Beynəlxalq media oyunların yekunu haqda nə yazır?

Avropa Oyunları bitdi. Beynəlxalq medianın oyunların yekunlarını, ölkədə insan haqlarının durumunu təhlil edən yazıları isə, yəqin, hələ bir müddət bitməyəcək.
 
«The Guardian» iyunun 29-da «Siyasi məhbuslardan media qadağalarınadək: Avropa Oyunları rəqəmlərdə» başlıqlı məqalə dərc edib. 
 
«Avropa Oyunları ta əvvəldən ziddiyyətlə doluydu, insan haqlarının pis durumda olduğu bir ölkənin beynəlxalq idman tədbirinə ev sahibliyinə dair suallar vardı. Oyunlar ərəfəsində prezident İlham Əliyev hökuməti narazı səslərə hücuma keçdi, jurnalistləri, fəalları həbsə atdırdı. «Human Rights Watch» bütün bunların postsovet erasında birinci dəfə baş verdiyini qeyd edirdi», – məqalədə oxuyuruq.
 
Yazıda bazar günkü bağlanış mərasimindən bir gün sonra Oyunların buraxdığı mirasa rəqəmlərlə nəzər salınır. 6.5 milyard funt-sterlinqə başa gəlmiş tədbirdə 50 ölkədən 6 min atlet iştirak edib; açılış mərasimində Lady Gaga-nın ifasına 2 milyon dollar ödənib. Ölkədə 100-dən çox siyasi məhbus var, «Amnesty International» onlardan azı 20-ni «vicdan məhbusu» kimi tanıyıb.
 
«Oyunlar qabağı #HelloBaku, #Baku2015, #EuropeanGames və #RealBaku haştaqları əsl döyüş səhnəsini xatırladırdı. Hökumətin təşkil etdiyi kampaniya iştirakçıları elə hey söhbəti idmana gətirməyə çalışırdı. «Topsy» sosial medianı izləmə saytına görə, oyunların ən populyar haştaqları #HelloBaku, #Baku2015 və #RealBaku olub».
 
 
​«OYUNLARIN GƏLƏCƏYİ QEYRİ-MÜƏYYƏNDİR»
 
«Reuters» agentliyinin əməkdaşı Tom Hayward yazır ki, bazar günü bitən Avropa Oyunları Bakının böyük idman tədbirinə ev sahibliyi etmək bacarığını ortaya qoydu. Ancaq bu qitə yarışmasının gələcəyi qaranlıq görünür. 
 
«Yarışmanın gücü, yüksək səviyyəli atletlərin olmaması bir çox tənqidçilərdə belə fikir yaradıb ki, zəngin idman təqvimində bu tədbirin gələcəyi böyük görünmür».
 
«Təkcə infrastrukturuna görə Bakının idman dünyasındakı yeri Avropa Oyunları ilə möhkəmləndi. Ancaq nə qədər ki, 2019-cu il Oyunlarının ev sahibi təsdiqlənməyib, bu tədbirin uzunmüddətli olub-olmayacağını hələ görəcəyik», – müəllif yazır.
 
«PR ÖZÜNÜ DOĞRULTDUMU?»
 
«Al-Jazeera» də Avropa Oyunlarından yazır: İdman, yoxsa PR?
 
«The Listening Post» verilişi bu oyunları insan haqları kontekstində müzakirə edib.
 
 
«Avropa Oyunları Olimpiya, yaxud FIFA çempionatı kimi işıqlandırılmasa da, Azərbaycan hökuməti üçün qürur mənbəyi olub. Prezident Əliyev oyunlara 1.2 milyard dollar xərcləyib və məqsədi Azərbaycanı dünyaya dinamik ölkə kimi göstərmək idi. Ancaq media ilə münasibətə gəldikdə, Əliyev hökumətinin göstəriciləri çox aşağıdır. Xarici jurnalistlərdən bəziləri ölkəyə buraxılmayıb. Ölkə jurnalistləri isə təqib olunur və qorxudulur».
 
Verilişdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, «Al Jazeera»nin müxbiri Robin Forestier, «Azadlıq» qəzetinin redaktor müavini Rahim Hacıyev və AzadlıqRadiosunun «Current Time» verilişinin redaktoru Kənan Əliyev «Bakı 2015», insan haqları, hökumət və media senzurasından danışıblar.
 
«Azərbaycanda media peşəkarlığın əsas prinsiplərindən imtina edib. Jurnalistlər hətta medianın əsas missiyasına –həqiqəti demək missiyasına da əməl etmirlər. Onların işi-gücü ölkədəki tədbirləri işıqlandırmaqdır,» Rahim Hacıyev deyib.