Vahid Məhərrəmov: «Biz istehsalı o həddə qurmamışıq ki, ixracı artıra bilək»
Kənd təsərrüfatı naziri Heydər Əsədov “Rossiyskaya qazeta” nəşrinə müsahibə verərək Kənd Təsərrüfatı Nazirliyinin Rusiyanın Moskva, Sankt-Peterburq və digər regionlarında milli kənd təsərrüfatı mərkəzləri yaratmağı planlaşdırdığını bildirib. Nazirin sözlərinə görə, hökumət şimal qonşu ilə uzunmüddətli sazişə üstünlük verir.
H.Əsədov söyləyib ki, müvafiq dövlət strukturları ilə fəal əməkdaşlıq qurularaq Rusiya istehlakçılarına təzə və emal edilən meyvə-tərəvəz məhsulları, üzüm şərabları ilə yanaşı, heyvandarlıq məhsullarının geniş çeşidi də təklif olunacaq. Həmçinin, ilk növbədə, quş əti və yumurta tədarükünü genişləndirmək nəzərdə tutulub. H.Əsədov deyib ki, iqtisadiyyatın diversifikasiyası üzrə dövlət strategiyasının ən mühüm komponenti kimi xüsusilə aqrar məhsulların həcmi və çeşidini, xarici bazarlarda onun rəqabətə davamlılığını artırmaq hesabına qeyri-neft ixrac strukturunun optimallaşdırılması müəyyən edilib.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov söyləyir ki, kənd təsərrüfatı nazirinin funksiyası ölkə daxilində əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək və kənddə yaşayan əhalinin işlə təmin olunmasında düzgün siyasət müəyyənləşdirməkdir. Yəni nazirin başlıca funksiyası apardığı siyasət nəticəsində ölkənin ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək və əhalinin işlə təminatını həll etmək olmalıdır:
“Kənd təsərrüfatı naziri bu mənada müvafiq iş aparmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin ölkə xaricində milli kənd təsərrüfatı məhsulları bazarı yaratması ideyasının nəyə əsaslandığı bəlli deyil. Biz istehsalı o həddə qurmamışıq ki, ixracı artıra bilək. Rusiyaya 290 milyon dollar civarında meyvə-tərəvəz ixrac edirik. Bu bazarı hələ ki əlimizdən almayıblar və orada satışı həyata keçirə bilirik. Son zamanlar apardığımız araşdırmalar onu deməyə əsas verir ki, ölkəmiz bu bazardan ola bilsin ki, Dağıstan, Çeçenistan və Qafqaz regionu sahibkarlarına yer versin. Həmin bölgələrdə xüsusən Azərbaycanda istehsal olunan tərəvəzlərin istehsalına ciddi start verilib. Yaxın illərdə Rusiyaya da belə məhsulların ixracı mümkündür. Çünki orada daha müasir texnologiyadan istifadə olunur ki, bu da bölgədə məhsuldarlığı sıçrayışla artırmağa imkan verir”.
V.Məhərrəmov söyləyir ki, Rusiya bazarlarında alıcılıq qabiliyyəti əvvəlki kimi deyil. Orda da neftdən gələn gəlir azaldığı üçün alıcılıq qabiliyyəti aşağı düşüb. Belə olan halda, Rusiya bazarı sahibkarlar üçün əvvəlki kimi cəlbedici deyil. Istixana məhsulları orada əvvəlki kimi qiymətləndirilmir və sahibkarlar zərərə məruz qalır. Belə vəziyyətdə kənd təsərrüfatı nazirinin kənarda milli məhsul bazarı yaradılması barədəki açıqlaması sual yaradır.
Nigar