TQDK-nın açıqlaması icra başçılarını bitirə bilər

Imtahanda ən aşağı nəticə göstərən rayonların rəhbərliyinin karyerası təhlükədə

Bir neçə gün əvvəl Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  (TQDK) 2, 6, 11, 16 iyun tarixlərində respublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
86 min 156 şagirdin iştirak etdiyi imtahanların nəticələri açıqlanarkən məlum olub ki, Sabirabad, Daşkəsən, Ağcəbədi rayonlarında təhsil sahəsində vəziyyət acınacaqlıdır. Bu rayonlar ən aşağı nəticə göstərib.
Nəticələri təhlil etdikdə aydın olur ki, bu il Sabirabad rayonunda orta məktəbi bitirənlərin 46,80 faizi Ana dilini, 50,59 faizi isə Riyaziyyat fənini bilmir və imtahanlardan “2" qiymət alıb.
Sabirabadda imtahan verənlərin müvafiq olaraq, 6,01 faizi və 6,40 faizi Ana dili və Riyaziyyat fənlərindən “5" qiyməti alıblar.
Daşkəsəndə isə 11-ci sinfi bitirən şagirdlərin 43,82 faizinin Ana dilini, 49 faizinin isə Riyaziyyat fənnini bilmədiyi aydın olub.
Daşkəsənin 11-ci sinif şagirdlərinin cəmi 4.78 faizi Ana dilini, 5,18 faizi isə Riyaziyyatı “əla” bilir.
Ağcabədi rayonunda isə 11-ci sinfi bitirənlərin 39 faizi Ana dili, 46,22 faizi isə Riyaziyyatdan “2" qiyməti alıblar.
Məlumatlara görə, bu nəticələr hakimiyyətdə də ciddi müzakirələrə səbəb olub. Bildirilir ki, müzakirələrdə adıçəkilən rayonların aşağı nəticə göstərdiyinə görə yerli rəhbərliyi hədəfə gətilirir. Bu baxımdan da Sabirabadın icra başçısı Nazim Ismayılov, Daşkəsənin icra başçısı Əhəd Abıyev və Ağcəbədinin icra başçısı Şahin Məmmədovun karyerasına təhlükə yaranıb. Bildirilir ki, TQDK-nın bu açıqlaması adıçəkilən icra başçılarını bitirə bilər.