Mətləb Mütəllimlidən Mirmahmud Mirəlioğluna açıq məktub

"Sizin bu sözləriniz həqiqi müxalifətə arxadan vurulan zərbə deyilmi?"
 
 

Mirmahmud ağaya həmkar gileyi…

Mətləb Mütəllimli (Istiqlalçı millət vəkili)

 

Əzizim Mirmahmud bəy! “Moderator.az” saytında “Mirmahmud Mirəlioğludan qəribə etiraf” başlıqlı yazıya rast gəldim. Guya, müsahibəndə demisən ki, “bu iqtidarın qarşısında bizim müqavimətimiz sıfra bərabərdir”. Gözlərimə inanmadım, amma səndən də bu yazıya təkzib gəlmədi. Bununla da həmin sözlərin müəllifi olduğun bəlli oldu.
Uzun illər səni tanıyan bir insan kimi, hələ də inana bilmirəm ki, həmişə təmizliyi, savadı, mübarizliyilə seçilən və çoxlarının “Ağa” deyə müraciət etdiyi bir şəxs millətini zəlil gününə qoymuş bu iqtidarın qarşısında belə acizanə vəziyyətdədir. Hələ də başa düşə bilmirəm ki, adını “Azadlıq” bloku qoyub, guya müxalif partiyaları bir araya toplayan şəxs millətin olan-qalan ümidini də puç edir, inamını öldürür. Axı, sən məndən də yaxşı bilirsən ki, insanların inamını öldürmək onların özünü öldürməyə bərabərdir. Axı elə rəhbərlik etdiyin partiyada, Milli Şurada, Xalq Cəbhəsi Partiyasında, Müsavatda, digər partiyalarda, hüquq-müdafiə sahəsində yüzlərlə insan var ki, bu hakimiyyətin haqsızlıqlarını, ədalətsizliklərini, özbaşınalıqlarını, bir sözlə, qanunları ayaqları altına atıb tapdalamasını qəbul etmir, gücü daxilində mübarizəsini davam etdirir, haqsızlıqla barışmır. Məgər sizə məlum deyilmi ki, bu hakimiyyətin gücü ədalətdə deyil – dəyənəkdədi, zordadı, özbaşınalıqdadı…
Dünyanın hansı ölkəsində hakimiyyət ədalətsizliklə barışmayan onlarla say-seçmə oğul və qızlarını zindanlara doldurur? Dünyanın hansı ölkəsində hakimiyyət bir yetim “mersi”yə görə, bir yoluq “molodes” xatirinə 60 manat pensiya alan millətinin büdcəsini dağıdaraq Avropa Oyunlarına milyardlar xərcləyir?
Hələ bir, belə hakimiyyətlə guya, danışıqlara gedirsiz, ondan Allahın ümidinə qalmış xalqın xeyrinə müsbət nəsə gözləyirsiz…
Sizinlə dialoqda yox, görüşdə seçkilərlə bağlı danışıqlara hazır olmadıqlarını bəyan edən, əvəzində məzələnib ilk Avropa Oyunlarını müzakirə edən, “Azadlıq”, “Qarabağ” bloklarına daxil olan partiya rəhbərlərinin cibinə oyun biletləri dürtüb, avtobusa doldurub stadiona aparan iqtidar sizinlə necə səmimi, ədalətli ola bilər? Sizi necə layiqli rəqib hesab edə bilər? Bilmirəm, başa düşmürəm, inanclı insan kimi, Allah xatirinə, bəlkə mənə də izah edəsiniz…
Gecə-gündüz iqtidara dəsmal tutan Araz Əlizadənin qardaşı Zərdüşt Əlizadənin “Müxalifət Prezident Aparatından mandat dilənir” sözlərinə necə dözürsünüz, necə həzm edirsiniz?
Mənim tanıdığım Mirmahmud bəyin mandatdan ötrü ürəyi getmir; o, haqqı nahaqqa vermir; millətini səfalət içində boğan hakimiyyətlə bazarlığa getmir; qürurunu heç nəyə dəyişmir.
Mənim tanıdığım Mirmahmud bəy vaxtilə layiq olduğu mandatı götürməkdən imtina etməklə, ilkə imza atdı və bu yolla da hakimiyyətin seçki saxtakarlıqlarına kişiyana etirazını bildirdi. Bəlkə elə bilirsiniz ki, bu hakimiyyət sizin kimi təmiz, millətin qayğısına qalan şəxslərin seçilməsində maraqlıdır? Mən ölü, siz diri – uzun illər yalnız saxtakarlıq hesabına hakimiyyəti əlində saxlayan bu iqtidar yağlı vədlər verməsindən asılı olmayaraq, sizə heç vaxt mandat verməyəcək. Buÿhəmin hakimiyyətdir ki, 2010-cu ildə də çoxlarına gizli vədlər verdi, min hiylə ilə, beynəlxalq təşkilatların gözünə kül üfürmək xatirinə 16 siyasi partiyanı deputat seçkilərinə cəlb etdi, nəticəsi də göz qabağında…
Əzizim Mirmahmud bəy! Müsahibənizdə deyirsiniz ki, parlament seçkiləri haqqında indidən heç nə demək olmaz. Bu iqtidarın indiyə qədər keçirdiyi seçkilərin hansı normal olub ki, bundan sonra da normal olsun? Onlardan hansısa ədalətli addım gözləmək mümkündürmü? Qətiyyən yox və bir daha yox! Necə deyərlər, görünən kəndə nə bələdçi? Nağıllardakı divin canı şüşədə olduğu kimi, bu hakimiyyətin də canı saxtakarlıqdadır. Nə qədər ki, bu millətin mütləq əksəriyyəti yatır, hələ yuxudan oyanmayıb; nə qədər ki, ziyalısının bir hissəsi vicdanını qəpik-quruşa satıb seçkilərdə səs oğurluğu kimi cinayətdə iştirak edir; nə qədər ki, üzdə olan aydınlarının bir hissəsi satılıb və ya məqsədli didişmələrdə baş girələyir – bu hakimiyyət hələ kef çəkəcək, şəxsi mənafelərini qorumaq naminə ləyaqətini itirmiş, qarınlarının quluna çevrilmiş ziyalıcıqlardan maksimum yararlanacaq. Bu gün hakimiyyətdəkilər ölkəni ədalətlə idarə etdiyinə, xalqın həqiqi dəstəyinə arxalandığına görə güclü deyil, onların gücü xalqın ifrat passivliyində və bütün sahələrdə saxtakarlıqdadır, riyakarlıqdadır. Belə olan halda, sizin bu sözləriniz həqiqi müxalifətə arxadan vurulan zərbə deyilmi?
Mən bu sualı bir tikə çörəyə görə hakimiyyətə yaltaqlanan, xaricdə hakimiyyətin hesabına təhsil alan oğluna görə “konstruktiv müxalifət” olana ünvanlamıram. Görünür, vaxtilə onu yaxşı və haqlı olaraq əzişdiriblər. Mən bu sualı heç o adama da ünvanlamıram ki, tribunalardan “əsl” müxalifət adı ilə bar-bar bağırır, Cəmil Həsənli kimi ləyaqətli kişiləri aşağılayır, eyni zamanda, hakimiyyətə xidmət etmək müqabilində qardaşının tikdirdiyi çoxsaylı hündürmərtəbəli binalardan millətin başına tüpürür. Bu maskalanmış adamlar elə bilir ki, həmişə belə də davam edəcək, iqtidarla müxalifət arasında haça-paça dayanmaqla ləyaqətli insanları aldadacaqlar. Amma çox nahaq yerə. Bir gün millətin hesab günü gələcək və onda bu hakimiyyətin, eləcə də ona züy tutanların maskası yırtılacaq, hərə öz layiqli qiymətini alacaq.
Sən isə, çox hörmətli Mirmahmud ağa, seyid adamsan, təmiz insansan, bu gedilən yol sənin yolun deyil…