərinə görə, bu oyunlardan hakimiyyətin siyasi mənada qalib çıxmasını bildirmək ən azından əbləhlikdir: “Çünki istər tədbir ərəfəsində, istərsə də hazırda Azərbaycan hakimiyyətinə qarşı bu qədər təzyiqlər varkən, üstəlik beynəlxalq təşkilatlar tərəfindən sərt qətnamələr qəbul olunubsa, hansı siyasi uğurdan söhbət gedə bilər?
“Yeni Müsavat”ın hansı fikirləri tirajlamasından asılı olmayaraq, xalq hər şeyi bilir. Artıq xalqı aldatmaq mümkün deyil. Şübhəsiz ki, sözügedən qəzetin yazdığı fikirlər hakimiyyətə yarınmağa xidmət edir".