Hakimiyyətin “müstəqil siyasət” fiaskosu

Yaxud Avropa Azərbaycana niyə paxıllıq etməlidir?

Son dövrlər baş verənlər göstərdi ki, Azərbaycan hakimiyyəti dünya ilə bağları qoparıb. Daha dəqiq desək, 22 illik xarici siyasətin nəticəsi sıfıra layiq görüldü. YAP hakimiyyətinin anti-demokratik siyasəti Azərbaycanı mütərəqqi dünya ilə üz-üzə qoydu. Halbuki bu hakimiyyətdən tələb olunan sadəcə insan haqları və demokratiyadır. Hakimiyyət isə öz vətəndaşını  sərbəst şəkildə qula çevirmək, represiyaları davam etdirmək, ölkə sərvətlərini oğurlamaq naminə, bütün bəşəri dəyərlərdən imtina etdi.
Indi hakimiyyət təmsilçilərinin bütün arqumentləri əridiyi üçün “bizim müstəqil siyasətimizi və inkişafımızı gözləri götürmür” arqumentindən sallaşıblar. Bu dəfə eyni fikirləri prezidentin ictimai-siyasi məsələlər üzrə kömkəçisi Əli Həsənov təkrarlayıb: “Qəbul edə bilmirlər ki, niyə prezident Ilham Əliyevin reytinqi yüksəkdir, Azərbaycan inkişaf edir. Ona görə də mediamız bu cür antiAzərbaycan fəaliyyətlərini ifşa etməlidir. Biz milli mediamızın 140 illik tədbirlərini keçirərkən müasir dünyanın tendensiyalarını da diqqətdən qaçırmamalıyıq. Bəzi böyük güclər dünyanı, o cümlədən Azərbaycanı da idarə etmək istəyirlər. Azərbaycanın maraqları var və bu maraqları reallaşdırmaq üçün kimlərinsə hansısa planlarına yox deməliyik. Böyük dövlətlərin əksəriyyəti Azərbaycanı idarə etmək istəyir, prezident Ilham Əliyevin müstəqil siyasəti onların çoxuna sərf etmir”- deyə Əli Həsənov bildirib.
Görəsən, bu hansı müstəqil siyasət və inkişafdır ki, dünyanı narahat edir?
Əgər Qərb dünyası Azərbaycan hakimiyyətindən torpaq, pul, milli dəyərlərdən imtina etməsini, dövlət dilinin ingilis dili olmasını, islamı deyil, xristianlığı seçməsini, Qarabağı könüllü Ermənistana verməsini tələb etsəydi, hakimiyyətlə razılaşmaq olardı. Amma siyasi məhbusların azadlığını, şəffaf seçki keçirilməsini, söz azadlığının təmin olunması tələbi müstəqilliyi niyə təhdid etməlidir?
Əksinə, bu sadalananlar dövlətin imicinin yüksəlməsinə, milli kimliyinin önə çıxmasına və inkişafına xidmət edir. Deməli, söhbət dövlətin müstəqilliyindən yox, hakimiyyətin müstəqilliyindən gedir. Ölkədə şəffaf mühit yaranarsa, demokratik islahatlar həyata keçirilərsə, hakimiyyət milyardları oğurlaya, fərqli fikri boğa, bütün sahələri inhisarda saxlaya bilməz və s.
Digər tərəfdən, Ilham Əliyevin müstəqil siyasəti ortaya hansı inkişafı çıxarıb ki, dünyanın gözü götürmür?
Bəlkə təhsil, səhiyyə, hüquq sahəsindəki “uğurlarımızı” gözləri götürmür? Bəlkə Azərbaycan dünyaya yeni texnologiyalar təqdim edib, bizim xəbərimiz yoxdur? Iqtisadiyyatı neftdən asılı olan bir ölkəyə kim həsəd aparar?
Hansı sahənin inkişafıdır Almaniyanı, ABŞ-ı, Britaniyanı heyrətə salıb? Bu ölkələrin ÜDM-i trilyonlarla ölçülür, bu ölkələrin istehsal etdiyi hansısa telefon markasının illik dövriyyəsi Azərbaycanın büdcəsindən 5 dəfə çoxdur.  Hakimiyyətin zirvəsində oturanlar müalicə almaq üçün, övladlarına təhsil vermək üçün bu ölkələri seçirlər.
Yəqin dünya AzTV-dəki inkişafı, savadsız tələbənin diplom ala bilməsi texnologiyasını, seçki nəticələrinin 100 faiz dəyişdirilmə ənənəsini, saxta sürücülük vəsiqəsi almağın, təyinatla deputat seçilməyin, müxalifətçilərin cibinə narkotik atmağın yollarını hələ bilmədiyi üçün Azərbaycana paxıllıq edir.
Əslində isə Azərbaycan xalqı bütün dünyaya paxıllıq edir. Çünki, heç bir sərvəti olmayan ölkələr vətəndaşa yüksək həyat təminatı verir. Sərvətlərlə zəngin Azərbaycanda isə vətəndaş kredit faizlərinin girovuna çevrilib.
Bu ölkədə inkişaf yalnız hakimiyyəti zəbt edənlərin həyatında hiss olunur. Unutmayaq ki, 10 minlərlə Azərbaycan vətəndaşı Həmin Almaniyaya, ABŞ-a, Fransaya, Ingiltərəyə mühacir kimi pənah aparır. Bu ölkədə hər bir vətəndaş Avropa istehsalı olan telefon, televizor, avtomobil, geyim istifadəçisidir. Azərbaycanın hansı məhsulunu dünya miqyasına çıxartmısız?
Ona görə də ayıbınıza kor olun. “Müstəqil siyasət”, “analoqsuz inkişaf” nağılları ilə ürəkləri bulandırmayın.

Akif