Qorxu və yaxud, görən niyə susub Allah

Əziz və sayqıdəyər dost! Elə düşünürəm ki, günahı olmadan günahkar kimi görsənməkdən ağır heç nə yoxdu bu yer üzündə. … Heç kimə göndərmədiyim məktublar yazıram. Yazıb anlatmaq istəyirəm ki, siz azad olasız deyə nə cür əl çəkdim azadlığımdan.
… Heç kimin oxumayacağı məktublar yazıram. Mənə elə gəlir ki, ən çıxılmaz vəziyyətdə, bütün yolların bitib-tükəndiyi zamanda belə, 3 yol hamişə olub. Birincisi- təslim olmaq, ikincisi- intihar, üçüncü yol- qiyam! Intihar təslim olmaqla, qiyam arasındaki aralıq mahiyyət daşıyan ən asan yoldu. Təslim olmaqdan həya eləyən adamla, qiyam qaldırmaqdan qorxan adamın fərqi yoxdu.
 Bu – mənim heç kimə göndərmədiyim məktublardan biri 2-cə misra şeirdən ibarətdi:
     
Yatır ruhumda bir qiyam,
Haqqa inamdır hər qiyam.
Mən haqqa açılan qapıyam
Bir gəlib döyən olmadı.

Mənim başqalarından fərqli olaraq öz yolum oldu həmişə – özümün yaratdığım, içimdən başladığım öz yolum. Və ona görə yazdım ki, “Mən yolam, özümü gedirəm”. Ehtiyac, bu yola hərdən kölqə salsa da, bu kölgəyə sığınmadım heç vaxt. Torpağın bu gün üstündə gəzdiyimiz, sabah üstümüzdə olacaq bir şey olduğunu anlayan və anladan adama qorxu hissi aşılamaq ağılsızlıqdı. Həbsxanasını yaşadığım, təqiblərini gördüyüm, ehtiyacının məni hər gün əzdiyi bir dünyada yaşayıram. Qoy olsun!
Məsumların, yaxşıların axmaq və abdal, hiyləgərlərin, nadanların ağıllı hesab edildiyi bir məmləkətdə yaşayırıq biz.  Ona görə də, təkbaşına bir adamam mən.

Görən niyə susub Allah

Düz 20 il bundan əvvəl yazmışdım ki, söz hər şeyin tabutudu. Və yazmışdim ki, Allah istisnadır. Sən demə elə deyilmiş.

Görən niyə susub Allah,
Yəqin təzə sözü yoxdu.
Min dörd yüz il keçib getdi,
Təzə kitab, yazı yoxdu.

“Məni tanı” deyə-deyə,
Hökm eyləyir yerə-göyə,
Bəndəsinə görünməyə
Nədən, niyə üzü yoxdu?

Vədə verib, sabah deyir,
Savab deyir, günah deyir,
Cümlə-aləm “Allah” deyir
Hanı? İzi-tozu yoxdu.

Haqq yerini bulsun deyə,
Dönmür İsa, dönmür niyə?
Çünkü yerin yüyürməyə
Bir əməlli düzü yoxdu.

Bəslər bayquş bir tənhalıq,-
İçimdəki xarabalıq…
Tənhalıq da dilsiz balıq,
Tənhalığın sözü yoxdu.

Nələr bilir, nələr, nələr,
O söz taxtı minarələr.
Bir də bilir divanələr—
Söz olanın özü yoxdu.

QORXU

Allahım, bu nə qorxudu,
Dağ dağdı, çəndə gizlənib.
Hamı çəkilib özünə,
Hərkəs içində gizlənib.

Hər günümüz ahdı belə,
Ahımız günahdı belə…
Bu nə cür Allahdı belə,
Görünmür, dində gizlənib.

Kölgə içindədi, kölgə,
Bu millət, məmləkət, ölkə…
Biz niyə bilmədik, bəlkə,
Haqq məndə, səndə gizlənib.

Içdiyim anda boğuldum,
Bir qaşıq qanda boğuldum.
Boğulub, bir də doğuldum,
Qiyam var – məndə gizlənib.

Susun, qorxaqlar, susun,
Can qorxusu var, var, susun,
Bu nə millətdi, qorxusu
Qorxu içində gizlənib

Allahım, bu nə qorxudu,
Dağ dağdı, çəndə gizlənib?
Hamı çəkilib özünə,
Hərkəs içində gizlənib.
 Içimdəki bir külək
Yoxam, mən burda yoxam,-
Özüm deyiləm yəni.
Içimdəki bir külək,
Alıb aparıb məni.
 
Mən hardayam, görəsən
Səsim özümə çatmır.
Dualarım tanrıya,
Gücüm sözümə çatmır.
 
Göz dağıdı pəncərəm,
Qapı deyil qapım da.
Kimim var ki, itirim,
Nəyim var ki, tapım da.
 
Çox yorğunam, ilahi,
Məndən bezib bu can da.
Dadı qaçıb şirindi,
Çəkdiyim acının da.
 
Daha məni ovutmur,
Din, iman və sairə.
Kim qapısın açar ki,
Bir allahsız şairə.
 
Yoxam, mən burda yoxam,-
Özüm deyiləm yəni.
Içimdəki bir külək,
Alıb aparıb məni.

Xarabalıq

Bəxt nəymiş? Bəlkə də, bulanıq suda,
Qarmaqsız tulovda bir qızıl balıq.
Məni yaman çəkir ömrün sonunda
Xatirə muzeyi bu xarabalıq.

Başın sağ olsun, Bakı

Mən indi bilmişəm, sən—
Qiyamsan ruhumdakı.
Bina-bina yanırsan,
Başın sağ olsun, Bakı!

Azıymış dərdin-sərin,
Bu yaran daha dərin…
Qoy əsən küləklərin
Saçını yolsun, Bakı.

O ölən qızcığazın,
Qəbrini dərin qazın.
Məni də şəhid yazın,
Qoy rahat olsun Bakı.

Yıxılar səki-səki,
Içimə içimdəki….
Kim desə gözümdəki
Yaşın sağ olsun, Bakı.

Görən kimsə andımı,
Baş daşına yondumu?
Yonub, ora qondumu?
Daşın sağ olsun, Bakı.

Mən indi bilmişəm,sən-
Qiyamsan ruhumdakı.
Bina-bina yanırsan,
Başın sağ olsun, Bakı.

Dağlar duman olmadan

Dön, hardasan, dön qayıt,
Ümid – güman olmadan.
Al məni də, dur, gedək,
Dağlar duman olmadan.

Al məni də dur gedək,
Bir kimsə bilməyəcək.
Dur, məni bitirəcək,
Bu bədən, can olmadan.

Xirqəsiz bir dərvişəm,
Külümə bürünmüşəm.
Halıma bax, ölmüşəm,
Təkkəm viran olmadan.

Beşin yarısı – gecə…
Sənsiz  gecə – bilməcə.
Qayıt, xəlvət, gizlicə,
Ömür, bir an olmadan.

Bəzənib, dua ilə,
Allah belə, din belə.
Niyə  gecikdin belə,
Gəl, ölmüşəm ölmədən.

Dön, hardasan, dön qayıt,
Ümid – güman olmadan.
Al məni də, dur, gedək,
Dağlar duman olmadan.
Halım  məmləkətin  halı

Şahinə

Halım məmləkətin halı…

Halım məmləkətin halı, Şahin
Mən sadəlövh,
     adamlar fəndgir,
Ayrılıqlar füsunkar,
     kədər usta;
Halım məmləkətin halı, Şahin
Ruhumun üstünə qar yağır
Ruhumun paytaxtı Bakıda
     Avqustda
Mən – tənhalığın, yalqızlığın
     balası,
Sən nağılların qosqoca devi.
Sən – tövbə adamı…
Mən – Şuşada minarəsi dağılmış
Sahibsiz – Allah evi…
Göy üzü ulduzların,
Yer üzü də sənindi.
Mənə yer yox buralarda,
     baş götürüb gedəm gərək,
Gedəm, hər şey gedənindi.
Halım məmləkətin halı, Şahin
Sahibsiz Allah eviyəm,
Bu gün-sabah uçar bu ev.
Düşdü başım ayağıma
Görmədin ki, qos-qoca dev.
Ölüm alnımda bir yazı,
Bu yazıya nə dedim, nə,
Yazıq, çox yazıq;
Sevinə bilmədin
     Sən ölümün ölümünə
Halım məmləkətin halı, Şahin
Sən qos-qoca dev,
Mən nağılların
qırxıncı qapısında
qırx yaşda.

Sən hər şeylə barışdın,
     Mən hələ də savaşda.
Halım məmləkətin halı, Şahin
Bir şair yarasına
Duz basıb açar səhəri.
Ruhumun paytaxtı Bakı-
Xəlbirdə devlər şəhəri.
Bu nə könül, bu nə sevda?!
Nə pıçıltı, nə ah bilir.
Səndən haqqa gedən yolun
Yolu yoxdu, Allah bilir.

Halım məmləkətin halı, Şahin
Mən – Tanrıya mələklərindən də yaxın
bir adam.
Məmləkətim Turan tək ölürəm,
yavaş-yavaş, asta-asta.
Ruhumun üstünə qar yağır
Ruhumun paytaxtı Bakıda,
     Avqustda.

Alıb başımı getsəm
(Buduq xalqının gözəl oğlu Əbülfət bəy əfəndiyə)

Mən mütləq çıxıb getməliyəm.
Ancaq kimə, hara.
Durduğum yer, çıxıb getmək
istədiyim yerdi, bəlkə də.

Yoruldum, bitdim, daha,
Bitdim mən dəli sərsəm.
Buralar bir yer deyil,
Alıb başımı getsəm…

Getsəm, bəlkə də bir
vaxt,
Ruhum əfv elər məni,
Bir kənd məzarlığına
Alıb gömsələr məni.

Nə yerdi bura, Tanrım,
Hər tərəf qan qoxuyur.
Çiçəklər yalan açır,
Quşlar da yalan oxuyur.

Yalan qoxuyur torpaq,
Yalan qoxuyur su, hava,
Bazar yeridi, hər şey
Bədavadı, bədava.

Bu da Xəzər can verir,
Ölüb bitib rəngi yox.
Al şərab rəngindədi
O mavidən daha çox.

Dərdə bax, burda canım,
Şüşədə divin canı.
Bu nə yerdi, gözəldi,
Olandan, olmayanı.

Nə yerdi bura, Allah,
Allahların sayı yox.
Ayaq basmağa yeri,
Əl açmağa göyü yox.

Yoruldum, bitdim, daha,
Bitdim mən dəli sərsəm.
Buralar bir yer deyil,
Alıb başımı getsəm…

Rüstəm Behrudi