Mehman Əliyev: «Hakimiyyətin lobbiçilərinin əməllərinin beynəlxalq mətbuatda ifşa edilməsi təsadüfi deyil»
Azərbaycan hakimiyyətinin beynəlxalq arenada tənqid olunmasının fonunda daha bir maraqlı olay iqtidarın lobbiçilərinin ifşa olunmasıdır. Bu hal AŞ PA-nın son sessiyasında təkrarlanıb. AŞ PA-dakı səsvermədə Azərbaycan hakimiyyətinin mövqeyini müdafiə edən 13 depatatın bir neçəsinin iqtidarla əlaqələri meydana çıxıb. Məsələn, məlum olub ki, Azərbaycanın lehinə səs verən gürcü deputat, sən demə, 2014-cı ildə Bakı hava limanında saxlanılıb. Onun üzərində külli miqdarda pul olub.
Vahid Milli Hərəkat Partiyasının üzvü olan bu şəxs o zaman Bakı hava limanında deputatlar Irma Nadiraşvili və Zurab Caparidze gömrük bəyannaməsində göstərmədikləri valyutaya görə saxlanılıblar. “Bizdə olan yeganə məlumat budur. Deputatlar həbs olunmayıblar, onları sadəcə olaraq müvəqqəti müddətə saxlayıblar” – deyə Gürcüstanın səfiri bildirmişdi.
Bundan başqa, Maltalı deputat, Leyboristlər Partiyasının üzvü Coe Debono Qrex Azərbaycan hökumətindən hədiyyə almasını danır.
O, ötən həftə Avropa Şurası Parlament Assambleyasındakı çıxışının da yanlış anlaşıldığını bildirir. Deputat deyib ki, Azərbaycan demokratik ölkə deyil. Ancaq dərhal da söyləyib ki, Azərbaycanın coğrafi mövqeyini nəzərə alanda, durumu çox kövrəkdir və “Avropa Şurası, müxalifətin gözlədiyi kimi, hökuməti devirə bilməz”. Deputata müsahibəsində göstərdiyi mövqeyə görə Azərbaycan hakimiyyətindən “kürü” aldığı işarə edilib.
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, hakimiyyətin lobbiçilərinin əməllərinin beynəlxalq mətbuatda ifşa edilməsi təsadüfi deyil. M.Əliyevin sözlərinə görə, bu artıq Qərb tərəfindən lobbiçilərə verilən mesaj kimi dəyərləndirilməlidir: “Hakimiyyətin maliyyəsi hesabına beynəlxalq aləmdə onun təbliğatını aparanlar da hədəfə alınır. Onlara ifşa məqalələri ilə açıq şəkildə bildirilir ki, aparılan siyasətə qarşı çıxmaq olmaz. Bu, lobbiçilərə mesajdır ki, hazırkı vəziyyətdə onlar çox da canfəşanlıq etməsinlər”.
M.Əliyevin fikrincə, bu cür siyasi xəttin tutulması onu deməyə əsas verir ki, Azərbaycan hakimiyyəti ilə bağlı beynəlxalq müzakirələr bundan sonra da davam edəcək. “Azərbaycanda qarşıdan gələn parlament seçkiləri beynəlxalq aləmdə müzakirə predmetinə çevrilməkdədir. Bu isə Azərbaycanı qarşıda yeni müzakirələrin gözlədiyini deməyə əsas verir”, deyə M.Əliyev vurğuladı.
Xəyal