Ermənistandakı nümayişçilər tələblərini açıqladılar

«Sarkisyanın bəyanatı bizi qane etmir, tələblərimizi sonadək yerinə yetirsinlər»

Yerli polis rəisinin xəbərdarlığına baxmayaraq, erməni fəallar dünən də paytaxt Irəvanda etirazları davam etdiriblər. “Talana son!” Təşəbbüs Qrupunun fəalı Artur Koçaryan  aksiyaçılar qarşısında bəyanatla çıxış edib. Koçaryan bildirib ki, artıq etirazın yeni mərhələsinə başlayırlar: “Etirazları daha geniş formatda davam etdirəcəyik. Ictimai müzakirə təşkil ediləcək. Hüquqşünaslardan və iqtisadçılardan ibarət qrup yaradılacaq. Paralel olaraq küçə və meydanlarda mübarizə aparacağıq. Sarkisyanın bəyanatı bizi qane etmir. Biz tələblərimizin sonadək yerinə yetirilməsini istəyirik”.
Koçaryan nümayişçilərin tələblərini də açıqlayıb: “Tələblərimiz belədir – Elektrik enerjisi tariflərinin bahalaşdırılması barədə iyunun 17-də qəbul edilmiş qanunsuz qərar ləğv edilsin! Ötənilki tariflərə yenidən baxılsın. Iyunun 23-də “Baqramyan” prospektindəki aksiyanı dağıdan, dinc nümayişçilərə güc tətbiq edən bütün polis əməkdaşları cəzalandırılsın! Həmçinin onlara bu göstərişi verənlər məsuliyyətə cəlb edilsin”.
Qeyd edək ki, prezident Serj Sarkisyan üç gün əvvəl Ermənistan Elektrik Şəbəkələri şirkətində auditin keçirilməsinə və proses başa çatana qədər elektrik enerci tariflərinin qaldırılması qərarının dondurulmasına qərar verib. Qərara əsasən bu müddət ərzində Elektrik Şəbəkələr şirkətinin itkilərini Ermənistan hökuməti ödəyəcək. Sarkisyanın bu bəyanatı etirazçıların ilk uğuru kimi qiymətləndirilsə də, “Talana yox!” Təşəbbüs Qrupu aksiyaların davam etdirilməsinə qərar verib. Mitinqçilər qiymət artımı barədə qərarın ləğvi televiziya ilə elan olunmayanadək meydanları tərk etməyəcəklərini bildiriblər.
Dünən etirazçıların bir hissəsi “Baqramyan” prospektini tərk edərək “Azadlıq” meydanına toplaşıb. Nümayişçilər bildiriblər ki, məkanın elə bir fərqi yoxdur. Əsas odur ki, insanlar haqlarını sonadək müdafiə etsinlər və mübarizə dayanmasın. “Talana son!” qrupunun üzvləri də bəyan ediblər ki, xalq harada olsa, onlar da ora yığışacaqlar: “Biz ünvanla bağlı çağırış etmirik. Əgər insanlar hesab edirsə ki, “Baqramyan”da qalmalıdılar, biz etiraz etəməyəcəyik. Harada olsalar, yanlarındayıq. Bizim qrupun üzvləri həm prospektdə olacaq, həm “Azadlıq” meydanında. Təşkilatçı xalqdır, biz də xalqın bir hissəsiyik”.
Bu arada, Gümrüdə də etirazlar davam edir. Dünən Gümrü sakinləri növbəti dəfə mərkəzi meydana toplaşaraq Irəvandakı mitinqçilərlə həmrəylik nümayiş etdiriblər. Fəallar bildiriblər ki, dünəndən oturaq aksiyalara son verirlər və bu gündən etibarən ictimai müzakirələrə başlayıb tələblərini irəli sürəcəklər.
Dünən aksiyaçılarla Irəvanın polis rəisinin müavini Valeriy Osipyan söhbət aparıb. Osipyan curnalistlərə açıqlamasında bildirib ki, aksiya dinc şəraitdə keçirilir və polis hər hansı tədbir görmək fikrində deyil. Rəis müavini hüquq-mühafizə orqanlarının nə vaxta qədər gözləmə mövqeyində olacağını açıqlamayıb: “Gözləyək görək, nə vaxt gedəcəklər”.

Gültəkin