Əliyevə Sərkisyan nümunəsi

Ermənistan hakimiyyəti vətəndaşı aşağılamaq yolunu tutmadı

Son günlər bütün diqqətlər Ermənistana yönəlib. Erməni xalqı meydanlara axışır və mövcud hakimiyyətə etirazını bildirir. Təbii ki, Ermənistanda ciddi sosial-iqtisadi problemlər var və ölkə vətəndaşları real vəziyyətdən əziyyət çəkir. Ermənistandakı mövcud hakimiyyət isə heç bir uğurlu siyasət yürüdə bilmir və Rusiyadan tam asılı vəziyyətdədir. Yəni erməni xalqı haqlı olaraq separatçı rejimə etiraz edir və kommunal xərclərin artırılmasını qəbul etmir. Amma bir reallığı da qeyd etmək lazımdır ki, Ermənistan Azərbaycan kimi varlı ölkə deyil və heç bir sərvəti yoxdur.
Amma yazının əsas məğzi Ermənistan hakimiyyətinin xalqa münasibətinə işıq salmaqdır. Ümumi mənzərəni nəzərdən keçirəndə aydın olur ki, polis vətəndaşlarla sərt davranmır. Eyni zamanda Ermənistanın mərkəzində sərbəst şəkildə toplaşmağın, hətta gecə meydanda yatmağın mümkünlüyü də təsdiqləndi.
Əsas məsələ isə budur ki, Ermənistan prezidenti  aksiyaçıları “anti-milli ünsür”, “xarici dairələrin agenti”, “vətən xaini” adlandırmadı. Əksinə, əhaliyə çağırış etdi ki,  gəlin ümumi dil tapaq. Hətta Azərbaycan telekanalları, hökumət mətbuatı da baş verənləri “Sərkisyan etirazçılara yalvardı” kimi tirajladı. Yəni etiraf edildi ki, Ermənistan hakimiyyəti mitinq təşkilatçılarının cibinə narkotik atmağı deyil, dil tapmağı məqbul saydı. Indi işıq pullarının dondurulması, birgə auditin yaradılması məsələsi müzakirə olunur. Nəzərə alaq ki, Ermənistanda Azərbycandakı kimi talançılıq yoxdur. Yəni hakim ailənin ofşorlarda milyardları. Ölkədə bankları, şirkətləri yoxdur. Yaxud məmurlar öləni monapoliya etməyib. Acından ölən Ermənistan müəllimə, həkimə, təqaüdçüyə Azərbaycandan çox əmək haqqı verir. Amma bütün bunlara baxmayaraq ölkə insanı “Talana son” mitinqi keçirir.
Çox təəssüflər olsun ki, Ermənistan hakimiyyəti vətəndaşa hörmət, hüquqa sayğı məsələsində də Əliyev hakimiyyətini üstələyir. Üstəlik, bu mövqe Ermənistanı beynəlxalq arenada da önə çıxarır. Bəli, işğalçı ölkə demokratiya görüntüsü yaratmağı üstün tutur. Azərbaycan hakimiyyəti isə ölkə milyardlarını mənimsəyir, vicdanlı insanları həbsə atır, bütün sahələri öz əlində cəmləşdirir, üstəlik, haqqını tələb edənlərə də “ermənipərəst” damğası vurur.
Əslində, Ermənistanda baş verənlər həm Azərbaycan xalqına, həm də hakimiyyətə xeyli mesajlar vermiş oldu. Xalq ayaqda olanda, haqqını tələb edəndə hakimiyyət qanuna istinad etməyə məcbur olur. Əks halda isə Azərbaycandakı kimi qul vəziyyətinə salınır.
Məsləhət görərdik ki, YAP hakimiyyəti dünyada “ermənipərəst” axtarmaqdansa, düşmənin öz vətəndaşına verdiyi qiymətdən dərs çıxarsın. Bəli, hətta Sərkisyan da Ilham Əliyevə nümunə göstərə bildi. Aksiyaçılara “azərbaycanpərəst”, “azərbaycan dəyirmanına su tökənlər” deyilmədi.

Samir