Niyə həmişə xalqın düşməni hakimiyyətin dostu olur?
Bir neçə gün öncə Rusiyanın keçmiş baş naziri və XIN rəhbəri olmuş Yevgeny Primakov 86 yaşında öldü. Xatırladaq ki, Primakov 1991-1996-cı illərdə Rusiyanın Xarici Kəşfiyyat Idarəsinə başçılıq edib. 1996-cı ildə xarici işlər naziri olub. O, XIN rəhbəri vəzifəsini öz karyerasında ən yüksək post adlandırıb. 1998-ci ilin avqustunda Primakov baş nazir olub və 1999-cu ilin may ayına kimi bu vəzifəni icra edib. Keçmiş Kommunist Partiyasının tanınmış simalarından olan Primakovu Azərbaycan ictimaiyyəti də yaxşı tanıyır. Bu adamla bağlı Azərbaycanda 2 xatirə var və hər ikisi də mənfi xatirədir.
Birincisi budur ki, 1990-cı ildə Bakıda baş vermiş yanvar hadisələri ərəfəsində Azərbaycana Kremlin nümayəndəsi kimi məhz Primakov gəlmişdi. O, Bakıya gələn SSRI partiya və dövlət xadimləri nümayəndə heyətinə rəhbərlik edib. Həmin dövrdə Bakı Kremlin işğalına məruz qalır və 100-lərlə insan həlak olur. Ümumiyyətlə, Azərbaycan torpaqlarının işğalında Primakovun adı xüsusi xətlə keçir.
Ikinci xatirə isə Heydər Əliyevin bu Azərbaycan düşməninə qarşı jesti ilə bağlıdır. Belə ki, 20 Yanvar faciəsinin günahkarları arasında Primakovun adı siyahıda öndədir. Amma Heydər Əliyev hakimiyyəti qəsb edəndən sonra bu adamın adını siyahıdan çıxardı və Moskvaya sədaqətini bir daha nümayiş etdirdi.
Ümumiyyətlə, Əliyevlər hakimiyyəti dövründə bütün siyasət şəxsi maraqlar üzərində qurulub. Rusiya hakimiyyəti Əliyev avtoritarizmini dəstəklədiyi üçün Xocalı soyqırımı, Qarabağın işğalı, 20 Yanvar faciəsi bu ölkəyə bağışlanıb. Yaxud Jirinovski kimi türk düşməni, Azərbyacan xalqını təhqir etmiş adam Ilham Əliyevi təbrik etdiyinə görə qəhrəmana çevrildi və ən dəyərli qonaq kimi qarşılandı. Diqqət etmisizsə dünyada heç bir nüfuzu olmayan mətbuat orqanı YAP hakimiyyətini mədh edəndə ən nüfuzlu nəşr kimi təqdim edilir. Amma dünyanın tanıdığı nəşrlər hakimiyyətin korrupsioner mahiyyətindən yazanda “ermənipərəst” kimi təqdim edilir. Hətta bu hakimiyyətə uzun illər xidmət etmiş şəxs hnasısa tənqidi fikir söyləyəndə “qara siyahı”ya salınır.
Yəni Azərbaycan hakimiyyətinin əbədi-əzəli siyasəti “məni tərifləyən başımın tacıdır” prinsipi ilə həyata keçirilib. Bu tərifləyən adam Azərbaycan insanının qatili olsa da, işğalçı olsa da fərq etməz. Əgər bu hakimiyyətin zərrə qədər milli təəssübkeşliyi, vətən, millət sevgisi olsaydı, bütün bu faciələri Rusiyaya bağışlamazdı. Primakovun adının 20 Yanvar günahkarları siyahısından çıxarılması da eyni siyasətin ifadəsi idi. Bütün ölkə bu insanı cinayətkar kimi tanıdığı halda, Heydər Əliyev onun məsum olduğuna qərar verdi.
Əliyevlərin daxili və xarici siyasəti məhz bu “prinsip”ə söykənir.
Samir


