Putinin erməni sevgisi Əliyevi niyə narahat etmir?
Hətta siyasi proseslərə qarışmayan, hakimiyyətin xarici siyasətini izləməyən adamlar da başa düşür ki, dünya ilə münasibətlərdə gərginlik var. Çünki, gecə-gündüz telekanalar Avropanı və ABŞ-ı açıq şəkildə hədəf seçir və bu ölkələri “ermənipərəst”likdə ittiham edir. Eyni zamanda etiraf etdilər ki, dünya bu hakimiyyəti boykot edir. Yəni, sadə vətəndaş da başa düşür ki, dünya ilə bağlar qırılıb. Bütün dünya hakimiyyəti insan haqlarına, demokratiyaya sayğıya dəvət etsə də hakimiyyətin yeganə arqumenti budur ki, Avropa və ABŞ Azərbaycana qarşı qərəzlidir.
Amma baş verənlər göstərir ki, əsl ermənipərəst və Azərbaycana xəyanət edənlər hakimiyyətin dostlarıdı. Məsələn, Almaniya Bundestaqında qəbul olunmuş qətnamədə Azərbaycanın ərazi bütövlüyü və Ermənistanın işğalçı olması tanınır. Bütün bunlara baxmayaraq isə hakimiyət Almaniyanı düşmən cildində təqdim edir.
Bugünlərdə baş verən bir hadisə isə hakimiyyətin nə qədər qeyri-səmimi, Qərbi hədəf seçənlərin isə saxtakar olduğunu üzə çıxardı. Belə ki, Rusiya Federasiyası hökuməti Ermənistan ordusunun müasir silahla təminatı üçün 200 milyon dollar məbləğində güzəştli kredit ayırdı. Bildirilir ki, Irəvanda keçirilən hökümətlərarası komissiyanın iclası zamanı bu məsələ geniş müzakirə olunub. Iclasda Ermənistan prezidenti Serj Sarkisyan və Rusiya Federasiyasının nəqliyyat naziri, komissiyanın həmsədri Maksim Sokolov iştirak ediblər.
“Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclası Ermənistana 200 milyon dollar kreditin ayrılmasına dair sazişlə yadda qalıb. Bu kreditÿerməni silahlı qüvvələrinin arsenalındakı müasir silahların və hərbi texnikanın assortimentini xeyli ölçüdə genişləndirəcək” – deyə Sərkisyanın mətbuat xidmətinin açıqlamasında bildirilir.
Bəli, dünyada “ermənipərəst” axtarışına çıxan, hətta ölkənin vicdanlı insanlarına “erməni” damğası vuran hakimiyyət, Rusiyanın erməni sevgisi qarşısında “ağ bayraq” qaldırıb. Onsuz da Rusiyanın Ermənistana nəfəs verməsi sirr deyildi. 20 yanvar faciəsinin, Xocalı soyqırımının və Qarabağın işğalının məhz Rusiyanın dirijorluğu ilə reallaşdığı faktdır. Amma hakimiyyət hər dəfə bu məlum tarixi unutdurmağa və Rusiyanı xilaskar kimi təqdim etməyə çalışır. Amma Rusiya hər dəfə uca səslə “ən böyük ermənipərəst mənəm” deyərək, Əliyev hakimiyətini pərt vəziyyətə salır.
Son baş verənlər isə o deməkdir ki, Rusiya Ermənistana şərait yaradır ki, işğal etdiyi ərazilərə nəzarət edə bilsin. Amma saxta vətənpərvərlərin və Ilham Əliyevin səsi çıxmır. Merkeli, Obamanı gündə 3 dəfə “xain” çıxardanlar, Putinin erməni sevgisi qarşısında muma dönüblər.
Bu isə onu göstərir ki, Azərbaycan hakimiyyəti üçün Qarabağ problemi mövcud deyil. Əks halda Rusiyaya sərt reaksiya verilərdi. Bu hakimiyyət üçün işğalçını dəstəkləyənlər yox, demokratiya istəyənlər təhlükəlidir.
Bir sözlə, Rusiyanın Ermənistana 200 milyonluq yardımı təsdiqlədi ki, Azərbaycan hakimiyyəti işğal faktından narahat deyil və Rusiyanın addımını alıqşlayır. Sadə vətəndaş da anlamalıdır ki, hakimiyyət bütün dövrlərdə ermənipərəstlərə xidmət edib.
Akif


