cemilhesenli

Cəmil Həsənli mətbuata qarşı repressiyalardan yazdı

Milli Şura sədri, professor Cəmil Həsənli hakimiyyətin mətbuata qarşı həyata keçirdiyi repressiyalardan yazıb:  

"Dostlar, hakimiyyət müstəqil məlumat mənbəyi olan media qurumlarını susdurmaq üçün bütün vasitələrə əl atır. Maliyyə sıxıntıları yaşayan “Azadlıq” qəzeti öz çapını dayandırmaq ərəfəsindədir. Bu sıxıntını yaradan isə bilavasitə hakmimiyyətdir. Hökumətin nəzarətində olan yayım şirkəti satdığı qəzetin pulunu vermir. Redaksiyanın nəşriyyata borcu artır, əməkdaşların əmək haqları ilə bağlı ciddi problemlər yaşanır. Ötən ilin sonlarında “Azadlıq” radiosu saxta ittihamlarla bağlandı, bağlandı deyəndəki radionun kirayə etdiyi ofis polis və prokurorluq orqanları tərəfindən tutuldu, redaksiyanın avadanlıqları istintaq üçün müsadirə edildi. Müvafiq orqanların “Azadlıq” radiosunun yayım lisenziyasının guya 2008-ci ilin yanvarında bitdiyi haqqında bəyanatları doğru çıxmadı. Teleradio şurasından verilən rəsmi sənədə görə bu lisenziya 2009-cu ilin yanvarına qədər qüvvədə olub və heç bir qanunsuz yayımdan söhbət gedə bilməz. “Azadlıq” radiosundan sonra növbə Meydan tv-yə çatdı. Hakimiyyətin təzyiqləri altında müstəqil onlayn televiziya kanalı özünün Bakı ofisini bağlamalı oldu. Lakin bununla da iş bitmədi. Ölkədən verdiyi obyektiv və tərəfsiz məlumatlar tərəfli hakim rejimi qəzəbləndirdi. Bu, xüsusilə Avropa oyunları günlərində kəskin xarakter alamağa başladı. Oyunlardan bir gün əvvəl baş vermiş məlum avtobus qəzasını gizlətməyə çalışanların niyyətlərini məhz Meydan. tv pozdu. Bir Cəbrayıl qaçqınını televiziyada Britaniyalı xarici turist kimi təqdim edib oyunlar haqqında Azərbaycan tamaşaçısına saxta rəy yeritmək oyunbazlığının mahiyyətini də Meydan.tv qoydu ortaya. Görünür bu operativ məlumatlardan rahatsız olan cənab İdman və Gənclər naziri Azad Rəhimov öz operativ qərargahı vasitəsi ilə Meydan.tv-nin rəhbəri Emin Millini uzaq Almaniyada dövlət adından hədələməkdən çəkinmədi. Onun adından Eminə göndərilən mesajda yazılır: ”Azərbaycan sənə nə pislik edib? Sən niyə dünyada Azərbaycan dövlətinə qarşı kampaniyanı təşkil etmisən. Azərbaycan dövləti harda olmağından asılı olmayaraq səni tapıb cəzalandıracaq. Bunun ardınca Almaniyada və ya başqa yerdə olmağının fərqi yoxdur". Milli bu təhdidin bilavasitə prezident Əliyevdən gəldiyi fikrindədir. Ölkə içində azadfikirliliyi boğan rejim indi mühacirlərlə haqq-hesab çəkməyə girişib. Bəzi mühacir azərbaycanlıları, xüsusilə əli qələm tutanları ram etmək üçün xarici ölkələrə muzdlu qatillərin göndərilməsi haqqında məlumatlar sızmaqdadır. Emin hədələndikdən bir neçə gün sonra “Meydan TV”nin 4 əməkdaşı (Natiq Cavadlı, Şirin Abbasov, Elnur Muxtarov və Aytən Ələkbərova) Tbilisiyə gedərkən sərhəddə saxlanılıb və onlara ölkədən çıxmalarına qadağa qoyulduğu deyilib. Əgər adamlar haqqında belə qadağalara qərar verilibsə, bu barədə ilk növbədə vətəndaş məlumatlanırılmalıdır, hansı günahın sahibi olduğu ona izah edilməlidir. Vətəndaş hərəkətinə qoyulan məhdudiyyəti Qırmızı körpüdə eşitməməlidir. Şübhəli şəxs və ya hansısa digər bir suçda rəsmən günahlandırılmayan vətəndaşın xaricə çıxışına qadağa qoymaq müvafiq hakimiyyət orqanları tərəfindən qanunun və konstitusiyanın birbaşa pozulmasıdır, vətəndaşın haqqına təcavüzüdür. Heç bir rəsmi Amma axı, cənab Rəhimov DİN, MTN, interpol və prokurorluq deyil, gənclər və idman naziridir. Kimisə xaricdə cəzalandırmaq onun səlahiyyətlərinə aid məsələ deyil. Media qurumunun, jurnalistin mənzuru vəzifəli şəxslərdən doğru-dürüst məlumat almaqdır. Halbuki, Birinci Avropa Oyunlarının xərcləri ilə bağlı bu beynəlxalq tədbirə məsul bir şəxs kimi İdman və Gənclər nazirinin mətbuat konfransında səsləndirdiyi rəqəm (bir milyard manatdan az) rəsmi rəqəmlərlə uzlaşmır. Son illərin büdcə ayırmalarında bilavasitə bu xərclər üçün 3,5 milyard vəsait ayrıldığı öz əksini tapıb. Mətbuatda səsləndirilən 8 milyard xərclər smetası isə bilavasitə Birinci Avropa oyunlarına hazırlıq üzrə işçi qrupunun xaricdən olan üzvü tərəfindən açıqlanıb və hakimiyyət rəsmiləri tərəfindən inandırıcı formada təkzib edilməyib. Oyunların açılışı və bağlanışına sərf edilən vəsaitin həcminə görə dünya rekordu vurmağın, bir neçə dəqiqəlik çıxışa görə Lady Gagaya (Stefani Joanne Angelina Germanotta) 2 milyon dollar, bağlanışda ayrı bir Gagaya da təxminən bu qədər ödəməyin bircə adı var, İSRAFÇILIQ. Axı hakimiyyətin özünü reklam xətrinə göyə səpdiyi bu vəsaitin hər manatına, hər dollarına Azərbaycan xalqının ehtiyacı var və bu hakimiyyət 20 ilə yaxındır ki, 13 500 Qarabağ qazısının qanuni sosial sığorta haqqını verməmək üçün min bir oyundan çıxır. Nəhayət ki, vergi ödəyiciləri onların vəsaitlərinin hara və necə xərcləndiyinin hesabını sormaq haqqına malikdirlər. Azərbaycanın qazandığı 56 medalın 23-ü legionerlərə məxsusdur. Neft gəlirləri və vergi ödəyicilərin pulları hesabına legioner alıb medal qazanmaq hələ idmanın inkişafı demək deyildir. Legioner idmançıların alınmasına çəkilən astronomik xərclər hesabına ölkədə idmanın gerçək inkişafına nail olmaq olardı. Gəncədən yeganə nümunə istisna olmaqla böyük xərclər hesabına başdan başa olimpiya stadionları tikilmiş regionlar Bakı oyunlarında hansı nəticələri ortaya qoydular? Qoya da bilməzdilər. Çünki bizə yerlərdən başlayıb kütləviləşən gerçək idman yox, parıltılı medal lazımdır. Cənab Rəhimov Almaniyada Emin Milli təhdid etməkdənsə, Azərbaycan idmanını ayrı-ayrı nazirlərin, vəzifəli şəxslərin patronajlığından azad etmək barədə düşünməlidir. İdman növlərini ayrı-ayrı nazirlərə təhkim etmək, idmanın korrupsiyalaşmaq təhlükəsini doğurur, onun kriminallaşma meylini artırır. İndi idmançıya qanuni yolla normal zəhmət haqqı verməyə nə mane olur? Amma təəssüf ki, yolun düzünü qoyub əyrisi ilə getmək bu ölkədə həyat tərzinə çevrilib".