Söylənməyəcək sözlər…

Hər şey nə çox dəyişmiş. Adamlar, qaydalar, sözlər, dəyərlər. Dəyişmək normal deyilmi, əslində? Normaldır, şübhəsiz. Amma baxır o dəyişim hansı düşüncə ilə, necə, hardan hara gedir. Baxır o, kimi necə, hansı istiqamətdə, hansı müstəvidə dəyişir. Həyatı, cəmiyyəti, insanlığı irəli aparan gözəl dəyişikliklərdir, əlbət. Ancaq bunu edəcəyimiz adına nə qədər xətalara, səhvlərə, yanlışlara yol verdiyimizin fərqindəmiyik? Çevrəmizdə baş verənlərin, dönən oyunların, qarışan rənglərin fərqindəmiyik? Qazanım deyincə, itirdiklərimizin necə? Çevrənizə azacıq nəzər salın. Yaşamınız boyunca bu qədər intriqa, qeybət, yalan, aldanış, saxtalıq, vəfasızlıq gördünüzmü? Bu qədər asanlıqla cild dəyişən, dönük çıxan, özünü yerdən-yerə vurub gözdən salan adamlar tanıdınızmı heç həyatınız boyunca? Yazılmamış ədəb və əxlaq qaydalarını çeynəmək, dedi-qodunu çay süfrələrinin vazkeçilməz “söhbətinə” çevirmək, dodaq-dodaq söz gəzdirmək vərdişlərinə nə yaman alışdırdıq özümüzü? Günümüzün işlək söz ehtiyatına nəzər salın bir ara. “Satqın” və “vətən xaini” ifadələrinin necə populyarlaşdığının fərqindəmisiniz? “Vətənpərvərlik” sözünün istehza, kinayə ilə qarşılandığının necə? Dəyişim bunamı deyirsiniz? Hara sürükləndiyimizin fərqindəmisiniz?
Sözübütöv adamlar vardı bir zamanlar. Ağzıbütöv də deyilərdi onlara. Sözünü and kimi tutan, onun heç bir halda ağız-ağız dolaşmasına izn verməyən adamlardı onlar. Əyilməzdilər, sınmazdılar, kəlbətin açmazdı ağızlarını. Bilirmisiniz, nə hekayələr yazılıb tarixə belə insanların sayəsində? Işğal illərində başından keçən bu hadisəni yazmış Istanbullu bir xanım xatirələrində. 1919-cu ildə Istanbul ingilislərin işğalı altında olduğu zamanlarda bir adam elçi düşür Ayişə adlı bu xanıma. Vəkil olduğunu deyirlər. Qısa tanışlıqdan sonra nişan gəlir və toy hazırlıqları başlanır. Amma çox keçmədən məhəllədə dedi-qodu yayılır. Ayişənin nişanlısı vəkil deyilmiş, işsiz-gücsüz biriymiş, üstəlik, məscid önlərindən tabut daşıyaraq çörək pulunu çıxarırmış. Adamı izləyib, işin doğru olduğunu öyrəndikdən sonra nişanı qaytarırlar. Aradan 5 il keçir. Evlənib bir uşaq sahibi olan qadın kiçik oğlu ilə Bəyoğlunda keçmiş nişanlısı ilə qarşılaşır. “Vaxtınız varsa sizi bir çaya dəvət etmək istəyirəm” deyir adam. Qadın etiraz etmir və adam onları qarşıdakı vəkil ofisinə dəvət edir. Içəri keçəndə “siz, həqiqətən, vəkilsinizmi” deyə soruşur qadın. “Bəli” deyir adam. “O zaman niyə məscid önlərindən tabut daşıyırdınız?” soruşur qadın. “Məni bağışlayın. Istanbul işğal altındaydı, hər tərəf ingilis hərbçiləri ilə dolu. Hər yeri didik-didik axtarırdılar. Biz də Anadoluya, milli qüvvələrə ancaq, cənazə daşımaq görüntüsü ilə tabutlarda silah qaçırırdıq. Bu, ölkə üçün həyati bir məsələ idi, sizə belə söyləyəməzdim …”
Hər şey nə çox dəyişmiş, deyilmi? Sözünün, vədinin, dəyər və prinsiplərinin nə ucuz satıcısı olmuş adamlar? Necə güvənsiz, üzlü, maskalı? Mənəvi qiyməti olan şeyləri xırdavat bazarına çıxarmadımı bu ucuz satıcılar? Söz gəzdirənlərin sayı söz tutanların sayını ona qatlayıb keçmədimi çoxdan? “Vətən”, “bayraq”, “millət” deyərkən? Bundan sonra çox zor olmayacaqmı ailələrdə bu sözlərin dəyərini anlatmaq? Məktəblərdə o sözlərin qiymətini uca tuta bilən nəsil yetişdirmək çətin olmayacaqmı? Bu gedişlə kim və  necə anladacaq ki, o nəsillərə böyük dəyərlərin bütün zamanlarda dəyişməz qaldığını?