Hakimiyyətin istinad etdiyi iki təşkilat – BMT və AŞ PA da iqtidardan üz döndərib
Gültəkin Hacıbəyli: «Ölkədə yaranmış vəziyyətin səbəbkarı beynəlxalq təşkilatlar deyil, Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətdir»
Azərbaycan hakimiyyəti bir qayda olaraq istinad etdiyi iki beynəlxalq təşkilatda da sərt tənqidə məruz qalıb. Söhbət Avropa Şurası və BMT-dən gedir. AŞ PA-nın son sessiyasında sərt qətnamə ilə üzləşən Azərbaycan hakimiyyəti bir neçə gün əvvəl daha bir zərbəni BMT-dən alıb.
Dünyada tanınmış təşkilatlardan olan Hüquq Müdafiəçilərinin Beynəlxalq Federasiyası Azərbaycanda insan haqlarının durumu, o cümlədən hökuməti tənqid edənlərə qarşı güclənən repressiyalar, hüquq müdafiəçiləri və jurnalistlərin həbsilə əlaqədar BMT-nin Insan Haqları Şurasına müraciət edib. Dünyanın müxtəlif ölkələrindən olan hüquq müdafiəçiləri hesab edir ki, yaxın vaxtlarda Azərbaycanda repressiyalar dayandırılmasa, saxta ittihamlarla həbs olunan şəxslər azadlığa buraxılmasa, BMT-nin Insan Haqları Şurasının sentyabrda keçiriləcək növbəti sessiyasında bu ölkə ilə bağlı xüsusi qətnamə qəbul olunmalıdır.
“BMT-nin Insan Haqları Şurasının 29-cu sessiyasında 25 dövlətdən olan qrup Irlandiyanın Azərbaycanda insan haqlarının durumu ilə bağlı şifahi bəyanatını dəstəklədi. Bəyanatda həmçinin Azərbaycan hökumətinə Intiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov, Xədicə Ismayıl, Rauf Mirqədirov, Leyla və Arif Yunusların azadlığa buraxılması üçün çağırış da öz əksini tapıb. Eyni zamanda, Azərbaycan hakimiyyətinin tənqidçi səsləri susdurmaq üçün sistemli şəkildə atdığı addımlar birmənalı şəkildə pislənilib.
Çoxtərəfli forumda Azərbaycana misli görünməmiş bu diqqət həmin ölkədə baş verənlərlə bağlı razılaşdırılmış birgə səylərin nəticəsidir.
Bir vaxtlar BMT-nin Təhlükəsizlik Şurasının üzvü olması ilə fəxr edən Azərbaycan hakimiyyəti bu təşkilatın qəbul etdiyi qərarların onlar üçün mühüm əhəmiyyəti olduğunu bəyan edir. O zaman BMT-nin Azərbaycana bu formada xəbərdarlığı da digər beynəlxalq istəklər kimi qulaqardına vurulmamalıdır.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Azərbaycan ətrafında formalaşmış beynəlxalq durum göz önündədir. Yaranmış situasiyanın səbəbkarının məhz Azərbaycan hakimiyyəti olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, ona görə Azərbaycan hakimiyyətinin beynəlxalq təşkilatları özünə qarşı ədalətsiz yanaşmada ittiham etməyə haqqı yoxdur: “Hər kəs bu fikir ilə razılaşar ki, son iki ildə Azərbaycanda geniş vüsət almış repressiyalar Avropa məkanında analoqu olmayan bir haldır. Bir ilin ərzində Azərbaycanın bütün tanınmış hüquq müdafiəçiləri həbs edildi, bəziləri isə ölkədən getmək məcburiyyətində qaldılar. QHT sektoru isə faktiki olaraq darmadağın edildi, vətəndaş təşəbbüsləri boğuldu, siyasi vəziyyət dözülməz hala çatdı. Bu gün Azərbaycanda olan siyasi məhbusların sayı ölkədəki vəziyyəti açıq şəkildə göstərir. Istər BMT-də, istər Avropa Şurasında, istərsə də Almaniya Bundestaqında keçirilən müzakirələr yalnız Azərbaycanda yaranmış vəziyyətlə bağlı fikirlərini bildiriblər. Yəni ölkədə yaranmış vəziyyətin səbəbkarı beynəlxalq təşkilatlar deyil, Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətdir. Vəziyyət kifayət qədər kritik və ciddidir. Amma yaranmış vəziyyətdən çıxış yolları var. Parlament seçkiləri bunun üçün bir fürsətdir”.
G.Hacıbəylinin fikrincə, elə addımlar var ki, mütləq parlament seçkilərindən öncə atılmalıdır. Ilk növbədə Azərbaycanda siyasi məhbus, insan haqları problemlərinin həllini vacib sayan G.Hacıbəyli vurğuladı ki, daha sonra QHT-lərin ölkədə fəaliyyəti üçün normal mühit yaradılmalıdır: “Eyni zamanda Azərbaycan hakimiyyəti Ermənistanda baş verən hadisələrdən nəticə çıxarmalıdır. Rusiyadan vassal asılılığında olan ölkədə belə insanlar ”Talana son" deyirlərsə, bu nəzərə alınmalıdır. Çünki, Ermənistanda siyasi durum Azərbaycandan qat-qat yumşaqdır. Ermənistanda siyasi azadlıqlar Azərbaycandan fərqli olaraq qorunur, bu ölkədə bizimki qədər siyasi məhbus yoxdur. Hətta belə bir şəraitdə insanlar talana, haqsızlığa qarşı etiraz edirsə, bu onu göstərir ki, heç bir xalq haqsızlığa qarşı susa bilməz. Vəziyyəti bu həddə çatdırmamaq üçün Azərbaycan siyasi hakimiyyəti seçki şansından yararlanmalıdır. Ilk növbədə siyasi məhbuslar azadlığa çıxmalıdır. Vətəndaş cəmiyyətinin fəallarının ölkəyə qayıdışına imkan yaradılmalıdır, QHT-lərin fəaliyyəti normallaşdırılmalıdır".
Xəyal


